Hadisə
30.10.2018 / 12:20

Ziyanı kim ödəyəcək?- NƏYƏ GÖRƏ?

Ziyanı kim ödəyəcək?-
Dünən Yevlax rayonunda yük yerində müxtəlif markalı istifadə edilməmiş, Bakıya satış üçün gətirilən maşınlar olan yük avtomobili aşıb.

Nəticədə yük maşınında olan bahalı avtomobillər yararsız hala düşüb. İlkin məlumata görə, qəzanı törədən və avtomobillərin yararsız hala düşməsinə səbəb olan şəxs - Qırğız Respublikasının vətəndaşı, 1965-ci il təvəllüdlü sürücü Dima Aleksandr oğlu sərxoş olub.

Maraqlıdır, bu kimi hallarda zərəri kim ödəməlidir və proses hansı formada həyata keçirilir?

İnform.az-ın xəbərinə görə, məsələ ilə bağlı axar.az-a açıqlama verən yol-nəqliyyat eksperti Azər Allahverənov bildirib ki, bu cür xidmətlər, müxtəlif markalı yeni avtomobillərin yük maşını ilə daşınmasını həyata keçirən şirkətlərin sığortası olmalıdır:

“Bu işi görən şirkət olmaya da bilər. Ola bilər ki, fərdi şəxs yük avtomobilinin arxasında bir neçə avtomobil gətirir. Fərdi şəxs də avtomobilləri sığortalamalıdır. Sığortanın müxtəlif növləri var. Bu məsələdə icbari sığorta işə yaramır. Burada kasko sığortası mütləqdir.

İstənilən halda isə bu kimi sifarişləri verən tərəf mütləq şəkildə maraqlanmalıdır ki, avtomobil daşımanı həyata keçirən şəxsin, şirkətin sığortası var, ya yox. Sığortası yoxdursa, onlardan birdəfəlik imtina etmək lazımdır. Çünki belə qəzalarda uzun çəkən məhkəmə prosesləri olur.

Belə qəzalarda avtomobillərə zərər dəyməsi qaçılmazdır və bu hallarda avtomobillər deformasiyaya uğrayır. Bu, mülkü işlər sırasında olan prosesdir. Belə olduğu halda daha çox cərimə sanksiyaları tətbiq edilir və daha çox məhkəmə qərarı əsasında uzunmüddətli təzminat ödənməsi prosesi başlanır”.

A.Allahverənov bildirib ki, əgər araşdırma zamanı hadisənin sürücünün günahı ucbatından baş verdiyi məlum olarsa, təzminatın ödənməsində sürücünün üzərinə böyük məsuliyyət düşür:

“Sürücünün sərxoş olması, sürət həddini aşması və sair səbəbdən yük avtomobilində olan maşınlar deformasiyaya uğrayarsa, bu zaman təbii ki, sürücünün məsuliyyəti böyükdür.

Qəza zamanı 3-4 yeni avtomobil çox ciddi şəkildə xəsarət alıb, zərər görübsə, nəticə etibarilə o avtomobillərin təmiri ən az 10 min manata qədər vəsait tələb edir. Məlum məsələdir ki, sürücünün bu qədər məbləği birdəfəlik ödəməsi qeyri-mümkündür. Bu zaman məhkəmə yolu ilə sürücü ictimai işlərə cəlb edilir və məvacibindən müəyyən məbləğdə tutulmaqla təzminat ödənilməsi həyata keçirilir”.

Ekspertin sözlərinə görə, şirkət avtomobilləri əvvəldən kasko sığorta etdirdiyi halda bu kimi hallara ehtiyac qalmır:

“Həmçinin bəzən şirkət imici zədələnməsin deyə, bütün zərəri vaxtında və gecikmədən ödəyir”.

Ziyanı kim ödəyəcək?-



İnform.az

Baxış sayı: 49