Türk dünyası, Baş xəbər
29.10.2018 / 11:00

95 yaşın mübarək TÜRKİYƏ!

95 yaşın mübarək
Xalidə Xalid


Əti dırnaqdan, qardaşı-qardaşdan ayırmaq mümkün deyil!

Türklər dünyanın qədim, geniş dünyagörüşlü, qabiliyyətli və zəngin mədəniyyətli xalqlarından biridir.

Yer kürəsinin, təxminən 12 milyon kvadrat kilometr ərazisində yaşayan türklərin sayı 350 milyon nəfərdən artıqdır.

Ən çox Avrasiya məkanının geniş düzənliklərində, ecazkar dağlarında, bərəkətli çollərində və yaylalarında yaşayan türklər tarixə böyük şəxsiyyətlər, şair və yazıçılar, dövlət və elm xadimləri, sənəkarlar, alimlər, səyyah və coğrafiyaçılar bəxş edib.

Türk xalqları keşməkeşli, çarpışmalar və mübarizələrlə dolu tarixi bir inkişaf yolu keçmış və bəşər mədəniyyətinə, insanlıq tarixinə əvəzsiz töhvələr verib.

Səsi tarixin qədim qatlarından gələn, Avropa və Asiya xalqlarının taleyində mühüm rol oynayan türk xalqlarının tarix səhnəsindəki fəaliyyətini düzgün qiymətləndirməmək, onların tarixi xidmətlərini danmaq və buna kölgə salmaq səyləri az olmayıb. Hələ əsrin əvvllərində məşhur Türkiyə tarixçisi Bəsim Atalay əsassız söhbətlərə cavab olaraq yazırdı:

“Çingiz xan yalnız qılıncla iş görməmişdir.Öz məmləkəti üçün qanunlar yaradılması zərurətini bilən, qurultaya böyük əhəmiyyət verən bir hökmdar heç bir zaman biliksiz və qaba ola bilməzdi. İftiralara, böhtanlara, xoşagəlməz söz-söhbətlərə baxmayaraq hələ lap erkən dövrlərdən Türk xalqları bəşər mədəniyyətinin avanqardı rolunda çıxış etmiş, öz idrakı və yeniməzliyi ilə dünyanı heyrətdə buraxmışdır."

Yenə də Atalaya mürciət edək:

“Tarixdə türklər qədər hakim olmuş, xaqanlıqlar yaratmış, şanları şərəflər qazanmış bir xalq tapılmaz. Onlar nə qədər öyünsələr də yeri var”.

Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş Türk dünyası bəşər sivilizasiyasına yeni, misilsiz nümunələr vermək iqtidarındadır.

Bu gün öz suverenliyini əldə etmiş bir çox Türk Cümhuriyyətlərinin bir sırada olması Türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır.

İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış Türk xalqları yeni dünyanın amillərindən birinə çevrilməkdədir”- ulu öndər Heydər Əliyevin bu kəlamı yuxarıda qeyd etdiklərimizi bir daha təsdiq edir.

Türkiyə ilə Azərbaycan dostluğu sərhəd məftilləri, coğrafi yaxınlıq, iqtisadi mənfəət və bu kimi digər maddı təyinatlar üzərində qurulmayıb.

Bu münasibətlər əsas söz sahibi iki qardaş millətin əsrlərin yaddaşından süzülüb gələn genetik doğmalığı, ruhən birgəliyi, amal, əqidə, məfkurə qardaşlığıdır.

Tarix özü bu iki dövlətin sevinc və kədər payını tən bölüb.

Çanaqqala və Gilaboluda Azərbaycandan qardaş köməyinə getmiş iğid oğullarla Anadolu bahadırları yan-yana uyuyurlar.

Bakının ən uca nöqtəsində, Vətən uğrunda canını fəda etmiş şəhidlərlə yanaşı eyni torpaqda, ötən əsrin əvvəllərində Nuru Paşanın başçılığı altında Bakını erməni-bolşevik qırğınından xilas etməyə gəlmiş türk əsgərlərinin nəşi yatır.

Bu gün bəşər övladı çox çətin anlar yaşayır.

Türkiyə və Azərbaycan kimi dünyəvi görüşləri bölüşən müsəlman ölkəsinə isə lap çətindir. Niyə? Çünki biz Avropanın qocalmasına rəğmən həm iqtisadi, həm də demoqrafik baxımdan cavanlaşırıq, sürətlə inkişaf edirik.

Ona görə də Ermənistan kimi alət ölkədən bizlərə əngəl, badalaq kimi istifadə edirlər.

Mənfur erməni xislətinin acı oyunlarını öz taleyində yaşayan Azərbaycan xalqı bilməmiş deyil ki, bu namərd qonşular ötən yüzilliyin əvvəllərində bəzi xarici havadarları ilə birləşərək Türkiyəni xəritədən silmək üçün nə kimi məkrli əməllərə əl atıblar.

Hər il qondarma soyqırım iddiaları ilə dünyanın diqqətində olmağa çalışaraq, çörəyini yeyib, suyunu icdikləri Türkiyəyə torpaq iddilarından əl çəkmirlər.
Bunları unutmaq olarmı?!

Bəs Azərbaycanın başına gətirdiklər?

Evindən-eşiyindən uzaq düşmüş bir milyondan artıq qaçqın və köçkünün, on minlərlə oğulsuz qalmış anaların, atasını itirmiş uşaqların, ərsiz qalmış gəlinlərin hesabını kim soracaq ermənilərdən?
Dünyanı lərzəyə gətirən Xocalı qətliamı erməni cəlladlarının vicdanına yazılmadımı?

XX əsr boyunca hansı çətinliklərlə üzləşmişiksə Türkiyə hər zaman Azərbaycanın yanında olub.

1980-cü illərin əvvəllərindən bəri Türkiyə tək dövlətdir ki, bizimlə dostluqdan irəli, qardaşdan yaxındır.

Problemlerimizin həlli yönündə heç zaman köməyini əsirgəməyib. Türkiyə Azərbaycanın tək və təmənnasız müdafiəçisi olub.

Bu gün bu iki qardaşı bir-birinə düşmən etmək istəyən insanlar var. Və bu insanlar bir şeyi unudurlar: “ Nə qədər dünya var, nə qədər ki həyat davam edir bu milləti bir-birinə kimsə düşmən edə bilməz. Əti dırnaqdan, qardaşı-qardaşdan ayırmaq mümkün deyil.”

Bu gün düşmənin dəyirmanına su tökənləri görəndə Türk dünyasının böyük oğlu Musatafa Kamal Paşanın bu kəlamı yada düşür:”Bir məmləkətin xalqının düşmənlərdən ziyan görməsi acınacaqlıdır, fəqət yaxşı tanıdığı və çiyinlərində daşıdığı insanlardan vəfasızlıq, fəlakət görməsi daha acınacaqlıdır”.

Amma, tarix boyu bu milləti bir-birinə düşmən etmək istəyənlərin gözləri oyulub və bunladn sonra da oyulacaq. Nə Türkiyə, nə də Azərbaycan hec zaman bu birliyə xələl gəlməsinə yol verməyəcək.

Ustad şairimiz Bəxtiyar Vahabzadənin təbirincə desək:

Bir ananın iki oğlu,
Bir ağacın iki qolu,
O da ulu, bu da ulu,
Azərbaycan-Türkiyə!

Böyük türk alimi Mahmud Kaşqarlı özünün məşhur “Divani Lüğət-i Türk” əsərində türklər haqqında belə yazır:

“... Allah onlara ad verməyi öz üzərinə götürmüşdür. Onları Yer üzünün ən yüksək yerində, havası ən təmiz, suyu ən gözəl ölkələrdə yerləşdirmişdir. Onlara “öz ordum” demişdir. Bundan başqa, türklərdə bədən gözəlliyi, şirinlik, üz gözəlliyi, əda, böyüklərə sayğı, sözündə durma, sadəlik, qəhrəmanlıq, mərdlik kimi öyünməyə dəyən saysız fəzilətlər vermişdir”.
Belə fəzilətləri özündə birləşdirən bir milləti kimsə sındıra bilməz. Azərbaycan- Türkiyə, bir millət iki dövlət olaraq tarix boyu bundan sonra da bütün çətinliklərə birgə sinə gərəcək, onları məğlub etmək üçün uzanan əlləri biləklərindən kəsəcək.

“Türklər qazandıqları zəfəri ruhlarda və nəsillərdə yaşatmağın üsulunu bilirlər. Demək ki, təkcə türkləri deyil, onların tarixini də yenmək lazımdır”- Volterin bu sözləri Türkün qüdrətini bir daha sübut edir.

Düşmən qüvvələrin bütün cəhdlərinə baxmayaraq Türklər öz mövcudluqlarını və hökmranlıqlarını qoruyub saxladılar, və bəşəriyyətə ən qüdrətli və ədalətin sığortası olan dövlətlər bəxş etdilər.

Bu dövlətlərdən biri də bütün dünyaya qarşı təkbaşına döyüşərək milyonlarla şəhid qanı hesabına qurulmuş Türkiyə Cümhiriyyətidir.

Bayrağı da şəhid qanını təmsil edən Cümhuriyyətin bu gün doğum günüdür.

Bütün türk xalqlarının işğalda və əzilməkdə olduğu bir vaxtda-29 oktyabr 1923-cü ildə Anadoluda türklərin öz dövlətləri quruldu.

Dövlətin qurucusu Mustafa Kamal Paşa Atatürk bütün türklər işğalda olduğu üçün bu dövləti bütün Türklərin dövləti elan etdi.

Ona görə də adını Türkiyə qoydu. Və belə bir şüar yazdı:

“Türkiyə böyüyb Turan olacaqdır”

Gün gələcək bütün müstəqil Türk Cümhuriyyətləri Türkiyə ilə birlikdə böyük Turan elini quracaqdır, inşallah!

CÜMHURİYYƏT GÜNÜN MÜBARƏK TÜRKİYƏ!



İnform.az


Baxış sayı: 235