Elm-təhsil, Ədəbiyyat
25.10.2018 / 10:55

Vahid Əziz şəxsi arxivini hara bağışladı?

Vahid Əziz şəxsi arxivini hara bağışladı?
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qədim və orta əsrlərə aid minlərlə nadir əlyazma nümunəsi ilə yanaşı, Azərbaycanın 32 elm və mədəniyyət xadiminin şəxsi arxivi mühafizə olunur.

İnform.az-ın xəbərinə görə, institutdan azedu.az-a bildirilib ki, bu arxiv materialları tədqiq olunur və nəşrə hazırlanır.

Müxtəlif elm sahələrinin nümayəndələri elmi araşdırmalar zamanı onlardan istinad mənbəyi kimi faydalanırlar.

Sevindirici haldır ki, son illər tanınmış yazıçı və şairlərimiz öz əsərlərinin avtoqraf nümunələrini, şəxsi arxiv materiallarını, hətta kitabxanalarına aid kitabları da Əlyazmalar İnstitutuna hədiyyə ediblər.

Tanınmış şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vahid Əziz (Cəfərov) də bu addımı atıb.

Bu günlərdə o, şəxsi arxiv materiallarından əl yazılarını, əsərlərinin bəzilərinin çap variantlarını Əlyazmalar İnstitutuna təqdim edib. Şair bildirib ki, mətbuatda dərc olunan əsərlərinin qəzet və jurnal variantlarını, kitablarının siqnal nüsxələrini və bəzi nadir fotolarını instituta hədiyyə etməyi planlaşdırır.

İnstitutun elmi işlər üzrə direktor mavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və elmi katib, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov bildiriblər ki, şairin arxivinin Əlyazmalar İnstitutunda saxlanması onun əsərlərinin gələcək nəsillərə ötürülməsində və tədqiq edilməsində mühüm rol oynayacaq.


İnform.az

Baxış sayı: 260