Baş xəbər, Hüquq
23.10.2018 / 16:30

Səfər Mehdiyev Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb

Səfər Mehdiyev Meksikanın Azərbaycandakı səfiri ilə görüşüb
Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Floreslə görüşüb.

İnform.az DGK Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin məlumatına istinadən bildirir ki, səfiri səmimiyyətlə salamlayan Səfər Mehdiyev Azərbaycanla Meksika arasında həm siyasi, həm də iqtisadi sahədə əlaqələrdən məmnunluqla bəhs edib. Komitə sədri hər iki ölkənin geniş iqtisadi potensialının bu istiqamətdə münasibətləri daha da inkişaf etdirməyə imkan verdiyini vurğulayıb və daha uğurlu nəticələr əldə olunacağına ümidvar olduğunu bildirib.

O da vurğulanıb ki, müxtəlif beynəlxalq tədbirlər, konfranslar və seminarlar çərçivəsində iki ölkənin gömrük orqanları rəhbərlərinin və əməkdaşlarının vaxtaşırı görüşləri keçirilir və "Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında Gömrük Məsələlərində Qarşılıqlı İnzibati Yardım və Məlumat Mübadiləsi haqqında Saziş"in imzalanmasından sonra bu əlaqələr daha səmərəli şəkildə inkişaf edəcək.

Səfər Mehdiyev Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində həyata keçirilən islahatlar barədə məlumat verib və bu islahatların gömrük orqanlarının daha çevik və dinamik fəaliyyətinə şərait yaratdığını deyib.

Qeyd olunub ki, elektron idarəetmə sisteminin təkmilləşdirilməsi nəticəsində artıq elektron bəyannamə sistemi 100 faiz tətbiq edilir ki, bu da idxal-ixrac əməliyyatlarının sürətli və asan şəkildə həyata keçirilməsinə, məmur-vətəndaş təmasının minimuma endirilməsinə şərait yaradıb. Şəffaflığın tam təmin olunması və korrupsiyaya qarşı qətiyyətli mübarizə çərçivəsində mühüm addımların da atıldığı və nəticədə büdcə daxilolmalarının nəzərəçarpacaq dərəcədə artdığı diqqətə çatdırılıb. "Yaşıl dəhliz" buraxılış sistemi və digər mütərəqqi layihələrin tətbiqi hesabına idxal-ixrac əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirildiyi, biznes subyektlərinə münbit şərait yaradıldığı bildirilib.

Daha sonra beynəlxaq təşkilatlar və gömrük qurumları ilə səmərəli işgüzar əlaqələrin qurulmasına toxunan Səfər Mehdiyev, Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları Konfransı və Sərgisinin 2019-cu ilin iyun ayında Azərbaycanda keçirilməsinin nəzərdə tutulmasını da Azərbaycan Gömrük Xidmətinin dünya gömrük ailəsinə töhfələrinin nəticəsi kimi dəyərləndirib.

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores səmimi qəbula görə təşəkkürünü bildirib və iki ölkə arasındakı əlaqələrdən bəhs edərək son dövrlərdə münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayıb.

Qeyd olunub ki, yaxın zamanlarda imzalanması nəzərdə tutulan "Azərbaycan Respublikası Hökuməti ilə Meksika Birləşmiş Ştatları Hökuməti arasında Gömrük Məsələlərində Qarşılıqlı İnzibati Yardım və Məlumat Mübadiləsi haqqında Saziş" iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsinə, ticarət dövriyyəsinin artmasına şərait yaradacaq.


İnform.az

Baxış sayı: 46