Araşdırma
23.10.2018 / 14:00

Azərbaycanlıların əzəli torpaqlarından sonuncu – 1988-1989-cu illər deportasiyası

Azərbaycanlıların əzəli torpaqlarından sonuncu –
Nazim Mustafa/Tarix üzrə fəlsəfə doktoru

"Tarixdə artıq bir dəfə Azərbaycanın əzəli torpaqlarında erməni dövləti yaradılmışdır, o da bugünkü Ermənistandır. O torpaqlar bizim doğma, ata-baba torpaqlarımızdır. İrəvan xanlığı, Zəngəzur mahalı - bütün o adlar Azərbaycan toponimləridir."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev


Əvvəli burada:http://inform.az/index.php?newsid=35307

Vartanlı faciəsi öz ssenarisinə görə 1918-1920-ci illərdə İrəvan quberniyasında azərbaycanlılar yaşayan kəndlərə erməni quldurlarının hücumları zamanı törədilən vəhşiliklərin təkrarı idi.

Erməni tarixçisi Leo (əsl adı Arakel Babaxanyandır) 1925-ci ildə Tiflisdə ermənicə çap olunan “Ançyaliç” (“Keçmişdən”) əsərində erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri etiraf edərək yazır: “Daşnaksakanlar “silip-süpürməklə” (yəni azərbaycanlı kəndlərində etnik təmizləmə aparmaqla) məşğul idilər. Sürməli qəzasının türk (azərbaycanlı) əhalisinin xeyli hissəsi öz yaşayış yerlərindən qaçmışdılar.

İrəvan və digər qəzalarda bir çox kəndləri dağıdılmış və yandırılmışdı. Erməni fidailəri heç bir faydası və zəruriyyət olmadan hətta elə kəndlərdə vəhşiliklər törədirdilər ki, həmin kəndlərdə türk əhalisi çox az olduğu üçün ermənilərə heç bir ziyan verə bilməzdi.

Xüsusən Böyük Qarakilsə şəhərinin yanındakı Vartanlı kiçik türk kəndində törədilən qırğınlar həyəcanlandırıcı idi”. 1918-ci ildə Vartanlıda törədilən qırğınlar düz 70 ildən sonra bir də təkrarlanmışdı. 1918-ci ilin Novruz bayramı günlərində ermənilər Vartanlı kəndinin kişi cinsindən olan bütün sakinlərini qoyun tövlələrinə toplayaraq hamısını yandırmışdılar.

Qadınlar , körpələr meşələrə qaçaraq dağlarda tələf olmuşdular. Deməli, ermənilər təkcə XX əsrdə Vartanlı kəndində iki dəfə azərbaycanlılara qarşı soyqırım törətmişlər. Təəssüf ki, dünya ictimaiyyəti Ermənistandakı nə 1918-1920-ci illər, nə də 1988-1989-cu illər qırğınları haqqında xəbər tutmamışdır.

1988-ci ilin noyabrında Spitak (Hamamlı) rayonunda da azərbaycanlılara qarşı qırğınlar törədilmişdi. Noyabrın 28-də Spitak rayon İcraiyyə Komitəsinin sədri V. Haycyan, daxili işlər şöbəsinin rəisi rəisi V. Sarkisyan, DTK rayon şöbəsinin sədr müavini Mehrabyan rayonun azərbaycanlılar yaşayan Saral və Qusarlı kəndlərinə gəlib bildirmişdilər ki, onların təhlükəsizliyinə təminat vermirlər, ona görə də əgər iki saat ərzində kəndi tərk etməsələr, silahlı dəstələr kəndə hücum edəcəklər.

Camaat onların təklifini rədd edir. Lakin Spitak və Quqark rayon rəhbərləri yenə gəlib təkidlə tələb edirlər ki, kənd camaatı tezliklə çıxmalıdırlar. Onlar özləri ilə 34 avtobus və 40 yükünü özüboşaldan maşın gətirmişdilər. Onların göstərişi ilə bir dəstə erməni sahiblərinin gözü qarşısında ev əşyalarını həyətə çıxarıb, od vururlar. Əhalini zorla avtobuslara mindirərək kəndlərdən çıxarırlar. Həmin avtobusları Spitak rayonun ərazisindən kənarda - Quqark rayonunun Mrqahovit (Həmzəçimən) kəndi yaxınlığında axşamdan xeyli keçmiş silahlı dəstələr gözləyirdilər. Spitak rayonunun rəhbərləri işi elə qurmuşdular ki, qan qonşu rayonun ərazisində tökülməli idi, bununla da onlar məsuliyyətdən kənarda qalacaqdılar. Gecənin qaranlığında yolun kənarında pusquda durmuş quldurların avtobusları atəşə tutması nəticəsində 3 nəfər (Balacayev Şahin Səyyad oğlu, Balacayev Teymur Məsim oğlu və Balacayeva Sürəyya Hüseyn qızı) həlak olmuş, 7 nəfər ağır yaralanmışdı.

Ermənistanda azərbaycanlılara qarşı dəhşətli cinayətlər törədilən rayonlardan biri də Stepanavan (Cəlaloğlu) rayonudur. Kuybışev kəndinin sakinləri Təmraz Yusif oğlu İsgəndərov, Gilas Rüstəm qızı Xəlilova, Şərif Cabbar oğlu Xəlilov vəhşicəsinə döyülmüş və soyuq silahla qətlə yetirilmişlər. Gərgər kənd sakini, Puşkino kolxozunun sağıcısı Bəsti İsrafil qızı Mustafayeva isə Ermənistanda baş vermiş dəhşətli zəlzələdən sonra, yəni bütün dünyanın Ermənistanın halına ağladığı bir vaxtda, 30 dekabr 1988-ci ildə diri-diri yandırılmış və meyiti zibillikdə gizlədilmişdi. Xeyli müddətdən sonra onun meyiti hərbçilərin köməyi ilə tapılmışdı.

Yuxarıda adı çəkilən “Fəlakət anı, məsuliyyət anı” məqaləsində azərbaycanlıların hansı şəraitdə və necə deportasiya edilmələrinə qismən də olsa aydınlıq gətirilimişdi: “Qarabağ” komitəsi avantüristlərinin çağırışına millətçilik azarına tutulmuş bir sıra partiya-sovet işçiləri də qoşulmuşlar. Ayrı-ayrı rayonlarda millətlərarası qırğına sürükləyən coşmuş ehtirasları cilovlamaq, vətəndaşları müdafiə etmək, təxribatçıları ifşa etmək əvəzinə, onlar adamların (yəni azərbaycınlıların) kütləvi surətdə çıxarılmasına “fətva” verdilər. Bu cür “missiya” ilə bəzi “xadimlər” Kirovakanda, Stepanavanda, Artaşatda evləri bir-bir gəzirdilər.” Əlbəttə, azərbaycanlılar yaşayan bütün rayonların vəziyyəti belə idi. Deportasiya aksiyasını müəyyən olunmuş müddətdə başa çatdırmaq üçün Kalinin, Spitak, Quqark, Noyemberyan, Krasnoselo, Vardenis, Yağeqnadzor, Əzizbəyov, Ararat, Masis, Sisyan və Meğri rayonlarının rəhbərləri xüsusilə canfəşanlıq göstərmişdilər.

“Fəlakət anı, məsuliyyət anı” məqaləsinin bir yerində yazılırdı: “Komitənin (yəni “Qarabağ” komitəsinin) yerli özəklərinin təşəbbüsü ilə rayon və kəndlərdə mitinqlər təşkil edilərək azərbaycanlılardan öz evlərini tərk etmələri tələbləri irəli sürülürdü. Ən həyəcanlandırıcı hal odur ki, “Qarabağ” komitəsinin hazırladığı siyasi münaqişələrə hətta uşaqları da cəlb edirdilər. Təsəvvür edin ki, Amasiya rayonunun mərkəzində rayon Xalq Nəzarəti Komitəsi sədrinin oğlunun rəhbərliyi ilə 30 məktəbli nümayiş keçirir və azərbaycanlıların işdən qovulmasını tələb edirdilər”. Amasiyanın beynəlmiləl məktəbinin erməni şagirdlərinin tələbi ilə dərhal məktəbin Azərbaycan bölməsi bağlanmışdı. Bir həftə ərzində, 1988-ci il dekabrın 1-dək rəhbər vəzifələrdə işləyən azərbaycanlıların əksəriyyəti işdən azad edilmişdilər.

1988-ci il dekabrın 7-də Spitak zəlzələsinin baş verməsinədək Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları bütün rayonlarda erməni silahlı dəstələri kütləvi qırğınlar, qətl və qarətlər törətmişdilər.

1988-ci ilin noyabr-dekabr aylarında bir tərəfdən Ermənistanın azərbaycanlılar yaşayan kəndlərinin əhalisi sıxışdırılır, kəndlərə ərzaq göndərilmir, elektrik xətləri kəsilir və silahlı basqınlar edilir, digər tərəfdən kəndləri tərk edən ailələrə yollarda divan tutulur, əmlakları qarət edilir, özləri isə qətlə yetirilirdilər. Ermənistanda milli zəmində baş verən cinayətlərin əksəriyyəti əsasən azərbaycanlı əhalinin öz yaşayış məntəqələrini tərk etməyə məcbur olduqları vaxt baş vermişdi. Ermənistandan Azərbaycana gedən bütün yollar üzərində bir neçə yerdə silahlı quldur dəstələri yerləşdirilmişdi. Quldurların əksəriyyəti milis forması geyərək özbaşına yoxlama-buraxılış məntəqələri yaratmışdılar. Onlar bütün maşınları saxlayır, sərnişinlərin sənədlərini yoxlayır və maşında azərbaycanlılar olduğunu müəyyən edən kimi onu maşından düşürür, əmlaklarını boşaldaraq qarət edir, özlərini isə vəhşicəsinə qətlə yetirirdilər.

Yeri gəlmişkən, 1989-cu ilin sonlarında Azərbaycan Qaçqınlar Cəmiyyəti yaradıldı. Hər gün yüzlərlə qaçqın Qaçqınlar Cəmiyyətinə gəlir, öz dərd-sərlərini danışır, problemlərinin həllində Cəmiyyətdən köməklik göstərilməsini xahiş edirdilər. Qaçqınlar erməni vandallarının başlarına gətirdikləri faciələr, itkilər barədə yazılı məlumatlar verirdilər. Sonradan həmin məlumatlardan tədqiqat işlərində istifadə edildi. Ermənistanı 1988-ci ildə tərk edərək və Xanlar (Göygöl) rayonunun Quşqara kəndinə pənah gətirmiş, milliyyətcə rus olan L.V.Tolstyak Azərbaycan Qaçqınlar Cəmiyyətində yazdığı izahatında göstərmişdi ki, noyabrın 27-də Ermənistan SSR Nazirlər Soveti sədrinin birinci müavini (daha sonralar Ermənistan KP MK-nın birinci katibi) Vladimir Movsesyan Basarkeçər rayonunun Zod kəndinə gəlib əhalinin kəndi tərk etməsi üçün üç gün vaxt veridiyini bəyan etdi və əlavə etdi ki, bu müddətdə kəndi tərk etməsələr, onların təhlükəsizliyinə təminat verilməyəcək.

Hərbçilərin və “BTR”-lərin müşayiəti ilə Amasiya rayonunun Oxçoğlu kəndindən yola salınan 15 ailənin ev əşyalarını qonşu Axuryan rayonunun Kaps (keçmiş Qanlıca) kəndində ermənilər maşınları boşatmış, talan etmiş, sonra isə od vurub yandırmış və yük sahiblərini ölümcül döymüşdülər. Bu cinayət işi ilə SSRİ Prokurorluğunun əməkdaşları məşğul olmalarına baxmayaraq, heç kəs məsuliyyətə cəlb edilməmişdi.

Həmişə milli ayrıseçkilik siyasəti yürüdən Ermənistan rəhbərliyi zəlzələdən sonra da öz çirkin əməllərini davam etdirmişdi. Zəlzələ zamanı həlak olmuş, ağır yaralanmış, evləri dağılmış azərbaycanlıların taleyinə biganə qalmışdılr. Spitak və Quqark rayonlarının rəhbərləri həmin rayonların hərbi komendantlarına təqdim etdikləri siyahıda azərbaycanlı kəndlərinin adlarını siyahıdan çıxarmışdılar ki, guya artıq orda əhali yaşamır. Bununla da onları ərzaq və digər zəruri şeylərlə təmin etməkdən, tibbi yardımdan məhrum etmişdilər.

Müvafiq sənədlər və şahid ifadələri əsasında 1990-cı ildə Azərbaycan Qaçqınlar Cəmiyyətində tərtib edilmiş siyahıya əsasən, 1988-1990-cı illər ərzində Ermənistanda 216 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş və ya millətlərarası münaqişə zəminində baş vermiş hadisələr nəticəsində həlak olmuşdur. Həmin siyahıya əsasən, 52 nəfər aldığı xəsarət nəticəsində ölmüş, 34 nəfər işgəncə ilə öldürülmüş, 20 nəfər odlu silahla qətlə yetirilmiş, 15 nəfər yandırılmış, 8 nəfər maşınla vurulmuş, 9 nəfər yollarda qəzaya uğradılmış, 7 nəfər həkim qəsdi nəticəsində, 9 nəfər dəhşətli hisslərdən keçirdiyi infarkt nəticəsində ölmüş, 2 nəfər intihar etmiş, bir nəfər asılmış, 2 nəfər maşın partladılması nəticəsində, bir nəfəri elektrik cərəyanı ilə, bir nəfəri suda boğub öldürmüşdülər, 6 nəfər itkin düşmüş, 20 nəfər xəstəxanadan yoxa çıxmış, 48 nəfər isə dağlarda borana düşüb həlak olmuşlar.

1990-cı ilin avqustun 9-da Azərbaycan Respublikasının Ali Soveti Qaçqınlar Cəmiyyətində tərtib edilən siyahını və digər faktları məktubla SSRİ Prokurorluğuna göndərmiş və Ermənistanda milli münaqişələr zəminində qətlə yetirilmiş azərbaycanlılar haqqında məlumat verməyi xahiş etmişdi. SSRİ Baş Prokurorunun müavini V. İ. Kvartsovun 4 oktyabr 1990-cı il tarixli cavab məktubunda deyilirdi: “Sizin məktubunuzla əlaqədar olaraq bildirirəm ki, 1988-1989-cu illərdə Ermənistan SSR-də milli zəmində baş verən cinayət faktları üzrə 675 cinayət işi qaldırılmışdır, onlardan 283-ü istintaq aidiyyati üzrə Azərbaycana göndərilmişdir. Eyni zamanda Azərbaycan SSR-dən Ermənistana təhqiqat üçün 138 cinayət işi daxil olmuşdur. 1989-cu il dekabrın 31-nə olan məlumata görə Ermənistanın hüquq-mühafizə orqanlarının icraatında olan bu qəbildən 530 cinayət işindən 200 iş üzrə cinayət açılmamış və istintaq dayandırılmışdır.

1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan ərazisində milli münasibətlərin kəskinləşməsi üzündən bir sıra rayonlarda qarət, yanğın və ictimai qayda-qanununa zidd olan digər hallarla müşayiət olunan kütləvi iğtişaşlar baş vermişdir... Bu hərəkətlər nəticəsində 21 nəfər öldürülmüş (20 azərbaycanlı və bir erməni), 4 nəfər sonradan ölümlə nəticələnmiş ağır bədən xəsarəti almışdır. Qətl hadisəsi üzrə 8 cinayət işi və zərərçəkənlərin ölümü ilə nəticələnmiş ağır bədən xəsarəti üzrə dörd işin istintaqı başa çatdırılaraq məhkəməyə göndərilmişdir. Əliyevlər barəsindəki cinayət işinə bəraət qazandırıcı əsaslar üzrə xitam verilmişdir, belə ki, istintaq bu qənaətə gəlmişdir ki, onun Mirzoyanı öldürməsi son zəruri müdafiə həddindən baş vermişdir.

Bu qəbildən məhkəməyə göndərilən üç qətl və ağır bədən xəsarəti yetirilməsi üzrə iki cinayət işi üzrə günahkarlar müxtəlif müddətlərdə azadlıqdan məhrum edilmişlər. Bir neçə cinayət işi əlavə istintaqa qaytarılmışdır.

Ermənistan Prokuroruna tapşırılmışdır ki, bu işlər üzrə aparılan istintaqın tamlığını və obyektivliyini yoxlasın, onun başa çatdırılması üçün tədbirlər görsün. Günahkarların müəyyənləşdirilməməsi üzündən istintaqın xitam verilmiş işləri araşdırmaq və istintaqı təzələmək məsələsinin mümkünlüyünü öyrənmək tapşırığı da verilmişdir. Ermənistan məhkəmələrinə milli nifaq zəminində baş vermiş 91 müttəhim barəsində cəmisi 53 cinayət işi göndərilmişdir. 48 iş üzrə 82 nəfər mühakimə olunmuş, onlardan 30 nəfər müxtəlif müddətdə azadlıqdan məhrum edilmişdir.

SSRİ Prokurorluğu cinayətlərin açılmasına nəzarət edir və zəruri kömək göstərir.” Əslində, SSRİ Prokurorluğu bununla öz işini bitmiş hesab etmişdi.

Bu məktubla əlaqədar Ermənistan SSR Prokurorluğundan SSRİ Prokurorluğuna göndərilən cavab məktubunda azərbaycanlılara qarşı törədilən bir çox qətllər etiraf edilsə də, əksər cinayətlər ört-basdır edilmiş, onların üstü açılmadan aşağıdakı kimi şablon cavablar verilmişdi: “Göstərilən məlumatlara uyğun şəxs pasport qeydiyyatı stolundan və kənd sovetinin təsərrüfat kitabından keçməmişdir,” “Ünvanından qeydiyyatdan çıxmışdır”, “Ölümü haqqında qeydiyyat rayon VVAQ şöbəsində yoxdur,” “1988-ci ildə ünvanından çıxıb Azərbaycan SSR-ə getmişdir” və s.
Məhz hüquq-mühafizə orqanlarının nəzarətsizliyi, onların erməni millətçilərinin separatçı hərəkətlərinə vaxtında və qanuni qiymət vermədiklərinin nəticəsində azərbaycanlılar əsrlər boyu yaşadıqları əzəli torpaqlarından iki həftə ərzində vəhşicəsinə qovuldular.

Keçmiş İttifaq orqanları azərbaycanlıların Ermənistandan deportasiyasına seyrçi münasibət göstərdi. Demək olar ki, bütün azərbaycanlılar Ermənistandan qovulduqdan sonra, yəni 1988-ci il dekabrın 6-da Sov. İKP MK və SSRİ Nazirlər Soveti “Vətəndaşların daimi yaşayış yerləri məcburi tərk etməsində Azərbaycan SSR və Ermənistan SSR-in yerli orqanlarının ayrı-ayrı vəzifəli şəxslərinin yolverilməz hərəkətləri haqqında” qərar qəbul etmişdi.

SSRİ Nazirlər Soveti sədrinin ozamankı müavini B. Şerbinanın rəhbərliyi ilə hər üç Zaqafqaziya respublikalarının nazirlər sovetlərinin sədrləri və İttifaqın müvafiq nazirliklərinin rəhbər işçiləri da daxil olmaqla xüsusi komissiya yaradılmışdı. Bu komissiya qaçqınların təhlükəsiz köçürülməsi və yerləşdirilməsi məsələləri ilə məşğul olmalı idi.

Əslində isə Ermənistandan azərbaycanlılar faktiki olaraq təmizləndikdən və dekabrın 7-də orada baş verən zəlzələdən sonra bu komissiya da heç bir iş görmədən öz işini başa vurmuşdu.

Zəlzələnin vurduğu ziyanları aradan qaldırmaq, iqtisadiyyatı bərpa etmək üçün Ermənistana xeyli miqdarda işçi qüvvəsi lazım idi. Məhz bu məqsədlə də 1989-cu il yanvarın 4-də Ermənistan rəhbərliyinin “xahişi” ilə Azərbaycan rəhbərliyi hər iki respublikanın KP MK-larının, Ali Soveti Rəyasət Heyətlərinin və Nazirlər Sovetlərinin adından daimi yaşayış yerlərinə qayıtmaları üçün qaçqınlara müraciət etmişdi.
Ermənistan rəhbərliyi azərbaycanlıların Ermənistana qayıtmasına təminat verilməsi illüziyası yaratmaq məqsədilə 15 dekabr 1988-ci ildə Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 6 dekabr tarixli yuxarıda adı çəkilən qərarının yerinə yetirilməsinin gedişini müzakirə edərək 13 nəfər rəhbər işçini partiya sıralarından xaric etmiş, 68 nəfərə partiya tənbehi vermişdi. Büro həmçinin Quqark rayon Partiya Komitəsinin birinci katibini və İcraiyyə Komitəsinin sədrini işdən azad etməklə kifayətlənmiş, Stepanavan və İcevan rayonlarının birinci katiblərinə ciddi töhmət vermiş, adları çəkilən rayonlardan əlavə Yeğeqnadzor, Krasnoselo, Ararat, Masis, Amasiya, Noyemberyan rayonlarında vətəndaşların hüquqlarının pozulması, şantaj və kütləvi iğtişaşlara yol verildiyini qeyd etmişdi. Ermənistan Prokurorluğu isə Sevan, Kalinino və Abovyan rayonlarının prokurorlarını işdən azad etmişdi.

Məhz Moskvanın ermənilərə arxa durması nəticəsində 1988-1989-cu illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məskənləri boşaldıldı. Ermənistanın Meğri rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində qalmış axırıncı azərbaycanlı kəndi – Nüvədi də 1991-ci il avqustun 8-də boşaldıldı.
Ümumiyyətlə, həyata keçirilən sonuncu etnik təmizləmə nəticəsində Ermənistanın 22 kənd, rayonundan və 6 şəhərindən təqribən 250 min azərbaycanlı tarixi-etnik torpaqlarından vəhşicəsinə qovuldular.

1988-ci ilə qədər Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi respublika ərazisinin (29, 8 min kv.km.) 25 faizini, yaxud təqribən 7,5 min kv. km təşkil edirdi. Bu isə keçmiş DQMV-nin ərazisindən (4,4 min kv. km) təqribən 3 min kv. km artıqdır.

Ermənistan rəhbərliyi azərbaycanlıların etnik təmizlənməsi aksiyasını başa çatdırdıqdan sonra, onların yaşadıqları kəndlərin adlarının dəyişdirməyə başlamışdır. İndiyədək Ermənistanda 702 azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilərək ermənicələşdirilmişdir.

Təkcə XX əsrdə ermənilər havadarlarının köməyi ilə indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı 1905-1906-cı illərdə və 1918-1920-ci illərdə etnik təmizləmə, 1930-cu illərdə kütləvi repressiyalar, 1948-1953-cü illərdə deportasiya həyata keçirmiş və nəhayət, 1988-1989-cü illərdə etnik təmizləməni başa çatdırmağa müvəffəq olmuşlar.

Ümumiyyətlə, son 200 ildə indiki Ermənistan ərazisində iki mindən artıq azərbaycanlı yaşayış məntəqələri müxtəlif yollarla (deportasiyalarla, silah gücünə qovmaqla, soyqırım törətməklə, kəndləri yandırıb xaraba qoymaqla və s.) siyahıdan silinmiş, tarixi Azərbaycan torpaqlarında monoetnik Ermənistan dövləti yaradılmışdır.

Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanının imzalanmasından sonra 31 mart 1998-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirmiş, azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin cəzasız qalmasını və bu barədə beynəlxalq ictimaiyyətdə məlumatın olmamasını nəzərə alaraq, beynəlxalq təşkilatlara müraciət etmişdir ki, XIX-XX əsrlərdə erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətini tanısın. Bu istiqamətdə artıq müəyyən nəticələr əldə edilmişdir. Analoji addımın azərbaycanlıların Ermənistan ərazisindən 1988-1989-cu illər deportasiyası və etnik təmizlənməsi ilə bağlı atılması da zəruridir.

18 sentyabr 2013-cü ildə Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışında sözlərini hər bir azərbaycanlıya, hər bir ziyalıya ünvanlayaraq demişdir: “Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir, Şuşada, Xankəndidə Azərbaycanın dövlət bayrağı qaldırılmalıdır və gələcəkdə azərbaycanlılar bütün tarixi torpaqlarında yaşamalıdırlar. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq.”


İnform.az

Baxış sayı: 63