Dünya
22.10.2018 / 14:35

Ermənistan parlament seçkiləri, yoxsa parlament müharibəsi ərəfəsində?

Ermənistan parlament seçkiləri, yoxsa parlament müharibəsi ərəfəsində?
Bu ölkənin mətbuatı siyasi böhranın davam etdiyini yazırlar.

Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi, ölkədaxili siyasi vəziyyət daha da gərginləşməkdədir. Belə ki, yeni parlamentdə təmsil olunmaq üçün, hətta köhnə sistemin adamları belə, yerlərdə yeni hakimiyyətlə əlaqələr qurmağa çalışır, bunun üçün əllərində olan hər vasitədən istifadə edirlər. SİA xəbər verir ki, erməni mətbuatı parlament seçkiləri ab-havasında cərəyan edən müxtəlif hadisələr barədə məlumatlar yayır, həmin məlumatlardan da görünür ki, Ermənistanda böhran tam sürətlə davam etməkdədir.

“İrates”: ““Sasna-Srer” parlament seçkilərində olduqca radikal mövqedən çıxış edəcək”

“İrates” qəzeti yazır ki, tərkibi Serj Sarkisyan hakimiyyəti dövründə silahlı qiyam qaldırmışlardan ibarət olan və Sasna-Srer olayları ilə yadda qalan keçmiş hərbçilərin eyni adlı partiya yaradaraq, seçkilərə qatılmaq iddiaları günü-gündən daha da artmaqdadır. Belə ki, “Sana-Srer” partiyası bəri başdan bəyan edib ki, öz radikal mövqeyi ilə seçiləcək. ““Sasna-Srer” qarşıdan gələn parlament seçkilərində olduqca radikal mövqedən çıxış edəcək”, yazan “İrates” nəşri qeyd edir: “Təşkilatçılıq məsələlərindən başqa, onlar ölkənin ikinci ən böyük siyasi gücü olmaları ilə bağlı sosial sorğular keçirir, bununla da parlamentdə ciddi şəkildə təmsil olunacaqlarını nümayiş etdirməyə çalışırlar”.

Adıçəkilən nəşr həmçinin yazır ki, əgər bu baş verməsə, yəni “Sasna-Srer” seçkilərdə uduzsa, bu partiya seçkilərin birmənalı olaraq saxtalaşşdırıldığını bəyan edəcək: “...Və onlar bundan sonra mübarizələrini daha radikal vasitələrlə aparacaqlarını, hətta Yerevanda PPX alayını ələ keçirdikləri vaxt sərgilədiklərindən də radikal addımlara gedəcəklər”

““Luys” qarşıdan gələn seçkiöncəki kampaniya çərçivəsində öz bəyanatlarında maksimal şəkildə sərtlik göstərəcək və tənqidi mövqelərdən çıxış edəcək”

“Yeri gəlmişkən, hakimiyyətə yaxınlığı ilə seçilən mənbələr billdirirlər ki, parlamentdə dörd siyasi güc – “Vətəndaş sazişi”, “Luys”, “Sasna-Srer” və “Daşnaksyutun” təmsil olunacaq”, deyə qeyd edən “İrates”, sonunucusunu – yəni daşnakarı Nikol Paşinyan şəxsən parlamentdə görmək istəyir”.

Erməni nəşri digər yazısında isə qeyd edir ki, Yerevan merliyinə keçirilmiş seçkilərdən əvvəl və sonra “Luys” blokunun hansı mövqedən çıxış etməsi qeyri-dəqiq qaldı. Belə ki, növbədənkənar parlament seçkilərində də bənzər hal müşahidə olunmaqdadır. “Onların bəyanatlarını nə müxalifətyönlü, nə də iqtidaryönlü adlandırmaq olmaz”, yazan “İrates”ə görə, “Luys” blokunda danışmamaq, şəxsi fikirlərini ictimailəşdirməmək, mümkün qədər müsahibələrdən yayınmaq qərarı verilib.

“Necə irəli gedəcəkləri, hansı mövqelərdən çıxış edəcəkləri ilə bağlı öz fəaliyyətlərini dəqiqləşdirmək istəyirlər, bundan sonra danışmağa başlayacaqlar. Bir sıra anlaşılmayan məsələlər var ki, yarımçıq görünməmək üçün onlara cavab tapmaq lazımdır”, “Luys” blokuna yaxınlığı ilə seçilən mənbə “İrates”ə danışıb.

Qəzetin həmsöhbəti həmçinin xəbər verib ki, əsaslı və mühüm dəqiqləşmələr blokun mövqeyi ilə bağlıdır: “Əgər Nikol Paşinyan “Yelk” bloku ilə təmas baxımından hər hansı bir əməkdaşlıq vasitəsi tapa bilməyəcəksə, bu zaman “Luys” qarşıdan gələn seçkiöncəki kampaniya çərçivəsində öz bəyanatlarında maksimal şəkildə sərtlik göstərəcək və tənqidi mövqelərdən çıxış edəcək”.

“Hraparak”: “Paşinyanın “Artfud” zavodunu ziyarəti zamanı, “Qazi Ovo” ləqəbli Ovannes Kazaryan qarşılanma mərasiminə bütün nəsli ilə gəlmişdi”


“Hraparak” qəzeti isə yazır ki, Ararat vilayətinin keçmiş sistemdən olan nümayəndələri artıq öz düşərgələrini dəyişiblər. “Misal üçün, Ovik Abraamyan tərəfindən kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin olunmuş sabiq nazir müavini Samvel Qalstyan Qarik Sarkisyanın qubernator təyin olunmasından sonra ona “sədaqət andı içdiyini” bildirib. FHN əməkdaşı Narek isə qubernatorun hər addımını izləyir, belə ki, o deputat mandatına namizəddir. Hətta gizlətmir ki, onun arzularını məhz qubernator gerçəkləşdirəcək”, deyə erməni nəşri yazıb.

“Hətta Avşardan olan Qriqoryan ailəsinə yaxın olanlar belə, yeni hakimiyyətin cinahına keçiblər”, qeyd edən “Hraparak” əlavə edib: “Paşinyanın “Artfud” zavodunu ziyarəti zamanı, “Qazi Ovo” ləqəbli Ovannes Kazaryan qarşılanma mərasiminə bütün nəsli ilə gəlmişdi. Bir neçə ay öncə isə o “Artfud” zavodunun sahibi, sabiq kənd təsərrüfatı naziri Serqo Karapetyanla qohum olub”.

“Qagik Sarukyanın komandası parlamentdən kənar güclərlə əməkdaşlıq etməyə meyllidir”

Adıçəkilən nəşr digər yazısında mənbələrinə istinadən qeyd edir ki, Qagik Sarukyanın komandası parlamentdən kənar güclərlə əməkdaşlıq etməyə meyllidir. Belə ki, “Sarukyan” bloku “Sasna-Srer”lə birgə seçkilərə qatılmaq marağındadır: “Hələ dövlət qeydiyyatından keçməməsinə baxmayaraq, partiya (“Sasna-Srer”-red.) ictimaiyyət arasında digər parlamentdənkənar qüvvələrdəndəb fərqli olaraq, müəyyən reytinq qazana bilib”.

“Hraparak” “Sasna-Srer”in funksioneri Alek Yeniqomşyana sual ünvanlayaraq soruşub ki, qarşıdan gələn növbədənkənar parlament seçkilərində “Çiçəklənən Ermənistan” partiyası ilə birgə təmsil olunduğu siyasi təşkilat birgə seçkilərə qatılmaq məqsədi daşıyırmı?

Yeniqomşyan hmin suala cavab olaraq, qəti şəkildə bildirib: “Bunu istisna edirəm. Belə ki, bizim onların keçmişin reallığı, ideologiyası və Ermənistanın gələcəyi ilə bağlı heç bir təmasımız, marağımız yoxdur”.

“Jamanak”: “Respublika partiyasının təxmini beşliyi məlum olub”

“Jamanak” qəzeti isə yazır ki, Ermənistanın Respublika partiyası axır ki, parlamentdə təmsil olunacaq dördüncü siyasi güc olacağına ümidli şəkildə qarşıdan gələn növbədənkənar parlament seçkilərinə qatılması barədə qərar qəbul etdi.

“Partiyanın proporsional siyahısı üzrə təxmini beşliyi bəlli olub”, yazan “Jamanak” onların Vigen Sarkisyan, Arpine Ovannisyan, David Arutunyan, Euard Şarmazanov, Armen Aşotyan olduqlarını qeyd edib.

“Mümkündür ki, Yerevanın sabiq meri Taron Marqaryan da siyahıya əlavə edilsin”, deyə erməni nəşri yazır.

Beləliklə, dekabr ayında keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkiləri Ermənistandakı siyasi qeyri-sabitliyi daha da qızışdırmaq üzrədir. Təkcə, bu ölkənin mətbuatının daxili qarşıdurmalardan başlayaraq, namizədlik uğrunda savaşları açıq-aydın şəkildə ictimailəşdirməsi yaxın vaxtlarda ölkədaxili situasiyanın çərçivədən çıxacağı ehtimallarını daha da artırmış olur. Hər halda, qeyd edilən faktlar da belə düşünməyə zəmin yaradır./sia.az

Baxış sayı: 48