Maraqlı
25.10.2018 / 14:00

Qaraçılar- FOTO

Qaraçılar-
Aydın Hüseynov

Məşhur fransız bəstəkarı Jorj Bize 1875-ci ildə dünya musiqi sənətinin şedevri sayılan, indi də repertuarlarda möhkəm lövbər salmış “Karmen” operasını yaratdı.
Əsərin baş qəhrəmanı qaraçı qızı Karmen idi. Məşuqu tərəfindən qətlə yetirilən gözəl, cəsur, həyatsevər, azadlıqsevər qaraçının baş qəhrəmanı olduğu opera ətrafında gəzən söz-söhbət dahi bəstəkarın da ömrünə son qoydu, o, premyeradan cəmi 3 ay sonra 37 yaşında həyata vida dedi. Bize ölümündən qabaq demişdi: “Məni Karmen öldürdü”. O zamandan bütün cəmiyyətin biganə olduğu zavallı qaraçı toplumuna maraq artmağa başladı. Səfil, köçəri, daim döyülən, söyülən qaraçı obrazı dünya mədəniyyətinin tacına çevrildi... İndi sanki əvvəlcədən tərtib olunmuş cədvəl üzrə hər iki-üç aydan bir şəhər və kəndlərimizdə peyda olan, yetənə əl açan əli uşaqlı qarabəniz qadınları, israrla sədəqə tələb edən ayaqyalın uşaqları görəndə fikirləşirsən ki, Karmeni görən dünya bunları niyə görmür? Axı bu taleyin mahiyyəti nədən ibarətdir?
Maraqlıdır...


***


Qaraçılar Yer üzündə əsrlərdən bəri məlum olan ən müəmmalı və ən mifləşdirilmlş xalqlardan biridir, mənşələri olduqca sirlidir.

Özlərini əsasən ROMA adlandırırlar, “qaraçı” sözü isə xoşlarına gəlmir, bunu təhqir hesab edirlər.

Onları uzun müddət Misirdən gəlmə saymışlar, amma son vaxtlar bu iddia təkzib olunur, Hindistanla tarixi bağlılığa üstünlük verilir.

Belə ki, qaraçıların dilində 30 faiz sanskrit (qədim hind) dillərındən gəlmə sözlər var. Deyilir ki, onlar tarixin naməlum bi zamanında Hindistandan Anadoluya, oradan da Avropaya mühacirət etmiş, burada üç qola ayrılmışlar: domari, lomavren və dominant qaraçılar özləri. Belə bir nəzəriyyə də var ki, bu insanların pərən-pərən düşməsi islamın yayılması və öz dinlərini saxlamağa çalışmaları ilə bağlıdır.

Digər bir fərziyyəyə görə isə bir neçə yüz il ərzində ayrı-ayrılıqda üç qaraçı miqrasiyası baş vermişdir. Xüsusilə 14-19-cu əsrlərdə təqiblıərə məruz qalan, insan sayılmayan qaraçıları əmtəə kimi dəyişdirirdilər, satırdılar.

XYIII əsrdə Avstriya-Macarıstan imperatriçəsi Mariya Tereziya qaraçıları qanundankənar hesab edən sənəd imzaladı. Bu cür sənəd İspaniyada da qəbul olundu, bir sıra Avropa dövlətləri isə onları qəbuldan imtina etdi.

Didərgin insanların Antarktidadan başqa planetin hər yerinə səpələnməsi daha geniş vüsət aldı...

Hər necə olsa, qaraçılar vətənsiz, vətəndaşlığı olmayan insanlardır, təhsil, səhiyyə və digər sosial xidmətlərdən yararalanmırlar. Əsrlər boyu qaraçıları öz yurd-yuvalarından zorla qovmuşlar, ölkələrin əksəriyyəti, hətta orada doğulsalar belə, onlara vətəndaşlıq verməkdə maraqlı deyillər, köçəri həyat tərzi onlar üçün xilas deməkdir.

Onların pasportları yoxdur, sıxışdırılmaları üzündən bir qismi ya qeydiyyatdan qaçır, ya da özlərini qaraçı kimi qeyd etdirmirlər.

Bundan başqa, uşaqların sənəd olmadan doğulması, tez-tez yerdəyişmələr nəticəsində bir çox qaraçılar itgin hesab olunurlar.

Yalnız 1971-ci ildə Londonda keçirilmiş Ümumdünya Qaraçı konqresində qaraçıların, üzərində çarx (qaraçı dilində - çakrı), yəni köçəri həyat rəmzi həkk olunmuş xüsusi bayrağı və himni təsdiq olunmuşdur. Hazırda qaraçı taborlarında bu bayrağı görmək və himni eşitmək heç də müşkül deyil.

Qaraçılar-

Heç kəs dəqiq bilmir ki, bu gün dünyada nə qədər qaraçı yaşayır. Amerikada belə hesab edirlər ki, onların sayı təqribən 11 milyon nəfərdir. Avropada isə 8-12 milyon qaraçı ən iri etnik azlıq təşkil etməklə hər birinin öz adı olan 6 qola ayrılır. 1970-ci ilin siyahıyaalmasına görə keçmiş SSRİ məkanında onların sayı 175 min nəfərdən çox olmuşdur. Hazırda ən çox Rumıniyada yaşayırlar – 500 min nəfər.

Qaraçıların vahid dini yoxdur. Avropa folkloru nümunələrindən birində göstərilir ki, qaraçıların əcdadları çox qədim zamanlarda kərə pendirindən bir qəsr tikirlər. Dəhşətli aclıq baş verəndə məcbur olub həmin qəsri bütünlüklə yeyirlər, ona görə də dinsiz qalırlar. Beləliklə, qaraçılar çoxdinli xalqdır, onlar adətən hansı ölkədə yaşayırlarsa, o ölkədəki dominant dinə sitayiş edirlər, monoteizmlə bağlı isə bir qədər yəhudu dininə daha yaxındırlar. Müsəlman qaraçılar şəriətin bütün qaydalarına riayət edirlər, yalnız qadınları üzlərini örtmür, kişiləri sünnət etdirmirlər.

Qaraçıların yazılmamış qanunları diqqəti cəlb edir. Bu qanunlardan çoxu daxili məsələləri əhatə edir. Heç kəs özünü digər soydaşlarının arasında yüksəkdə hesab edə bilməz, böyüklərlə və kiçiklərlə ünsiyyət və davranış qaydaları, bayramların və mərasimlərin keçirilməsi, hətta geyim elementlərinin səhihliyi ciddi nəzarətdə saxlanılır, milli yaradıcılıqla bağlı sənətlərin tətbiqi müdafiə edilir. İzdiham içərisində geniş don, qulaqlarındakı sırğalar, qollarındakı bilərziklər, barmaqlarındakı üzüklər, nəhayət ecazkar qaraçı musiqisi qaraçını o dəqiqə sənə tanıdır. Qonağa dərin hörmət və ehtiram var.

Ənənəyə görə kişi öz ailəsində liderdir, qadın bütün məsələlərdə ona tabedir, çoxarvadlılıq qüsur sayılmır, arvadlar kişinin bir növ işçisi hesab edilir. Adətən analar çoxuşaqlı olurlar, buna görə də ana öz uşaqlarını yedirtmək üçün küçələrdə əl açmalı olur, burada isə təəccüblü heç nə yoxdur. Ailədə 12-15 yaşlı qızlar ərə getməyə hazır olmalıdırlar, ata öz qızını ərə verərkən başlıq ödəyir. Gəlinlər ana olandan və xüsusi baş geyimi geyəndən sonra küçələrə çıxa bilər. Qadınlar “işə” gedərkən uşaqların yanında ahıl nənələr qalır. Bir neçə ailənin birləşib köllektiv yerdəyişmələri zamanı “qazanılmış” bütün vəsait icma üzvləri arasında bərabər bölünür.

Qaraçılar-

Qaraçılar ətrafında xeyli stereotip formalaşmışdır, bunlardan ən mühümü onların sosial normalardan aralı olması, köçəri həyata meyilliliyi, nisbətən şənlik, rəqslərlə dolu həyatsevərlik amilidir. Bir vaxtlar belə bir şaiyə dolaşırdı ki, qaraçılar şəhərbəşəhər, kəndbəkənd dolaşaraq kişiləri və qadınları intimlə təmin edir, sonra onların gözə dəyən nəyi vardısa, oğurlayırlar. Hiyləgər qaraçı falçılarını da görənlər az deyil, onların özlərinə məxsus, əsrlər boyu nəsildən nəslə ötürülən sehrbazlıq və cadugərlik bacarıq və vərdişləri var. Onlar kart falı açmaqda dünyada bəlkə də hamıdan məharətlidirlər, həmçinin heyvanları əhliləşdirməkdə və öz oyunlarında onlardan istifadə etməkdə ustadırlar. Hər bir ana öz qızına falçılığın sirlərini öyrətməyə borcludur.



İnform.az

Baxış sayı: 237