Araşdırma
18.10.2018 / 12:00

Azərbaycanlıların əzəli torpaqlarından sonuncu – 1988-1989-cu illər deportasiyası(Foto)

Azərbaycanlıların əzəli torpaqlarından sonuncu –
Nazim Mustafa/Tarix üzrə fəlsəfə doktoru

"Tarixdə artıq bir dəfə Azərbaycanın əzəli torpaqlarında erməni dövləti yaradılmışdır, o da bugünkü Ermənistandır. O torpaqlar bizim doğma, ata-baba torpaqlarımızdır. İrəvan xanlığı, Zəngəzur mahalı - bütün o adlar Azərbaycan toponimləridir."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev


Əvvəli burada:http://inform.az/index.php?newsid=35194

Ermənistandan azərbaycanlıların deportasiyasının qarşısını almağın mümkünsüzlüyünü görən Azərbaycan KP MK martın 1-də Həsən Həsənovun başçılığı ilə Ermənistandan gələn azərbaycanlılarla iş aparmaq məqsədilə respublika komissiyası yaratmışdı.

Fevralın 27-28-də Dağlıq Qarabağda və Ermənistanda azərbaycanlılara qarşı edilən zorakılıqlara etiraz əlaməti olaraq keçirilən mitinqdən sonra DTK-nın ssenarisi və erməni ekstremistlərinin bilavasitə iştirakı ilə Sumqayıtda kütləvi iğtişaşlar törədildi.

Bundan sonra Ermənistandan azərbaycanlıların yeni qaçqınlıq dalğası başladı. Moskvanın, onun Azərbaycana və Ermənistana göndərilmiş emissarlarının ikiüzlü mövqeləri (Yeqor Liqaçov Azərbaycanda, Aleksandr Yakovlev Ermənistanda) erməni millətçilərinin öz bədnam niyyətlərini həyata keçirmək ümidlərini artırırdı.

Erməni millətçiləri üçün Ermənistanda ən münbit rayonlarda yaşayan 200 mindən artıq azərbaycanlını deportasiya etmək, Dağlıq Qarabağ problemini həll etmək qədər vacib idi. Azərbaycan hökuməti isə Ermənistandan gələn qaçqınları yük maşınlarına dolduraraq geri qaytarmaqla öz işini bitmiş hesab edirdi.

1988-ci il martın 21-nə olan rəsmi məlumata görə, fevralın 28-dən həmin günədək Ermənistandan 16900 nəfər qaçqın gəlmiş, onlardan 8600 nəfəri geri qaytarılmışdı. Buna baxmayaraq, dağ yolları ilə Ermənistanın Vardenis (Basarkeçər), Masis (Zəngibasar), Razdan (Axta), Krasneselo, Yeğeqnadzor, Ararat (Vedi) rayonlarından qaçqın axını gəlir və əsasən Gəncə, Mingəçevir, Naxçıvan şəhərlərində, Şərur, Zəngilan, Qazax, Səlyan, Xanlar (Göygöl), Jdanov (Beyləqan) rayonlarında özlərinə sığınacaq tapırdılar. Naxçıvanda vəziyyət o həddə çatmışdı ki, Bakıdan oraya əlavə ərzaq göndərilməsinə başlanılmışdı.

11 may 1988-ci ildə ermənilər Ararat (Vedi) rayonunun Şirazlı kəndinə hücum etmiş, iki nəfər qətlə yetirilmiş, onlarla nəfər yaralanmış, evlər yandırılmışdı. Əhali Sovet-Türkiyə sərhədinə çəkilərək uzun müddət çadırlarda yaşamaq məcburiyyətində qalmışdı.

Ermənistanda yaşayan azərbaycanlıların vəziyyətini öyrənmək, onların problemlərini həll etmək məqsədilə Azərbaycan KP MK-nın katibi Ramiz Mehdiyevin başçılığı ilə İrəvana nümayəndə heyəti göndərilmişdi. 13-15 aprel 1988-ci il tarixində Ermənistanda olmuş nümayəndə heyəti iki dəfə Ermənistan KP MK-nın birinci katibi Karen Demirçyanla görüşmüşdü.

Lakin verilən vədlərə baxmayaraq, azərbaycanlılara qarşı edilən zorakılıqlara və onların deportasiyasına son qoyulmamışdı. Ermənistandan qovulan azərbaycanlılar Azərbaycan KP MK-ya gələrək, onların Dağlıq Qarabağda məskunlaşdırılmalarını xahiş edirdilər. Azərbaycan rəhbərləri isə nəinki onlara bu şəraiti yaradır, əksinə, onları DQMV-nin ərazisinə buraxmamaq haqqında hüquq-mühafizə orqanlarına möhkəm-möhkəm tapşırıqlar verirdilər.

1988-ci il mayın 15-də ilk dəfə keçmiş Lenin – indiki Azadlıq meydanında əsasən tələbələrin və ziyalıların iştirakı ilə azərbaycanlıların Ermənistandan qovulmasına etiraz əlaməti olaraq izdihamlı mitinq keçirildi. Mitinqdə “Erməni təhrikçiliyinə son qoyulsun!”, “Ermənistanda yaşayan azərbaycanlılar üçün muxtariyyət!”, “Daşnaklara ölüm!” və s. şüarlar səsləndirilmişdi.

1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Sovetinin sessiyası DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edərək SSRİ Ali Sovetinə müraciət etdi ki, buna razılıq versin. Azərbaycan SSR Ali Soveti iyunun 17-də bu qanunsuz tələbi rədd etdikdən sonra Ermənistandakı azərbaycanlıların vəziyyəti daha da ağırlaşdı. İyunun 17-20-də İrəvanda teatr meydanında mitinqə toplaşan qeyzlənmiş erməni dəstələri avtobuslarla azərbaycanlılar yaşayan Masis rayonunun mərkəzinə və Zəngilər, Zəhmət, Dəmirçilər, Dostluq, Nizami, Sarvanlar kəndlərinə basqınlar etdilər. Müdafiəsiz on mindən çox azərbaycanlılar Sovet-Türkiyə sərhədinə toplaşmış, günlərlə orada gecələməyə məcbur olmuşdular. Həmin günlər 20-dən çox azərbaycanlı yaralanmışdı.

Rayon mərkəzi Uluxanlı qəsəbəsindən 3 mindən çox azərbaycanlı evlərindən çıxarıldı. Bütün bu iğtişaşlar zamanı SSRİ Daxili İşlər Nazirliyinin rayonda olan qüvvələri yalnız müşahidəçi rolunu oynayırdılar.

1988-ci il iyulun 9-da Azərbaycan KP MK-nın yeni birinci katibi Əbdürrəhman Vəzirovun tapşırığı ilə Şuşada və DQMV-nin digər məntəqələrində özbaşına və yaxud qohumlarının yanında məskunlaşmış azərbaycanlı qaçqınlar muxtar respublika ərazisindən çıxarılaraq digər rayonlara göndərildilər.

1988-ci il iyulun 18-də SSRİ Ali Soveti Rəyasət heyətinin iclası DQMV haqqında məsələni müzakirə edərək respublikalar arasında sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi haqqında qərar qəbul etdikdən sonra erməni millətçiləri azərbaycanlıların Ermənistan ərazisindən çıxarılması üçün hər yerdə mitinqlər təşkil etməyə başladılar.

İyulun 21-də ermənilərin Kalinino rayon mərkəzində yaşayan azərbaycanlılara silahlı hücumu nəticəsində 86 yaşlı Məhəmməd Sadıqov qətlə yetirilmiş, onlarla adam yaralanmışdı.

Avqustun 20-də Xankəndi şəhər meydanında keçirilən mitinqdə Ermənistandan gələn azərbaycanlı qaçqınların muxtar vilayətin ərazisindən çıxarılmaları tələbi irəli sürülmüşdü.

Ermənistan EA-nın müxbir üzvü, “Qarabağ” hərəkatının liderlərindən olan akademik Rafael Kazaryan 1988-ci il noyabrın 4-də İrəvanda keçirilən mitinqdə demişdi: “Dəstələrin köməyi ilə emiqrasiyanı təmin etmək lazımdır. Bizə bütün onilliklər ərzində ilk dəfə Ermənistanı türklərdən təmizləmək imkanı verilmişdir. Mən bunu bu on aylıq mübarizəmizin ən böyük nailiyyəti hesab edirəm”.

1988-ci il noyabrın ortalarında Ermənistandan Azərbaycana 80 mindən artıq qaçqın pənah gətirmişdi. Noyabrın 17-də Bakıda “Azadlıq” meydanında keçirilən mitinq zamanı Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyət verilməsi tələbi ilə qətnamə qəbul edilmişdi. Ermənistan televiziyası həmin gün Bakıda keçirilən mitinqdən reportajlar göstərərək, həmin qətnamənin tələblərini dəfələrlə efirdə səsləndirmişdi.

Noyabrın 22-də Ermənistan SSR Ali Sovetinin azərbaycanlı deputatların iştiraki olmadan növbədənkənar sessiyası çağırılmışdı. Sessiyanın keçirildiyi Opera teatrının binasının qarşısına toplaşan mitinq iştirakçılarının hücumundan sonra Ermənistan rəhbərliyi mitinqçilərin tələbi ilə sessiyasının gedişini dayandırmış, deputatları və rayon rəhbərlərini “qayda-qanunu bərpa etmək” adı altında yerlərdə göndərmişdi. Rayon rəhbərlərinə tapşırıq verilmişdi ki, bir həftə ərzində, yəni noyabrın 28-dək Ermənistanı azərbaycanlılardan təmizləmək aksiyasını başa çatdırsınlar.

Ermənistan KP MK, Ali Sovet və Nazirlər Sovetinin orqanı olan “Kommunist” (rusca) qəzeti 13 dekabr 1988-ci il tarixli sayında dərc edilən “Fəlakət anı, məsuliyyət anı” məqaləsində həmin günlərdə törədilən qırğınlardan bəhs edərək yazırdı: “Noyabrın 26-da “Qarabağ” hərəkatı fəallarının təhrikçi çıxışlarından qızışmış 500 nəfər Kirovakan (indiki Vanadzor) sakini Şaumyan (əvvəlki adı Vartanlı olmuşdur) kəndinə doğru hərəkət etdi. Vuruşma iki gün davam etdi, silahlı atışma oldu. Ölənlər var. Kuybışev kəndində də qırğınlar törədildi, orada da tələfat var. Hərəkatın fəallarının köməyi ilə yaradılmış “özünümüdafiə dəstələri” yollarda qoyduqları postlarda azğınlıqlar törədirdilər. Azərbaycanlı kəndlərinə ərzaq köməyi göstərən ermənilər döyülürdülər.”

Vartanlı və Kuybışev kəndlərində ermənilərin törətdikləri qırğınları ört-basdır edən rəsmi orqanlar yalnız “atışma olmuşdur, tələfat var” ifadələri işlətməklə kifayətlənmişdilər. Vartanlı kəndi Kirovakan şəhərinə bitişik olmasına baxmayaraq, inzibati-ərazi bölgüsünə görə Quqark rayonuna daxil idi. XX əsrin əvvəllərində tamamilə azərbaycanlılar yaşayan Vartanlı kəndində 1988-ci ilin sonunda ermənilər çoxluq təşkil edirdilər. Ermənilər noyabrın 25-dən 26-na keçən gecə kəndə silahlı hücum etmişdilər. Həmin gün güclü qar yağır, boran əsirdi. Azərbaycanlılar əsasən kəndi tərk edib ətraf meşələrə çəkilməyə məcbur olmuşdular.

Ümumiyyətlə, təkcə noyabrın 26-27-də Vartanlı kəndində 14 nəfər azərbaycanlı vəhşicəsinə öldürülmüş və yandırılmışdır. Kəndin sağ qalan əhalisi qarlı-çovğunlu günlərdə dağlarla, meşələrlə gündüzlər gizlənib yalnız gecələr yol gedərək 13-14 gün ərzində Azərbaycana çatmışdılar. Onlarla vartanlılar dağlarda itkin düşdülər.

Toqquşma zamanı aldıqları bədən xəsarətindən, yollarda tutulduqları xəstəlikdən sonra Azərbaycana gələn onlarla vartanlılı vəfat etmiş, bir çoxları ömürlük şikəst olmuşdular. Ümumiyyətlə, həmin dövrdə Quqark rayonunda ermənilərin törətdiyi qırğınlar nəticəsində 30-dan artıq azərbaycanlı qətlə yetirilmişdir.

Quqark faciəsi Ermənistan rəhbərliyi tərəfindən ört-basdır edildi. Sonralar, yəni 1989-cu ildə Ermənistan KP MK bürosu Quqark rayon partiya komitəsinin birinci katibi L. Bağdasaryanı və RİK-nin sədri S. Kazaryanı işdən azad etməklə kifayətləndi.

Azərbaycanlıların əzəli torpaqlarından sonuncu –


Azərbaycanlıların əzəli torpaqlarından sonuncu –



Davamı var...

İnform.az

Baxış sayı: 120