Elm-təhsil
17.10.2018 / 19:10

Aİİ-də “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminar keçirilib- FOTO

Aİİ-də “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminar keçirilib-
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminarını keçirib.

İnstitutun Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, seminarı Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Anar Qafarov aparıb.

A.Qafarov tələbələrin dünyagörüşünün zənginləşməsi, elmi axtarışlara sövq edilməsi üçün Aİİ-nin müxtəlif mövzularda təşkil etdiyi seminarların əhəmiyyətini xüsusi vurğulayıb.

A.Qafarov mövzunun əhəmiyyətinə toxunaraq, 2016-cı ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edildiyini xatırladıb. Bildirib ki, ölkəmizdə formalaşmış nümunəvi multikultural mühitə və bu kimi dəyərlərə verilən qiymət, fəlsəfi yanaşmalar gənc nəsil üçün faydalıdır.

Sonra Xəzər Universitetinin müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə çoxmədəniyyətlilik, tolerantlıq və fəlsəfənin bir-biri ilə çoxşaxəli nəzəri və təcrübi əlaqələrə malik olduğu, multikulturalizmin əsasının məhz fəlsəfi yanaşmalar üzərində qurulduğu vurğulanıb.

Diqqətə çatdırılıb ki, bu istiqamətdə irəli sürülən müxtəlif fəlsəfi fikirlər multikulturalizmdən və mədəniyyətlərin bir-birinə təsirindən yaranan yanaşmalardır. Fəlsəfənin tolerantlığa bağlılığının qədim zamanlardan formalaşdığını qeyd edən M.Yaqub Azərbaycan xalqının güclü fəlsəfi təfəkkürə malik olduğunu bildirib.

Məruzəçi Azərbaycanın dahi mütəfəkkirlərinin əsərlərindən misal gətirərək, ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinə humanist yanaşmanın buna bariz nümunə olduğunu qeyd edib.

Tədbir mövzu ətrafında müzakirələrlə başa çatıb.

Aİİ-də “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminar keçirilib-



İnform.az

Baxış sayı: 57