Baş xəbər, Mədəniyyət
17.10.2018 / 11:45

"Televiziyalar qarşısında şərt qoyulmalıdır"- Novruz Aslan

"Televiziyalar qarşısında şərt qoyulmalıdır"-
Millət vəkili özəl televiziyalarla bağlı təkliflə çıxış etmək niyyətindədir.

İnform.az-ın xəbərinə görə, bu haqda oxu.az-a eksklüziv açıqlamasında tanınmış bəstəkar, millət vəkili Novruz Aslan deyib.

O qeyd edib ki, təklifini yaxın zamanlarda üzvü olduğu parlamentin Mədəniyyət komitəsində səsləndirmək fikrindədir.

“Ancaq bunu indidən sizin sayt vasitəsilə anons edirəm ki, televiziyalara, özəl televiziyalara fəaliyyət göstərmələri üçün lisenziyalar verilir, onlarla müqavilə bağlanılır və bu baxımdan, hesab edirəm ki, müqavilənin bir hissəsi o olmalıdır ki, Azərbaycan mədəniyyətinə, onun musiqisinə, onun ədəbiyyatına, onun tarixinə mütləq olaraq, efir saatı ayrılmalıdır.

Lisenziya verilmə, müqavilə bağlanma şərtlərindən biri bu olmalıdır. Telekanallarda Azərbaycan muğamları mütləq olaraq yayılmalıdır. Ən azı yarım saat, bir saat getməlidir bunlar.

Yalnız bu öhdəlikdən sonra telekanallara lisenziya, icazə verilməlidir, müqavilə bağlanmalıdır.

Bilirsiniz, artıq belə bir fikir şüurlarda hakim kəsilib ki, reytinq naminə mən milyon qazanıramsa, amma bunları edərəmsə, 800 min qazanacağam, Azərbaycan naminə məhz bu 200 mindən keçmək lazımdır.

Eybi yoxdur, bir milyon qazanma, 800 min qazan. Məgər az qazanırlar?! Düzdür, xərcləri də çoxdur, amma qazancları da az deyil. Başa düşə bilmirəm, onlar niyə narahat olurlar ki, muğam, hansısa bir musiqi əsəri, hansısa bir şeir səslənəndə onların baxışı azalır… Azdır azdır da, az olanda nə olar?!

Axı, o az yavaş-yavaş çoxala bilər?! Məsələn, uşaq gəlib atasının yanında oturanda deyəcək ki, “Ata, nəyə baxırsan?”, atası da cavab verəcək ki, “Məhəmməd Füzulinin şeirinə qulaq asıram”.

O, istər-istəməz oturacaq atası ilə bir yerdə, çay içəcək və atasından soruşacaq ki, “Orada əruz vəznində deyilən o şeiri başa düşmürəm, ata, o, nədir, nədən söhbət gedir?” və ata onu izah edəcək, Məhəmməd Füzulinin fəlsəfəsini ona anladacaq.

İstər-istəməz o sual verəcək ki, bəs Füzuli kim olub? Harada olub, doğulub? Bax, beləliklə, auditoriya böyüyəcək… Bunun nəyin pisdir ki?!

Mən özüm də muğamı belə mənimsədim. Uşaq olanda muğama qulaq asa bilmirdim, başa düşmürdüm, anlamırdım. Amma atam, anam saatlarla dayanıb, muğama qulaq asanda məndə o sevgi, o məhəbbət yarandı.

Başladım muğamı anlamağa və sonra atam xüsusi olaraq (artıq musiqiyə, sənətə olan həvəsimi görürdü) mənim üçün müəllim tutdu, o, ancaq mənə milli muğamlarımızı öyrədirdi. İndiyə kimi yadımdadır, hər ay o müəllimə 100 manat pul verirdi ki, mənə ancaq Azərbaycan muğamlarını öyrətsin.

Odur ki, lisenziyalarla bağlı məsələdə şərt olaraq bunlar nəzərdə tutulmalıdır”, - deyə deputat əlavə edib.


İnform.az

Baxış sayı: 107