Elm-təhsil
17.10.2018 / 10:50

ADPU-da ingilis dilinin tədrisinin yüksəldilməsinə xüsusi diqqət ayrılır- FOTO

ADPU-da ingilis dilinin tədrisinin yüksəldilməsinə xüsusi diqqət ayrılır-
Tədrisin keyfiyyətinin yaxşılaşdırılması, öyrətmə və öyrənmə prosesinin pedaqoji və texnoloji ehtiyaclarının ödənilməsi üçün insan kapitalıının inkişaf etdirilməsi olduqca vacibdir.

Bu baxımdan, davamlı olaraq professor-müəllim heyətinin peşəkarlığının artırılması üçün universitetdə mütəmadi tədbirlər görülür.

Belə önəmli addımlardan biri də ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) birgə layihəsidir.

Aprel ayından başlanmış layihənin əsas məqsədi ADPU-da ingilis dilini tədris edən professor-müəllim heyətinin bacarıqlarının inkişaf etdirilməsidir.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən İnform.az-a verilən məlumata görə, layihə çərçivəsində ADPU-da mövcud olan hər iki kafedranın, həmçinin Şəki Filialının professor-müəllim heyəti prosesə cəlb edilmiş, ilk olaraq dil bilik səviyyələrinin müəyyənləşdirilməsi məqsədilə ölkəmizdə “Cambridge Assessment English Exam Centre”-in rəsmi nümayəndəsi AMİM tərəfindən “Cambridge English Placement Test (CEPT)” imtahanları təşkil edilmişdir. İmtahanların nəticələrinə əsasən yüksək nəticə əldə etmiş müəllimlər üçün “TKT Modul 1 – Dil tədrisinin əsasları” və “İngilis dili” adlı təlimlər təşkil edilib.

Cari ilin sentyabr ayından başlayan təlimlərdə ADPU üzrə 28 nəfər, Şəki Filialı üzrə 11 nəfər müəllim iştirak edir.

Oktyabrın 16-da CEPT imtahanlarından yüksək nəticə əldə etmiş və hazırda adıçəkilən təlimlərdə iştirak edən müəllimlərlə görüş keçirildi. Müəllimlik peşəsinin ucalığını qeyd edən rektor, professor Cəfər Cəfərov xarici dil bilməyin əhəmiyyətini qeyd etdi.

Müasir dünyada müəllimlərin öz peşələri ilə yanaşı, ən azı iki xarici dildə danışmaq təcrübəsinin geniş yayıldığını vurğulayan rektor ali təhsil müəssisələrinin beynəlmiləlləşməsində, beynəlxalq reytinq cədvəllərində əsas göstəricilərdən biri kimi əcnəbi tələbələrin cəlbi prosesində xarici dillərin vacibliyinə toxunub.

Bir ali təhsil müəssisəsi kimi gələcək nəsillərin formalaşmasında fəal rol oynamaq, daha çox beynəlxalq layihələr həyata keçirmək, digər ixtisaslar üzrə tədris aparan professor-müəllim heyətini də bu proseslərə cəlb etmək üçün əsas ağırlığın məhz ingilis dili müəllimlərinin üzərinə düşdüyünü bildirib.

Tədris prosesinin keyfiyyətinin artırılması məqsədilə görülən tədbirlərdə müəllimlərin fəal iştirakının vacib olduğunu qeyd edən professor Cəfər Cəfərov ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi Fulbrayt proqramı çərçivəsində xarici mütəxəssislərlə əməkdaşlıq imkanlarına toxundu, müəllimləri təşəbbüskar olmağa səslədi. Çıxışının sonunda rektor görüş iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Müəllim mərkəzli tədrisdən tələbə mərkəzli sistemə keçidə toxunan Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə müəllimlərə uğurlar diləyib.

Sonra Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, İngilis dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Nailə Sadıqova, İngilis dili kafedrasının müdiri, dosent Gülçöhrə Alıyeva, müəllimlər Gülhəyat Abdullayeva, Hicran Babayeva, Jalə Səmədova yaradılmış bu imkanlar üçün universitet rəhbərliyinə təşəkkür ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Eyni zamanda bildiririk ki, layihə çərçivəsində ADPU-da hazırlanan gələcək ingilis dili müəllimlərinin bilik səviyyəsini müəyyənləşdirmək məqsədilə “İngilis dili müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr də prosesə cəlb edilərək, CEPT imtahanlarında iştirak ediblər.

Qeyd edək ki, monitorinq xarakteri daşıyan bu imtahanlar tələbələrin ADPU-da verəcəkləri imtahan və Buraxılış Yekun Dövlət Attestasiyasının nəticələrinə heç bir çəkildə təsir göstərmir.

ADPU-da ingilis dilinin tədrisinin yüksəldilməsinə xüsusi diqqət ayrılır-



İnform.az

Baxış sayı: 39