Baş xəbər, Araşdırma
15.10.2018 / 12:00

Azərbaycanlıların əzəli torpaqlarından sonuncu – 1988-1989-cu illər deportasiyası(Foto)

İnform.az bu gündən etibarən "Qərbi Azərbaycanlı soydaşlarımızın 1988-1991-ci illər deportasiyası" adlı rubrikaya start verir.

Rubrikamızda bu mövzuayla bağlı elmi arasdırmalar, publisistik, eləcə də bədii yazılar yer alacaq.

İlk yazını təqdim edirik:


Azərbaycanlıların əzəli torpaqlarından sonuncu –
Nazim Mustafa/Tarix üzrə fəlsəfə doktoru

"Tarixdə artıq bir dəfə Azərbaycanın əzəli torpaqlarında erməni dövləti yaradılmışdır, o da bugünkü Ermənistandır. O torpaqlar bizim doğma, ata-baba torpaqlarımızdır. İrəvan xanlığı, Zəngəzur mahalı - bütün o adlar Azərbaycan toponimləridir."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev


İndi Ermənistan adlanan dövlətin ərazisində yaşayan azərbaycanlıların əzəli torpaqlarından sonuncu deportasiyasından düz otuz il ötür.

1988-ci ilin fevralından başlanan bu proses həmin ilin noyabr-dekabr aylarında kulminasiya nöqtəsinə çatdı. Dekabrın 7-də baş verən Spitak (Hamamlı) zəlzələsindən sonra bir müddət ermənilərin başları dağıntıların nəticələrini aradan qaldırmağa qarışsa da, proses artıq geriyədönməz xarakter almışdı. Deportasiya aksiyası 1989-cu ilin yayında başa çatdırılmış hesab olundu.

Rəhbərliyində kimlərin olmasından asılı olmayaraq, Sovet Ermənistanının Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan ərazilərinə iddiası və bu iddiaların fonunda Ermənistandan azərbaycanlıların sıxışdırılıb çıxarılması hər zaman gündəlikdə olmuşdur.

Sadəcə olaraq, situasiyadan asılı bu iddialar gah aktuallaşmış, gah da arxa plana çəkilmişdir. SSRİ Konstitusiyasında müttəfiq respublikaların ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin təsbit edilməsi ermənilərin qarşısında bir maneə olsa da, onlar heç zaman bu iddiadan əl çəkməmişlər.

Ermənistan rəhbərləri bəzən öz imzaları ilə, bəzən də Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni ziyalılarının imzaları ilə SSRİ rəhbərliyinə vaxtaşırı müraciətlər göndərirdilər. Rəsmi İrəvan və DQMV erməniləri 1945, 1964, 1975, 1977 və 1987-ci illərdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Moskvaya müraciətlər etmişdilər.

İkinci Dünya müharibəsinin sonunda SSRİ-nin Türkiyənin Qars və Ərdahan vilayətlərinə ərazi iddiası irəli sürmüşdü. SSRİ-yə birləşdirildikdən sonra Qars vilayətində ermənilərin, Ərdahan vilayətində isə gürcülərin məskunlaşdırılması nəzərdə tutulmuşdu.

Bu fürsətdən istifadə edən Ermənistan rəhbərləri xarici ölkələrdən 100 minə yaxın ermənini köçürüb gətirtdi ki, onları sonradan Qars vilayətində yerləşdirsin. Əvəzində, 100 min azərbaycanlının Ermənistandan Azərbaycanın Kür-Araz ovalığına “könüllü köçürülməsi” haqqında SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il qərarının qəbul edilməsinə və 1948-1953-cü illərdə təqribən o qədər azərbaycanlının tarix-etnik torpaqlarından deportasiyasına nail oldular.

Ermənistanda antitürk, antiazərbaycan təbliğatı 1960-cı illərin ortalarında var gücü ilə yenidən işə salındı. Moskvanın razılığı ilə 1965-cü ildə Ermənistanda uydurma “Erməni soyqırımı”nın 50 illiyi mərasimi keçirildi. Həmin dövrdə İrəvanda Ermənistanı Yenidənbirləşdirmə Komitəsi yaradılmışdı.

Bu komitəyə gizli surətdə Ermənistanın o zamankı rəhbərləri və ziyalıları başçılıq edirdilər. Komitə “Türkiyə Ermənistanı”nı, Naxçıvan və Dağlıq Qarabağı Ermənistana birləşdirməyi qarşısına məqsəd qoymuşdu.

Həmin dövrdə Ermənistanda aparılan milli ayrıseçkilik və diskriminasiya siyasəti nəticəsində İrəvan və onun ətraf rayonlarından yüzlərlə ailə Azərbaycana köçməyə məcbur olmuşdu.

Ermənistanda yaşayan azərbaycanlılara qarşı açıq elan edilməmiş “səlib yürüşü”nün proqramı respublikanın ən yüksək dairələrində hazırlanır, gizli qərarlar və xüsusi göstərişlər vasitəsilə həyata keçirilirdi.

1983-cü il aprelin 24-də ermənilər "genosid" gününü bəhanə edərək Masis (Zəngibasar) rayonunun mərkəzi Uluxanlıda azərbaycanlılar yaşayan evlərə basqınlar etmiş, qəsəbədəki qəbiristanlıqda qəbir daşlarını qırıb dağıtmışdılar. Müdafiəsiz əhali Türkiyə ilə sərhəd zolağına sığınmağa məcbur olmuşdu.

1984-cü ildə Azərbaycan xalqının qəddar düşməni Zori Balayanın “Ocaq” kitabının çap edilməsi azərbaycanlılara qarşı düşmənçilik hisslərinin açıq-aşkar qızışmasına səbəb oldu. Ermənistanda azərbaycanlılara qarşı aparılan milli ayrıseçkilik siyasətinə, onların müxtəlif bəhanələrlə sıxışdırılmasına nəhayət ki, Sov.İKP MK reaksiya verməyə məcbur olmuşdu.

"Ermənistan partiya təşkilatında Sov.İKP MK-nın 1983-cü il iyun plenumunun qərarının yerinə yetirilməsi haqqında" Sov.İKP MK-nın 17 oktyabr 1984-cü il tarixli qərarında deyilirdi ki, son vaxtlarda Ermənistanda millətçilik əhval-ruhiyyəsini qızışdıran əsərlər yazılır, tarixi həqiqətlər təhrif edilir, azlıqda qalan millətlərin dilinin və mədəniyyətinin inkişafına imkan yaradılmır, partiya, sovet və təsərrüfat strukturlarında onların nümayəndələri təmsil olunmurlar və s.

1985-ci ildə Mixail Qorbaçovun SSRi-nin rəhbərliyinə gəlməsindən sonra “yenidənqurma” və “aşkarlıq” pərdəsi altında Ermənistanda və DQMV-də millətçilik ab-havası gündən-günə qızışırdı.

Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə pərdəsi altında Azərbaycana qarşı anneksiya planının həyata keçirilməsinin qarşısını ala biləcək şəxs – Heydər Əliyev 1987-ci il oktyabrın 19-da erməni lobbisinin təzyiqi ilə Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən uzaqlaşdırıldı.

Bundan az sonra noyabrın 18-də Sov.İKP MK-nın baş katibi M. Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri akademik Abel Aqanbekyan Parisdə “L’Humanite” qəzetinə verdiyi müsahibəsində DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan etdi.

Həmin ilin noyabrında M. Qorbaçov ABŞ-da səfərdə olarkən onun xanımı Raisa Qorbaçova erməni diasporunun nümayəndələri ilə görüşmüşdü. Görüşün təşkilində SSRİ-nin həmin vaxt ABŞ-dakı səfiri Yuri Dubininin xanımı Liana Zavenovna Dubinina xüsusi fəallıq göstərmişdi. Raisa Qorbaçovanın tamahına bələd olan ermənilər ona qiymətli hədiyyələr bağışlamış, M. Qorbaçovdan Dağlıq Qarabağ ermənilərinin tələblərini yerinə yetirməyi xahiş etmişdilər.

1987-ci ilin avqustunda ermənilər Dağlıq Qarabağdan və Ermənistandan 75 min imza toplayaraq Kremlə göndərmişdilər.

Dekabrın 1-də Dağlıq Qarabağ ermənilərinin təmsilçiləri muxtar vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın tərkibinə verilməsi haqqında hazırlanmış müraciəti Sov. İKP MK-ya təqdim etmişdilər. Dağlıq Qarabağın erməni icmasının daha bir müraciəti və toplanmış imzaları 8 yanvar 1988-ci ildə SSRİ Ali Soveti sədrinin birinci müavini Pyotr Demiçevə təqdim etmişdi.

Fevralın 13-də DQMV-də gizli fəaliyyət göstərən separatçı “Krunk” (“Durna”) təşkilatının təşkilatçılığı ilə DQMV-nin Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndidə ilk mitinq keçirilmişdir. Fevralın 18-də Kremldəki erməni lobbisinin “kuyratoru” Georgi Şahnazarovun M. Qorbaçovun köməkçisi təyin edilməsindən sonra erməni separatçıları daha da fəallaşmışdılar. Həmin günlərdə İrəvanda keçirilən mitinqlərdə “Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistanda ancaq ermənilər yaşamalıdır!” kimi millətçi şüarlar irəli sürülmüşdü.

DQMV Xalq Deputatlar Sovetinin növbədənkənar sessiyasının çağırılacağı xəbərini alan Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov 1988-ci il fevralın 20-də səhər-səhər təyyarə ilə Xankəndinə gəlmiş, Vilayət Partiya Komitəsinin büro iclasını keçirmiş, erməni separatizminin qarşısını almağa çalışmışdı. Lakin elə həmin gün axşam Vilayət Xalq Deputatları Sovetinin növbədənkənar sessiyası keçirilmiş, muxtar vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında qəbul edilmiş və qərara anlayışlı yanaşılması üçün Azərbaycan və Ermənistan Ali Sovetlərinin Rəyasət Heyətlərinə müraciət edilmiş, bu məsələnin müsbət həlli üçün SSRİ Ali Soveti qarşısında vəsatət qaldırılmışdı.

Elə həmin gün Qafan rayonundan qovulan azərbaycanlı qaçqınların ilk dəstəsinin nümayəndələri Azərbaycan KP MK-da qəbul edilmişdi.

Fevralın 21-də səhər-səhər əllərində Ermənistan SSR-in bayrağı və M. Qorbaçovun portretləri olan nümayişçilər Vilayət Partiya Komitəsinin binasının qabağına toplaşaraq “Dağlıq Qarabağ Ermənistanın ayrılmaz tərkib hissəsidir!”, “Qarabağ – yox, Arçax – hə!”, “Yaşasın milli siyasətdə yenidənqurma!” şüarlarını səsləndirmişdilər.

Həmin gün axşam Sov.İKP MK-nın Siyasi Bürosu DQMV-də baş verən hadisəni müzakirə etmiş, ermənilərin iddiasının dövlətin mövcud milli-ərazi quruluşunun dəyişdiriləməsinə cəhd və yolverilməz olduğu mövqeyi bildirilmiş, vəziyyəti nəzarətdə saxlamaq üçün Sov.İKP MK-nın katibi Georgi Razumovski, SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin birinci müavini Pyotr Demiçev və SSRİ DTK-sı sədrinin birinci müavini Flipp Bobkov Bakıya gəlmiş, oradan da Xankəndinə getmişdilər.

Kremlin ilk rəsmi açıqlamasından narazı qalan ermənilər İrəvanda və Xankəndində etiraz mitinqlərinə başlamışdılar. Fevralın 21-də İrəvanda fəaliyyət göstərən yeganə Dəmirbulaq məscidi (XX əsrin əvvəllərində şəhərdə 8 məscid var idi) və M. F. Axundov adına azərbaycanlı orta məktəbin binası, C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırıldı. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evlərinə od vurdular.

Fevralın 22-də ermənilər Əsgəran rayonunda Bəxtiyar Quliyev və Əli Hacıyev adlı iki gənci qətlə yetirdikdən sonra Xankəndi-Ağdam yolunda Ağdam rayonunu sakinləri ilə Əsgəran sakinləri arasında qarşıdurma olmuş, 19 nəfər yaralanmışdı. Fevralın 25-də Azərbaycanın öz ərazisindən azərbaycanlıların ilk qaçqınlıq dalğası başladı.

DQMV-nin ərazisində ermənilərin təzyiq və təhqirlərinə tab gətirməyən 540 ailə (təqribən 2,5 min nəfər) Ağdam rayonuna, 150 ailə isə (təqribən 500-600 nəfər) Ağcabədi rayonuna pənah gətirmişdi.

Ermənistan ərazisindən isə azərbaycanlıların deportasiyası günü-gündən intensivləşirdi. Fevralın 28-nə olan rəsmi məlumata görə, Qafan rayonundan qonşu Zəngilan rayonuna təqribən 2 min nəfər azərbaycanlı qaçqın kimi gəlmişdi. Həmin günlərdə İmişli və Qubadlı rayonlarına da Ermənistandan yüzlərlə qaçqın ailəsi pənah gətirmişdi.

Abşeron rayonuna Ermənistandan canını qurtarıb gələn 200 nəfər qaçqını Mərkəzi Komitənin birinci katibi K. Bağırov və Moskvadan gələn yüksək vəzifəli şəxslər qəbul etmişdilər. Gəncədə və Naxçıvanda Ermənistandan azərbaycanlıların təqib edilmələrinə etiraz əlaməti olaraq aksiyalar keçirilmişdi.

İrəvanda fəaliyyət göstərən “Qarabağ” komitəsinin rəhbərləri Silva Kaputikyan və Zori Balayan fevralın 24-də Moskvada Sov.İKP MK Siyasi Bürosunun üzvü, MK katibi Aleksandr Yakovlevlə üç saata yaxın danışıq aparmışdılar.

Fevralın 26-da isə M. Qorbaçovun köməkçisi Georgi Şahnazarovun və A. Yakovlevin («Latinskaya Amerika» jurnalının redaktoru Serqo Mikoyanın qayını A. Yakovlevin köməkçisi idi) müşayiəti ilə Sov. İKP MK-nın baş katibi M. Qorbaçov S. Kaputikyanı və Z. Balayanı qəbul etmişdi. Saatyarım müddətdə onlar M. Qorbaçova türk dünyasının xəritəsini və saxta tarixi arayışlar təqdim etmiş, onu DQMV-nin Azərbaycanın tərkibində qalmasının mümkünsüzlüyünə inandırmağa çalışmışdılar.

Lakin Qorbaçov onlara Dağlıq Qarabağın Ermənistana veriləcəyini vəd etməmişdi. Əvəzində, DQMV-nin sosial-iqtisadi inkişafı üçün o dövrün miqyasına görə çox böyük bir məbləğ olan 400 milyon rubl ayırılacağına söz vermişdi.

Çünki Qorbaçov bilirdi ki, SSRİ ərazisində 19 potensial milli münaqişə ocağı mövcuddur və sərhədlərin dəyişdirilməsi yolu ilə Dağlıq Qarabağın Ermənistana verilməsi SSRİ-nin süqutuna gətirib çıxara bilərdi. Həmin görüşdə G. Şahnazarov S. Kaputikyan və Z. Balayana deyir ki, gedin İrəvanda deyin ki, tezliklə milli məsələyə həsr olunacaq Ümumittifaq konfransı keçiriləcək və o zaman qərar qəbul ediləcək. Bundan sonra İrəvanda və Xankəndində yeni mitinqlər dalğası başlamışdı.

Fevralın 27-də Sov.İKP MK-nın beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci müavini Karen Brutens Xankəndinə gələrək erməni separatçılarının rəhbərləri ilə tam məxfi görüş keçirmiş, onlara təzyiqləri artırmağı və tələblərindən geri çəkilməməyi məsləhət görmüşdü.

Azərbaycanlıların əzəli torpaqlarından sonuncu –


Azərbaycanlıların əzəli torpaqlarından sonuncu –



Davamı var...

İnform.az

Baxış sayı: 360