Elm-təhsil
12.10.2018 / 17:40

ADPU-nun müəllimləri Finlandiyada və Rusiyada səfərdə olublar- FOTO

Finlandiyanın Saimaa Tətbiqi Elmlər Universitetinin rektoru, professor Anneli Pirttilanın dəvətinə və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərovun müvafiq əmrinə əsasən Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov və İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Yaqut Rzayeva 28 sentyabr-5 oktyabr 2018-ci il tarixlərdə Finlandiyada və Rusiyada səfərdə olublar.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən İnform.az-a verilən məlumata görə, səfər çərçivəsində sentyabrın 29-da A.S.Puşkin adına Leninqrad Dövlət Universitetinin Vıborq Filialının fəaliyyət istiqamətləri, həmçinin yeni texnologiyaların tədris prosesinə tətbiqi ilə tanış olublar. A.S.Puşkin adına Leninqrad Dövlət Universitetinin rəhbərliyi ilə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların, o cümlədən “Korreksiya pedaqogikası” ixtisası üzrə elmi kadrların hazırlanması, elmi konfrans və simpoziumların birgə təşkili məsələrində razılıq əldə edilib.

Nümayəndələrimiz Finlandiyanın Saimaa Tətbiqi Elmlər Universitetinin təşkilatçılığı ilə 1-5 oktyabr 2018-ci il tarixlərdə Lappeenranta şəhərində keçirilən “Saimaa Calling” beynəlxalq həftəsində iştirak ediblər. 22 ölkədən 100-ə qədər mütəxəssisin iştirak etdiyi beynəlxalq tədbirdə 25 mütəxəssisin, həmçinin Finlandiyanın elm, təhsil və mədəniyyət nazirinin online məruzəsi dinlənilərək müzakirə edilib. “Azərbaycanda müasir təhsil sisteminin modernləşdirilməsinin sosial-mədəni istiqamətləri” mövzusunda məruzə təqdim edilib.

Oktyabrın 2-də Saimaa Tətbiqi Elmlər Universitetinin rektoru, professor Anneli Pirttila ilə rəsmi görüşdə həmin universitetin və ADPU-nun fəaliyyət istiqamətləri, strukturu, uğurları barədə tərəflər bir-birlərinə məlumat veriblər. Saimaa Tətbiqi Elmlər Universiteti ilə ADPU arasında elm və təhsil sahəsində əməkdaşlığa dair, o cümlədən beynəlxalq layihələrdə birgə iştirak məsələlərinin müzakirəsindən sonra Finlandiya Universitetinin rektoruna hədiyyə, həmçinin Azərbaycan alimlərinin müəllifliyi ilə rus dilində nəşr edilmiş bir neçə monoqrafiya təqdim edilib.

“Saimaa Calling” beynəlxalq həftəsi oktyabrın 5-də Saimaa Tətbiqi Elmlər Universitetinin İmatra şəhərindəki kampusunda yerləşən Turizm fakültəsinin tələbələrinin hazırladıqları rəsmi banket və konsertlə yekunlaşıb.

ADPU-nun müəllimləri Finlandiyada və Rusiyada səfərdə olublar-



İnform.az

Baxış sayı: 31