Hərbi, Qarabağ
11.10.2018 / 18:35

Azərbaycan ərazi bütövlüyünü hərb yolu ilə də həll etməyə qadirdir

Azərbaycan ərazi bütövlüyünü hərb yolu ilə  də həll etməyə qadirdir
Beynəlxalq aləmdə baş verənlərə nəzər salsaq, görərik ki, ölkənin təhlükəsizliyi və sabitliyinə xarici amillər də təsir edir.

Məhz bu səbəbdən də müasir dünyada dövlətlərin təhlükəsizliyinin təmin olunması yalnız öz sərhədləri ilə məhdudlaşmır. Azərbaycan da daxili və xarici siyasətini bu prinsip əsasında qurur.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu məsələyə toxunaraq bildirib: “Bugünkü dünyada vəziyyəti nəzərə alsaq, deməliyik ki, bu gün sabitlik, təhlükəsizlik hər bir ölkə üçün əsas amillərdən biridir. Azərbaycanda isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Sabitliyin, uğurlu inkişafımızın təməlində bizim düşünülmüş siyasətimiz dayanır, eyni zamanda, xalq tərəfindən bizim siyasətimizə göstərilən dəstək dayanır. Dünyada və xüsusilə yaşadığımız bölgədə vəziyyət gərgin olaraq qalır, yeni qarşıdurma, münaqişə ocaqları yaranır. Əvvəlki illərdə yaranmış gərgin vəziyyət, əfsuslar olsun ki, aradan qaldırılmır. Belə olan vəziyyətdə biz əlbəttə ki, özümüzü mümkün olan xarici risklərdən daha da ciddi qorumalıyıq və qoruyuruq”.

Təbii ki, prezident İlham Əliyev bu açıqlaması ilə vurğulamaq istədiyi əsas məqam həmsədr ölkələrin Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdikləri etinadsızlıqdır. Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi dövlət başçımızın bütün çıxışlarında bəhs etdiyi başlıca məsələlərdəndir.

İşğal faktı bölgənin təhlükəsizliyinə, iqtisadi inşikafına, regiona sərmayə qoyuluşuna mənfi təsri edir. Bu hal beynəlxalq münasibətlərə ziyan vurur. İşğal altında olan Azərbaycan torpaqlarında müxtəlif ölkələrdə fəaliyyət göstərən terrorçu qruplaşmaların təlim keçdiyinə dair xeyli məlumat var. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan torpaqlarının işğal altında saxlanılması həm də beynəlxalq təhlükəsizliyi təhdid edir. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək və beynəlxalq təhlükəsizliyi hədələyən bu münaqişəni aradan qaldırmaq üçün səylərini davam etdirir.

Prezident çıxışında münaqişənin həlli ilə bağlı rəsmi Bakının mövqeyinin dəyişməz qaldığını bir daha diqqətə çatdırıb: “Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaq”.

Bu, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələrə işğal altında olan torpaqlardan çıxmaq üçün düşünmək və hazırlaşmaq üçün verilən möhlət də sayıla bilər. Çünki Azərbaycan ərazi bütövlüyünü hərb yolu ilə də həll etməyə qadirdir. Bu məsələ də Prezidentin çıxşında vurğulanıb: “Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib”.

Dövlət başçısının hökumətin iclasındakı çıxışı deməyə əsas verir ki, xarici siyasət kursu, beynəlxalq əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın təhlükəsizliyinin təmin olunmasında aparıcı rollardan birini oynayır.

Ehtiram Aşırlı/Analitik

Baxış sayı: 38