Maraqlı
15.10.2018 / 11:00

Cinayət aləminin "general"ları- YAPONÇİK (Foto)

Cinayət aləminin "general"ları-
Aydın Hüseynov

Cinayət aləminin öz əfsanələri var, onların “qəhrəman”ları olan qanuni oğrulardan biri də Yapoçikdir və o, həqiqətən bu aləmin zirvəsində qərar tuturdu.

Onun adı gələndə nəinki kriminal arena sakinlərinin, hətta cinayətkarlıqla mübarizə aparan professionalların tükləri biz-biz dururdu.

Yaponçikin əsil adı Vyaçeslav İvankovdur.

On üç yaşında güləşlə məşğul olmağa başlayan Slava sirk məktəbində oxuyur daha sonra fəhlə işləyərək axşam məktəbində təhsil alır. 20 yaşında evlənir, bir oğlu olur.

O, iyirmi beş yaşında cibgirliyə qurşanır, asayiş keşikçilərinə müqavimət göstərməkdə təqsirləndirilərək tutulur, psixiatriya xəstəxanasına düşür, şizofreniya diaqnozu ilə məcburi müalicəyə cəlb olunur.

Xəstəxanadan qaçan Slava bir müddət nəzarət altında yaşayır, sonra Monqolun bandit dəstəsinə qoşularaq reketlə məşğul olur.

1972-ci ildə Monqolun cinayətkar dəstəsi darmadağın olunanda həmin dəstənin fəal üzvü olan, döyüşçüləri silahla təchiz edən Yaponçik aradan çıxa bilir.

O, əvvəllər məhkum olunmuş şəxslərdən ibarət öz qrupunu yaradır, kriminal gəlirləri olan adamlardan pul tələb etməklə, həmçinin mənzilləri qarət etməklə cinayət fəaliyyətini xeyli genişləndir.
Dəstə varlı adamları şəhər kənarındakı xüsusi mənzillərə, meşə massivlərinə apararaq ağlasığmaz işkəncələrə məruz qoyur, varidatlarını ələ keçirirdi.

Yaponçik arxayın idi ki, onun əməllərindən heç kəs şikayət etməyəcək, çünki qurbanların əksəriyyəti dövlət əmlakını talan edən cinayətkarlar idilər, əgər şikayət etsəydilər, onların özlərindən soruşacaqdılar ki, bu qədər külli sərvət haradandır.

Yaponçikin bəxti gətirirdi, işləri Monqolunkundan da yaxşı gedirdi.

Beləcə iki il keçir. Yaponçik yenidən hüquq mühafizə orqanlarının diqqət obyektinə çevrilir.

1974-cü ilin mart gecəsində “Rus” restoranında qonşu stolun arxasında əyləşmiş gürcülərlə baş vermiş toqquşmada Yaponçiklə bir yerdə olan Asəf tapança ilə Dqebuadze soyadlı bir gürcünü yaralayaraq aradan çıxır.

Ələ keçən Yaponçikdə həm də saxta sürücülük vəsiqəsi aşkar olunur və o, saxta sənəd düzəltmə maddəsi ilə Butırka həbsxanasına göndərilır, elə burada “taclanaraq” qanuni oğru titulunu alır.

Həbsxanada xüsusi hörmət və nüfuza malik olan qanuni oğrunun azadlıqda qalan həmkarları da yaxşı işləyirdilər.

Belə ki, məhkəməyə qədər restorandakı hadisənin şahidləri, zərərçəkənlərin bir qismi öz ifadələrini müttəhimin xeyrinə dəyişmişdilər, hətta müstəntiqlərlə də razılığa gəlinmişdi.

Bu səbədən Yaponçikə gülməli dərəcədə qısa müddətə iş kəsilir. Bütün prosesin "dirijor"u da başqa heç kəs yox, elə müqəssirin özü idi.

O, çox hiyləgər, hər bir hərəkətin ölçü-biçisini bilən bir adam idi, istədiyi məqamda əlində ruhi xəstəlik kağızı hazır olurdu.

Bu işdə “kremlyovka”nın mərkəzi xəstəxanalardan birində aparıcı həkim işləyən məşuqəsi, digər müayinəçi tibb işçiləri də ona öz məsləhətləri ilə kömək edirdilər.

Xəfiyyələr isə nə qədər baş sındırıb güdsələr də, hər dəfə aciz qalırdılar, obyekt çox məharətlə sudan quru çıxırdı.

Yaponçik həbs düşərgələrində nisbətən az oturmuşdu, amma ətrafındakılar arasında həyatının az qala yarısını zindanlarda keçirməsi görüntüsünü yaratmağa nail olmuşdu.

Ən çox cəza müəssisələrində 20-30 il olmuş adamlarla, xüsusilə Zaqafqaziya əsilli residivistlərlə yaxınlıq edir, qatı cinayətkarlar olan Balda, Sliva, Asəflə hüquq mühafizə orqanları işçiləri maskası altında kölgə milyonerlərini bütün ölkədə qarət edirdi və hər yerdə qanlı izlər qoyub gedirdi.

Bir-birinin ardınca törədilən cinayətlər elə bir rezonans doğurmuşdu ki, işə DTK qarışmalı olmuşdu, onu ələ keçirməkdən ötrü əlavə tədbirlər görülürdü.

1981-ci ilin may ayında həbs olunan Yaponçikdən əslində rəsmən ikinci qrup şizofreniya xəstəsi kimi qeyd olunmasına baxmayaraq 3 saxta sürücülük vəsiqəsi, müxtəlif adlara 4 pasport götürülür.

Bu zaman ona xüsusi nəzarət tətbiq olunur, mühafizəçilərə hücum təhlükəsi gözlənildiyindən ilk dəfə OMON qüvvəsindən istifadə olunur, hərəkət marşrutları tez-tez dəyişdirilir.

On dörd illik həbs cəzasına məhkum edilən Yaponçik 1983-cü ilin martında Maqadana aparılır, az sonra ipə-sapa yatmayan avtoritet İrkutsk şəhərinə köçürülür.

Orada türmə sakininə xəsarət yetirdiyinə görə cəzaçəkmə müddətinə daha bir il əlavə edilır. Ümumiyyətlə, cəza çəkdiyi dövrdə o, düşərgə rejimini 58 dəfə pozmuşdu, 35 dəfə cərimə təcridxanasına və karserə salınır.

Amma heç kəsdən aman istəmirdi, əksinə həbsxana işçilərindən daim şikayətçi olurdu.

Maraqlıdır ki, o, eyni zamanda hər bir dustağın hərəkətlərini istiqamətləndirir, başqa sözlə onların ağası, düşərgənin sahibi idi, bayırdakı oğrulardan, ən məşhur yaradıcı insanlardan hədiyyələr alırdı.

Yaponçikin azadlığa buraxılması barəsində görkəmli şəxslərin yuxarılara göndərilən xahişnamələrin də ardı-arası kəsilmirdi.

O da qəribədir ki, hətta 1990-cı ildə B.Yeltsinin adına onun əfv edilmə haqqında iki deputat sorğusu göndərilir.

Nəhayət ki, sensasiya baş tutur, Yaponçik vaxtından dörd il tez azadlıq əldə edərək Moskvaya qayıdır.

Cinayət dünyası ən iri mafiozinin azadlığa çıxmasını xüsusi təntənə ilə qeyd edərkən Yaponçik özü yeni planlar cızırdı.

Kriminal aləmin “qaymaqları” Dato Daşkəndski, Paşa Sirul, Givi Rezanı, Qoqa Yerevanski, Malina, Rospis, Silvestr, Marik və başqaları onun ayağına gəlirdilər. Onların hər biri Yaponçikin planlarını, xüsusilə paytaxtı “qara”lardan təmizləmək ideyasını yaxşı bilir və dəstəkləyirdi.

Bu dəfə mafiyanın yeni müharibə planları baş tutmadı.

Yaponçikin hüquq mühafizə orqanlarını saymaması bir yana, yaşadığı yer, bir çox əlaqələri həmin orqanlara məlum olduğu halda onu sanki qəsdən paytaxtdan uzaqlaşdırmaq istəyirdilər.

Və o, gözlənilmədən Almaniyaya, daha sonra Amerikaya gedərək saxta nikahla evlənir, orada da öz əməllərini davam etdirərək FTB tərəfindən həbs olunur.

Lakin əvvəllər “Fidan” restoranında iki nəfər türk vətəndaşının qətlə yetirilməsi, bir nəfərin yaralanması ilə bağlı Rusiyaya ekstradisiya olunur. Yenə də çox müəmmalı olaraq aşkar fakt təsdiq olunmadı.

Yaponçikin bir neçə dəfə kriminal işlərdən uzaqlaşacağı barədə bəyanatlarına baxmayaraq, o, Rusiyada cinayət aləminə fəal nəzarətini davam etdirirdi, xüsusilə Taronun və Ded Xasanın qruplaşmaları arasında olan toqquşmalarda iştirak edirdi. Və təbii ki, onun düşmənləri də çox idi.

2009-cu il iyulun 28-də Yaponçikə qarşı “Tayskiy slon” restoranından çıxarkən “Qazel” yük maşınında gizlənmiş iki killer tərəfindən Draqunov snayper tüfəngi vasitəsilə siu-qəsd edilir.

O, oktyabrın 9-da qarnından aldığı ağır yaradan xəstəxanada öldü, Vaqankov qəbristanlığında dostu qanuni oğru Ded Xasanın rəhbərliyi ilə dəfn edilir.

Belə bir versiya var ki, Yaponçikin aradan götürülməsinə səbəb iki mafioz klanın başçıları Ded Xasan və Tariyel Oniani arasında olan ciddi konflikt səbəb olmuşdu.

Digər versiyaya görə bu, xüsusi xidmətlərin tədbiriydi, fəallaşan qafqazlıların ipini yığmaq məqsədi daşıyırdı.

Amma hər halda heç bir versiya indiyə kimi təsdiq olunmayıb, sanki Yaponçikin vahiməli həyuləsi yenə də cinayət aləmini dolaşmaqdadır.

Cinayət aləminin "general"ları-


Cinayət aləminin "general"ları-


Cinayət aləminin "general"ları-


Cinayət aləminin "general"ları-


Cinayət aləminin "general"ları-


Cinayət aləminin "general"ları-


Cinayət aləminin "general"ları-



İnform.az

Baxış sayı: 2197