Baş xəbər, İqtisadiyyat
10.10.2018 / 16:57

ABA ilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi arasında görüş keçirilib

ABA ilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi arasında görüş keçirilib
Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında görüş keçirilib.

ABA-nın Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, görüşdə ABA-nın Prezidenti Zakir Nuriyev, İcraçı direktor Yunus Abdulov, baş iqtisadçı Bəhruz Əhmədov və Avropa İttifaqının Azərbaycandakı səfiri Kəstutis Yankauskas iştirak edib.

Görüş zamanı bank-maliyyə sektorunun cari vəziyyəti, mövcud inkişaf templəri,həyata keçirilən islahatlar, qarşıdakı çağırışlar və bununla bağlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Yeni qəbul edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” ətrafında fikir mübadiləsi aparılıb, həmçinin bank-maliyyə sisteminə aid qanunvericiliyin təkmilləşdirilməsi və digər əlaqədar məsələlər üzrə texniki yardım imkanları barədə danışılıb.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.


İnform.az

Baxış sayı: 37