Baş xəbər, Siyasət
10.10.2018 / 16:00

Elmar Məmmədyarov ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kenti qəbul edib

 Elmar Məmmədyarov ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kenti qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisinin müavini Corc Kenti qəbul edib.

İnform.az XİN-nin Mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, C. Kent Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunduğunu məmnunluqla qeyd edib.

Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyinin siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrində uğurlu inkişafından məmnunluq ifadə edildi və ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün səylərin artırılmasının vacibliyi vurğulanıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji və nəqliyyat layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz dəhlizi layihələrindən bəhs etdi və bu layihələrin reallaşdırılmasında ABŞ-ın dəstəyinin təqdir olunduğunu bildirib.

Nazir Elmar Məmmədyarov, həmçinin Azərbaycanın NATO ilə tərəfdaşlığına toxunaraq ölkəmizin Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi işinə sadiq olduğunu bildirdi.

Corc Kent qeyd etdi ki, ABŞ energetika, təhlükəsizlik, iqtisadi və digər sahələrdə Azərbaycanla ikitərəfli münasibətləri davamlı şəkildə inkişaf etdirir. O, ölkəmizin terrorizmə qarşı mübarizə çərçivəsində Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi töhfəsinin yüksək qiymətləndirdiyini xüsusilə vurğulayıb.

Nazir Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu Yorkda Ermənistan xarici işlər naziri ilə keçirdiyi görüş barədə danışaraq vurğuladı ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


İnform.az

Baxış sayı: 27