Gündəm, Şərhlər
29.07.2015 / 12:42

Türkiyə türklərinin mətbuat tarixi haqqında

Türkiyə türklərinin mətbuat tarixi haqqında

Tənzimat və sərvəti-Fünun dövrü Türk mətbuatı


Aydın MƏDƏTOĞLU / İnform.az


Türkiyədə ilk türkcə qəzet Sultan II Mahmudun əmri ilə 11 noyabr 1831-ci ildə işıq üzü görən “Takvimi-Vakayi”dir. Dövlətin siyasi və idarəçilik fəaliyyətlərini, təyinat qərarnamələrini, əmrlərini nəşr edən bu ilk rəsmi qəzeti William Churchill adlı bir ingilisin 1840-cı ilin avqust ayının əvvəllərində nəşr etməyə başladığı “Cərideyi-Həvadis” adlı qəzet təqib etmişdir. “Cərideyi-Həvadis” qəzeti 25 sentyabr 1864-cü ildən etibarən “Rüznameyi-Cərideyi-Həvadis” adını alaraq gündəlik hadisələrdən xəbər verən, ilk qəzet adı qazanmışdı. Qəzetin əsas yazarları içərisində Əli bəy, Hafiz Müşfik və Münif bəy(sonradan Paşa olmuşdur-A.M.) öndə gələnlərdən olmuşdular. Hafiz Müşfik daha sonralar qəzetin Baş yazarı (Baş redaktoru) olmuşdur. Qəzetin o dövrdəki ədibləri başına toplaması, “Vətən” fikrini gündəmə gətirməsi və müəyyən dərəcədə olsa da, sadə Türkiyəyə xidməti və yeni fikirlərə öncüllük etməsi baxımından böyük rol oynamışdı.
Türkiyədə türk ziyalıları tərəfindən çıxarılan ilk qəzet isə, Agah Əfəndinin yaratdığı və ilk sayı 22 oktyabr 1860-cı ildə nəşr edilmiş olan “Tərcümani-Əhval”dır. Qəzetin ilk 24 sayında Türk ədəbiyyatında yeniliyin ilk böyük yazıçısı olan İbrahim Şinasinin yazılarının olması, bu qəzeti Yeni Türk ədəbiyyatının ilk mühüm yayın orqanı kimi qiymətləndirməsinə səbəb olmuşdu. Qəzetin ilk sayında dərc olunan və İbrahim Şinasi tərəfindən qələmə alınan “Ön söz”də qanun, vəzifə, haqq, hüquq, ədalət, həqiqət, maarif, mədəniyyət və s. kimi anlayışların yer alması, Türk təfəkkür həyatı üçün yenilik yolunda qəzetin öz üzərinə götürdüyü ən önəmli vəzifələrdəndir. Qəzetdə siyasi mahiyyətli fikirlər başda olmaqla maarif və tədrisdən poçt təşkilatına, əkinçilikdən iqtisadiyyata, rəsmi və xüsusi elanlardan bazar qiymətlərinə, fikri məqalələrdən ədəbi yazılara qədər müxtəlif mövzulara və hətta tapmacalara qədər yer verilmişdi.
Altı ay “Tərcümani-Əhval”da çalışan, İbrahim Şinasi qəzetin 24-cü sayından sonra bu qəzetdən ayrılaraq tək başına “Təsviri-Əfkar” qəzetini nəşr etməyə başlamışdı. İlk sayı 28 iyun 1862-ci ildə nəşr edilən bu qəzetdə Şinasi ilə yanaşı yeniliyin ən böyük carçılarından olan, Namiq Kamal İbrahim Şinasinin 1864-1865-ci illərdə Avropaya getməsi ilə qəzetin cavabdehliyini tək başına üzərinə götürmüş, o da Fransaya gedərkən qəzeti Rəcaizadə Əkrəm Bəyə tapşırmışdı. Ümumiyyətlə, qəzetin 830 sayı çapdan çıxmışdı.
2 yanvar 1867-ci ildən etibarən Diyarbəkirli Filip Şahinoğlu tərəfindən “Müxbir” qəzeti nəşr edilməyə başlamış, baş redaktoru Əli Suavi Əfəndi olan qəzet 31 avqust 1867-ci ildən etibarən Londonda nəşr edilmiş, nəşri 3 noyabr 1868-ci ilə qədər davam etmişdi.
1869-cu ildən etibarən “İqdam”, 18 may 1873-cü ildə Əbuzziya Tevfik Bəy tərəfindən siyasi və ədəbi ağırlıqlı “Hədiqə”, 27 iyun 1878-ci ildə Əhməd Midhət Əfəndi tərəfindən “Tərcümani-Həqiqət” Murat Bəy tərəfindən 1888-ci ildə “Mizan” qəzetləri nəşr edilməyə başlamışdı.
8 fevral 1872-ci ildə Əhməd Midhət Əfəndi tərəfindən həftədə 5(beş) gün nəşr edilən “İbrət” qəzeti yeniliklə bağlı hökuməti tənqid etdiyindən iki ay ara vermiş, sonra Namiq Kamalın redaktorluğu ilə 13 iyun 1872-ci ildə təkrar çıxmağa başlamış, Sədrəzəm Mahmud Nədim Paşa qəzetdəki ittihamlardan qorxaraq qəzeti 14 ay müddətinə qapatmış, Namiq Kamalı da Qelibolu Mutasarrıflığına təyin etmişdi. Lakin, Namiq Kamal Qeliboluya getmədən Sədrəzəm Nədim Paşa vəzifədən çıxarılmış, yerinə keçən Midhət Paşanın tövsiyəsi ilə Namiq Kamal Qeliboluya getmiş, oradan yenidən nəşr olunmağa başlayan “İbrət” qəzetinə “B.M.” (Baş Mühərrir) imzası ilə siyasi və sosial məzmunlu yazılarını göndərərək çap etdirmişdi. Qəzet bir müddət o qədər məşhurlaşmışdı ki, günlük tirajı 12 minə yüksəlmişdi.
Bunlardan əlavə, xaricdə nəşr edilən türkcə qəzetlər də olmuşdu ki, bunlardan ən başlıcaları Ziya Paşanın öncə Namiq Kamalla birlikdə Londonda, sonra isə tək başına Cenevrədə ilk nömrəsi 29 iyun 1868-ci ildə nəşr edilən “Hürriyət” və Əli Suavi Əfəndi tərəfindən Parisdə ilk sayı 1 avqust 1869-cu ildə çıxarılan “Ulum” qəzetləridir.
Bu qəzetlərlə yanaşı, XIX əsrdə Münif Paşa tərəfindən 1862-ci ildə “Məcmuəyi-Fünun ”, Mustafa Rəfi Bəy tərəfindən 1862-ci ildə ilk rəsimli “Mirat”, məslək yönlü 1864-cü ildə “Cərideyi-Əskəriyyə”, 1869-cu ildə “Müməyyiz” qəzetinin kiçik yaşlı uşaqlar üçün çıxardığı “Cocuq Məcmuəsi”, 1874-cü ildə “Tiyatro”, 1874-cü ildə “Qəhqəhə” və Əhməd İhsan tərəfindən 27 mart 1891-ci ildə yayımlanmağa başladığı “Sərvəti-Fünun” adlı dərgilər də nəşr olunmuşdu. Bu jurnallar içərisində “sənət sənət üçündür” dünyagörüşünə həssaslıqla bağlı olan, yüksək zümrə ədəbiyyatı yaratmış olan, yeni bir dil və üslub yaradan “Sərvəti-Fünun” jurnalının xüsusi yeri vardır. Jurnalın ən məşhur yazarları şair Tofiq Fikrət, Cənab Şəhabəddin, Xalid Ziya Uşaqlıgil, Mehmet Rauf, Hüseyn Cahid Yalçın və Əhməd Şuayb Əfəndi olmuşdur.

Baxış sayı: 2217