Maraqlı
08.10.2018 / 11:00

Öz faciəsinə gülən Çaplin

Öz faciəsinə gülən

Aydın Hüseynov


Əvvəli burada
:http://inform.az/index.php?newsid=34888

Çarli Çaplinin qeyri-rəsmi olaraq qovuşduğu birinci qadın küçə müğənnisi idi, 16 yaşlı oğlanın üstünə bir uşaq atıb ayrılmışdı.

İkinci, yaxud üçüncüsü də ona bir oğlan yadigar qoymuşdu.

Daha bir gözəlçə Lite Qreyin Çarliyə ərə gedərkən 16 yaşı vardı, 17-yə keçməmiş ayrılmalı olurlar.

Çaplindən əvvəl beş adama ərə gedən Aktrisa Peqqi Hopkins Coys öz brilyantları ilə məşhur idi.

Pola Neqri ilə birdən-birə alovlanmış sevgi macərası da birdən-birə sönür. Əyalət teatrında çalışarkən 15 yaşlı Xetti ilə şıltaq məhəbbətdən sonra onu Meybl Norman cəlb edir.

Bu vaxt Çaplinin 25 yaşı vardı və ola bilsin ki, kişi kimi nəyə qadir olduğunu göstərmək istəyirdi, romantikaya və fiziki yaxınlığa eyni dərəcədə susayırdı.

Mak Sennetin studiyasında çalışan aktrisa Peqqi Piyerslə qısa, lakin gözəl macəra da nəticəsiz qurtarır.

Bu dəfə qızın təmiz əxlaqı Çarli üçün gözlənilməz olur.

Böyük komediya ustası Edna Perviyens adlı aktrisa ilə kövrək münasibətləri ömrünün sonuna kimi saxlayır.

1917-ci ildə rejissor Sem Qoldvinin villasında Mildred Harris adlı bir aktrisa da özünü ona "sırıya" bilir və məsələ bir üzüklə həll olunur.

Lakin o da axır ki Çaplini bezdirir və onlar uzaqlaşmalı olurlar.

Digər aktrisa Polett Qodarla Çaplini tənhalıq yaxınlaşdırır.

Çaplin onu gizli olaraq işlədiyi studiyadan alır, Çinə səyahət zamanı sadə bir toy edirlə, yarım il Hollivuddan kənarda yaşayırlar, bir il sonra bu məhəbbət də çat verir, ayrılıb dost kimi yaşayırlar, səkkiz il sonra isə rəsmi olaraq boşanırlar.

Bir dəfə Los-Ancelesdəki oteldə Çarli qonşu otaqdakı qadınla tanış olur, onunla üç gecə keçirir, daha doğrusu ehtiraslı məşuqə hər gecə onun qapısını döyür.

Bu oyun da nəhayət ki, Çaplini təngə gətirir və o, oteli tərk etməli olur.

Həris gözəlçələrdən yaxa qurtarmaq üçün hətta məhkəmələrə düşmək, çoxlu pul ödəmək lazım gəlirdi.

Gözəl, ağıllı, varlı, hər bir qadını kraliça etməyə qadir olan Çarli Çaplinə isə hər yoldan ötən qadın lazım deyildi.

O, gec də olsa anlamışdı ki, dünyada yaxşı qadınlar da var, onlar da insana səadət bəxş edə, incə, zərif və romantik bir məhəbbətlə sevə bilirlər. Və çox gec olsa da, Çaplin bu səadəti aramağa başlayır.

O, nəhayət ki, tapılır.

Çaplinin filmində çəkilən Una Amerika dramaturqu Yucin Nilin qızı idi.

Una ilə yaşadığı 32 il ərzində Çaplin əsil sevginin nə olduğunu anlaya və dadır.

73 yaşında səkkizinci övladı doğulmuşdu, dünyanın ən xoşbəxt insanlarından biri idi: var-dövlət, istəkli qadın, sevdiyi iş, hörmət-izzət...

Lakin... Bütün böyük şəxsiyyətlər kimi, Çarli Çaplin də ən populyar çağlarında belə çətinliklərə və hücumlara məruz qalır.

Filmlərin kirayəsində problemlər meydana çıxır, mətbuat ona qarşı çox qəribə ittihamlar irəli sürür.

Soruşurdular ki, niyə o, Amerika vətəndaşlığını qəbul etmir, niyə ətrafındakılara kommunistlərsayağı "yoldaş", deyə müraciət edir və s.

Bu kimi təhdidlər böyük komiki təngə gətirir, onu Amerikadan uzaqlaşmağa vadar edir.

Una da ölkədən köçüb uşaqlarına Avropada mükəmməl təhsil vermək arzusunda idi.

Amerikadan gedəndə də gözlənilməz maneələr meydana çıxır, onlara viza vermək istəmirlər.

Bu məsələ müsbət həllini tapanadək çox çək-çevir olur.

Axır ki, Una ilə Çarli "Kuin Elizabet" laynerinin göyərtəsinə qalxıb yola çıxırlar.

Kiçik İsveçrə şəhəri Vevedə məskən salırlar.

Məşhur Çarlz Spenser Çaplin 1977-ci il dekabrın 25-də 88 yaşında ikən vəfat edir.

Ölüm onu yuxuda ikən haqlayır və o, son nəfəsində heç kəsi narahat etmir.

Lakin onun cəsədini narahat edənlər tapılır.

Dəfn edildikdən üç ay sonra meyidi qəbirdən oğurlayıb 600000 frank tələb edirlər.

Una bu məbdləği verməkdən imtina edir. Yarım ildən sonra oğrular tutulurlar, tabutu qaytarıb yenidən qəbrə endirdilər.

Bu da bir faciə idi, dahi komediya ustasının qismətinə düşən son faciə.

Kim bilir, sənəti kimi bir möcüzə baş versəydi, Çaplin dirilib bu dünyaya qayıtsaydı, bəlkə də həmin hadisəyə xüsusi bir film həsr edərdi, özü öz faciəsinə baxıb doyunca gülərdi.

Elə bir əsər yaradardı ki, adamlar da dönə-dönə bir Çarli Çaplinə, bir də onun bu "tragikomediyasına" baxaraq uğunub gedərdilər...


İnform.az

Baxış sayı: 482