Maraqlı
03.10.2018 / 15:00

Öz faciəsinə gülən Çaplin

Öz faciəsinə gülən
Aydın Hüseynov

Əvvəli burada:http://inform.az/index.php?newsid=34822

Ailənin güzəranı getdikcə pisləşirdi. Hannanın aktrisalıqdan başqa əlindən bir iş gəlmirdi.

Ona görə də Sidney və Çarli uşaq evinə verilirlər, az sonra Hanna ağlını itirib xəstəxanaya düşür.

Və birdən sanki möcüzə baş verir. Bir dəfə Çarlinin şer oxumasını eşidən müəllimi onu siniflərdə gəzdirməyə başlayır.

Çarli elə o vaxtdan məşhurluğa imza atır, bir qədər sonra isə məktəbi buraxır: "Səkkiz lankşirli oğlan" ansamblına üzv olmaq üçün bu, vacib idi.

Lakin balaca müğənninin maddi durumu yenə də ağır olaraq qalır.

Atası 37 yaşında alkoqoldan öldükdən sonra o, dolanışığını təmin etməkdən ötrü gül satır, mətbəədə, şüşə zavodunda işləyir, hətta anasının köhnə əşyalarını satmağa girişir.

Sidney işləməyə başlayanda qardaşlar kiçik, lakin səliqəli bir mənzili kirayə edirlər, xəstəxananın az qala daimi sakini olan analarına baş çəkməyə başlayırlar.

İndi Çarlidə aktyorluğa həvəs güclənir, o, məqsədinə nail olacağına böyük ümid bəsləyir. Karnonun truppasında Amerikaya qastrol səfəri Çarli Çaplinin həyatında həlledici mərhələ olur.

O, özü də başa düşür ki, artıq İngiltərədə onun heç bir işi yoxdur, irəli getmək, daha bir pillə qalxmaq lazımdır, onu əsil sənət dünyasına aparacaq yeni pilləni tapmaq lazımdır.

Amerika başqa bir ölkə idi, İngiltərə deyildi, burada tamam başqa bir həyat tərzi hökm sürürdü.

Ona elə gəlirdi ki, burada hamı nə üçünsə, harasa tələsir. Buna adət etmək çətin olsa da, ABŞ-a bir neçə aylıq qastrol səfəri hədər getmədi, truppanın çıxışları o qədər uğurlu alınmasa da, az sonra işlər nizama düşür.

Tamaşaçılar xüsusilə Çarlini yüksək qiymətləndirməyə başlayırlar, vağzallarda onu gül-çiçəklə qarşılayaraq alqışlayırlar.

Bu, Çarlinin uğuru idi. İndi o, mehmanxanalardakı dəbdəbəli otaqlarda yaşamaq, son modalı kostyum və ayaqqabı almaq, bahalı restoranlarda nahar etmək imkanına malik idi. O, bədbəxt deyildi, yoxsulluq içərisində keçmiş uşaqlıq illəri geridə qalmışdı, tək yaşayırdı, yeyəcək-geyəcək ailəsi yox idi, hərdənbir qovuşduğu qadınlar şəxsi büdcəsinə uyğun gəlirdi.

"Kistoun" kinostudiyasının sahibi Mak Sennet Çaplinin şöhrətlənməsi üçün çox iş görmüşdü. Gənc aktyor burada bir il ərzində müqavilə əsasında 36 film çəkdi və ya onlarda baş rolları ifa edir.

Həmin filmlərə tamaşa edənlərin sayı-hesabı yox idi. Afişalarda Çarli-Çaplinin adı görünən kimi kinoteatrların qarşısında növbələr yaranırdı.

Bunu görən Çaplin Sennetdən həftədə 1000 dollarlıq müqavilə bağlamağı tələb etdi.

— Mən özüm bu qədər pul almıram, —deyə, studiya sahibi təklifdən imtina edəndə Çaplin kəskin cavab verdi:

— Ola bilər. Ancaq tamaşaçı kinoteatra sizin yox, mənim adıma görə gəlir.

Bununla da "Kistoun"la müqavilələr pozuldu və komediya aktyorunun növbəti studiyası "Esseney" olur.

Sidney burada prodüser və menecer sifətilə qardaşına kömək edirdi. İndi hər bir film studiyaya 100000 dollar təmiz gəlir gətirir.

Çaplin eyni vaxtda həm ssenari müəllifi, həm rejissor, həm də ifaçı olduğu üçün əlavə olaraq 10000 dollar almaq barəsində yeni müqavilə imzalanmasına nail olur.

Çarli Çaplin var-dövlətə tez uyğunlaşdı: artıq şəxsi katibləri, sürücüləri, avtomobili, xidmətçiləri vardı.

Amma, uşaqlıq çağlarını facianə şəkildə, yarıac, yarılüt keçirtmiş "gülüş kralı" özü də hiss etmədən başqa bir faciə ilə üzləşir, qadınlara münasibətdə bəxti gətirmir.

O, öz tərcümeyi-hallarında təsdiq edirdi ki, yeniyetməlik vaxtından hərdənbir küçə qadınları ilə oturub-durar, hay-küylü içgi məclislərində iştirak edər, ancaq nə satlıq qadınlardan, nə də şərabdan həzz alardı.

Qadınlar ona mane olurdular, elə işlər törədirdilər ki, bu gözəlçələrdən xilas olmaq Çarliyə çox baha başa gəlirdi.

Ümumiyyətlə, normal bir kişi kimi qadınlara marağı olsa da, işinin çoxluğundan onlara vaxt ayıra bilmirdi.

Onunla tanış olmaqdan ötrü bu gözəlçələr nəyə desən, gedirdilər.


Davamı var...


İnform.az

Baxış sayı: 318