Baş xəbər, Maraqlı
02.10.2018 / 11:00

Öz faciəsinə gülən Çaplin

Öz faciəsinə gülən
Aydın Hüseynov

XX ərin "gülüş kralı" Çarlz Spenser Çaplin 30-40 il əvvəl hər bir məktəbliyə də yaxşı tanış idi.

İndi deyəsən səssiz filmlərin özləri kimi, onların məşhur personajı da bizdən gülməli şəkildə uzaqlaşır.

Səbəb odur ki, Çarli Çaplin şəxsi həyatının təfərrüatlarını açıqlamağı o qədər də sevməyib, onun tərcümeyi-halları da tam halda tərtib olunmayıb. Bu günlərə gəlib çatanların çoxu şaiyələrdir. Ancaq bənzərsiz komikin xoşbəxtliyi onda olub ki, faciələrə gülməyi də bacarıb.

Onun şəxsi həyatındakı uğursuzluqlar sanki öncədən müəyyənləşib.

Belə deyirlər ki, babası, irlandiyalı çəkməçi Çarlz Xill öz arvadını aşnası ilə bir yerdə tutur, elə həmin gün boşanır.

Onların Ket və Hanna (gələcək komikin anası) adlı iki qızı vardı. Bu qızlar ata evini çox erkən tərk edir, özlərini səhnəyə həsr edərək varyete teatrında işləritlər.

Hanna 17 yaşında ikən yaşlı bir lorda qoşularaq Afrikaya gedir, ondan Sidney adlı böyük oğlunu dünyaya gətirir.

Lakin o, tezliklə İngiltərəyə qayıdaraq əvvəllər bir yerdə işlədiyi və sevişdiyi ata Çarli Çaplinə ərə gedir, 1894 -cü il aprelin 4-də gələcəyin dünya şöhrətli aktyoru və rejissoru Çarli Çaplin dünyaya gəlir.
Bu barışığın ömrü qısa olur. Ata Çaplinin başqa bir qadını da vardı, ona görə də Hanna ilə birgə həyat çox sürmür.

Hanna uşaqlarını təkbaşına tərbiyə etməyə məcbur olur, əvvəllər onların yaşayışını təmin etmək iqtidarında olsa da, tezliklə əsəb xəstəliyinə düçar olur.

Üstəlik səsini də itirməsi onu sevimli işindən, məvacibindən məhrum edəndə ailə bütün əmlakını satmağa, yarıac həyat girdabına çökməyə başlayır.

Hanna məhkəməyə müraciət edərək daim sərxoş olan ərindən kömək ummaq məcburiyyətində qalır.

Məhkəmə ata Çaplinin öz uşaqlarına yardım göstərməsi barəsində qərar çıxartsa da, o, dörd uşağı olan başqa qadınla yaşadığından, çox içdiyindən az qala özü yardıma möhtac idi.

Demək çətindir ki, bu faciəli mühit olmasaydı, Çarli kim olacaqdı. O, özü də çətin təsəvvür edə bilərdi ki, beş yaşına çatanda səhnəyə çıxacaq, özünə, Sidneyə, anasına bir tikə çörək qazana biləcək.
Anası səsini itirməsəydi, yəqin ki, beş yaşlı uşağın səhnəyə çıxması mümkün olmayacaqdı.

Bir tamaşanın gedişində Hannanın səsi batanda və o, səhnədən getməyə məcbur olanda teatrın direktoru Çarlini tamaşaçılara təqdim edir.

O zamanlar məşhur olan «Cek Cons» mahnısı ilə bu uşaq bir neçə dəqiqənin içərisində tamaşaçıların rəğbətini qazanır səhnəyə atılan xırda pulları sürünə-sürünə toplayaraq xəbərdarlıq edir: «Qoy pulların hamısını yığım, yenə də oxuyacağam!.."

Və tamaşaçılar bu sözlərdən uğunurlar...


Davamı var...


İnform.az

Baxış sayı: 505