Elm-təhsil
01.10.2018 / 15:20

Yazıçı-tərcüməçi İmdad Avşar ADPU-da ustad dərsi keçib- FOTO

Yazıçı-tərcüməçi İmdad Avşar ADPU-da ustad dərsi keçib-
Oktyabrın 1-də Türk dünyasının görkəmli ziyalısı, yazıçı-tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazıçılar Birliyinin üzvü İmdad Avşar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin III tədris ili tələbələrinə “Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı” mövzusunda ustad dərsi keçib.

Ustad dərsini ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov izləyiblər.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev bildirib ki, İmdad Avşar Azərbaycanın yaxın dostudur. O, böyük yazıçı və mütəfəkkir, ictimai xadim Mirzə Fətəli Axundzadənin, həmçinin Azərbaycanın digər klassik yazıçılarının əsərlərini türk dilinə tərcümə edib.

İmdad Avşar qardaş Türkiyədə Azərbaycan ədəbiyyatını geniş təbliğ edir. Professor F.Rzayev bu fəaliyyətinə görə İmdad Avşara təşəkkür edib və ona yeni yaradıcılıq uğurları arzulayıb.
Yazıçı-tərcüməçi İmdad Avşar açıq dərsin təşkilinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib və universitetin kollektivinə uğurlar arzulayıb.

Çıxışında Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verən məruzəçi bildirib ki, Mirzə Fətəli Axundzadə Şərq-İslam dünyasının böyük ziyalılarından biridir. O, şair, yazıçı, maarifçi, filosof və ictimai xadim olmuşdur. Azərbaycan dramaturgiyasının və Azərbaycan ədəbi tənqidinin banisidir.

Mirzə Fətəli Axundzadə həmişə cəmiyyətin yenilənməsi, müasirləşməsi, insan hüquqlarının qorunması, qadın azadlığı, sosial ədalət, dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulması, xalqın maariflənməsi, mədəni inkişafı, mənəvi təkamülü uğrunda fədakar mübarizə aparıb. Böyük mütəfəkkir dini nadanlığın, cəhalətin, xurafatın barışmaz düşməni olub.

Görkəmli şair Mirzə Şəfi Vazehlə tanışlığı və Tiflis mühiti onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb. Qərblə Şərqi dərindən müqayisə edən yazıçı-mütəfəkkir bu qənaətə gəlib ki, Şərqin Qərbdən geri qalmasının əsas səbəbi nadanlıq, cəhalət və savadsızlıqdır. Yumor və satiranı ictimai bəla və eyiblər əleyhinə mübarizədə ən güclü vasitə hesab edən yazıçı 6 ölməz komediya yaradıb və komediyları ilə türk-müsəlman dünyasında dramaturgiyanın əsasını qoyub.

Onun “Aldanmış kəvakib” povesti, “Kəmalüddövlə məktubları” bədii-fəlsəfi traktatı dini fanatizmin ifşası baxımından böyük əhəmiyyət kəsb edir. Mirzə Fətəli Axundzadənin xalqın maariflənməsi üçün yeni əlifba uğrunda apardığı mübarizə də çox təqdirəlayiqdir.

Yazıçının bütün əsərləri, eləcə də din haqqında düşüncələri və fəlsəfi baxışları müasir dövrümüz üçün çox aktualdır.

Ustad dərsində İmdad Avşar gənc və tanınmış yazıçı, Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Pərvin Nurəliyevanın və tələbə-gənclərin suallarını cavablandırıb, onlarla maraqlı fikir mübadiləsi aparıb.

Yazıçı-tərcüməçi İmdad Avşar ADPU-da ustad dərsi keçib-


Yazıçı-tərcüməçi İmdad Avşar ADPU-da ustad dərsi keçib-


İnform.az

Baxış sayı: 350