Elm-təhsil
28.09.2018 / 13:45

AMEA ilə Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA ilə Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
AMEA Rəyasət Heyətində Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin rektoru, professor Vadim Kosyanov və həmin universitetin prorektoru, professor Vaqif Kərimov ilə görüş keçirilib.

AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, Əvvəlcə qonaqlara rəhbərlik etdiyi elm ocağı haqqında məlumat verən AMEA-nın prezidenti, akademik Akif Əlizadə burada dünya elminin prioritet istiqamətlərində araşdırmaların aparıldığını, mühüm nəticələrin əldə edildiyini, nüfuzlu beynəlxalq elm təşkilatlar ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb.

Son zamanlar Akademiyada elm və təhsilin inteqrasiyası istiqamətində kompleks tədbirlərin görüldüyünü deyən alim bu qurumda ilk dəfə olaraq 2015-ci ildən etibarən təşkil olunan magistratura pilləsi haqqında məlumat verib. Qeyd edib ki, əsas məqsəd gəncləri elmi mühitə cəlb etmək, onların elmi təfəkkürünü artırmaqdır.

Akademik A.Əlizadə AMEA Yüksək Texnologiyalar Parkından da söz açaraq, qonaqları bu müəssisədə həyata keçirilən pilot layihələrlə yaxından tanış olmağa dəvət edib.

O, həmçinin akademiyada geologiya, seysmologiya, hidrogeologiya, neft-kimya, kimya texnologiyaları sahələrində əldə olunmuş nailiyyətlər haqqında məlumat verib.

AMEA rəhbəri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında Rusiya Dövlət Geoloji Kəşfiyyat Universiteti ilə birgə Geologiya fakültəsinin yaradılması təklifini də irəli sürüb.

Sonra çıxış edən professor Vadim Kosyanov təmsil etdiyi qurum haqqında məlumat verərək, bu ali məktəbin 1918-ci ildə fəaliyyətə başladığını bildirib. O, universitetin fəaliyyət istiqamətləri, laboratoriyaları, tədris prosesi və burada aparılan araşdırmalardan bəhs edib. Alim AMEA ilə neft və qaz yataqlarının kəşfiyyatı, geologiya və digər müvafiq sahələrdə birgə tədqiqatların, kadr və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb.

V.Kosyanov bildirib ki, rəhbərlik etdiyi ali məktəbdə uzun illərdir ki, peşəkar kadr hazırlığı həyata keçirilir, dünyanın müxtəlif ölkələrindən olan tələbələr burada təhsil alırlar. Rektor AMEA rəhbərini nümayəndə heyəti ilə birgə universitetin Moskvada keçiriləcək 100 illik yubiley yığıncağına dəvət edib. O, 2019-cu ildə elm və təhsil sahəsi üzrə iki ölkənin birgə sammitinin keçirilməsini təklif edib.

Daha sonra iki qurum arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilədə elm, təhsil və innovasiya sahəsində əlaqələri gücləndirməklə yanaşı, birgə konfrans və simpoziumların təşkili, məqalələrin çap olunması və prioritet elm sahələri üzrə elmi və elmi-texniki problemlərin araşdırılması nəzərdə tutulur.

A.Əlizadə əməkdaşlığa dair imzalanmış sazişin hər iki ölkənin elmi qurumlarının fəaliyyətinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva iştirak ediblər.

İnform.az

Baxış sayı: 200