Gündəm, Şərhlər
29.07.2015 / 10:57

Cəmiyyətin mənəvi hüzuru

Cəmiyyətin mənəvi hüzuru

Xanəmir TELMANOĞLU / İnform.az


Ey dili qafil fil faili məchul fani f...
Bir cəmiyyətdə bütün ağırlıqları, çətinlikləri dövlət öz çiyinlərinə yükləyəndə, o cəmiyyətdə yetərli qədər problemlər ortaya çıxır. Ancaq o çətinlikləri və ağırlıqları vətəndaş dövlətlə bölüşmə həssaslığına sahib çıxanda cəmiyyətdə, toplum arasında elə biləsən bir işıq dolaşır, insanların huzuru kənardan gələnləri elə gözəl-gözəl vurur ki....
Mən istərdim konkret olaraq, qardaş ölkə olan Türkiyə Cümhuriyyətindən danışam. Söyləyəcəklərim, Azərbaycan cəmiyyəti üçün hava-su kimi lazımdır. Biz həmişə sovetlərdən qalma bir psixologiyamızı davam etdiririk. Dövlət öz xalqına, cəmiyyətinə, vətəndaşına bəlli bir yerə qədər əl tutur, yardımçı olur. Başqa cür də mümkün deyil. Dövlətindən güc, qüvvə alan dərrakəli, düşüncəli vətəndaş, bəlli bir yerdən sonra isə öz ayaqları üzərində durmağa cəhd göstərməlidir. Dövlət öz borcunu yerinə yetirdiyi kimi, vətəndaş da öz borcunun yerinə gəlməsi üçün səy göstərməlidir. Ancaq biz həmişə ilk addımı da qəribə şəkildə qarşı tərəfədən gözləyirik. Nə olursa olsun, o sonsuz hüzura aparan addımın birini də bir gün qeyrətə, gücə, ruha gəlib sən atmaq məcburiyyətindəsən.
Xarici əsilli yazarlar, düşünürlər, anlayışı və dərrakəsi olan insanlar həmişə Türkiyə ilə bağlı bir fikirdə yanılmadıqlarını vurğulayırlar; “ bir gün bu ölkədə heç nə olmasa, heç bir şey sizi cəlb etməsə, maraqlandırmasa belə, mütləqə, hiss edə biləcəyiniz bir hüzur olduğuna şəhadət gətirəcəksiniz”. Bax, mən cəmiyyətdə xaricilərin, əsas da avropalıların Türkiyə insanı haqqında dediyi o ilahi qaynaqlı hüzurun, qəribə bir gizlilik və istiqanlılıqla insanlarının varlığından yağan o iksirdən danışmaq istəyirdim. Bu gün küçədə bir türk vətəndaşla oturub söhbət etsən, onun danışığına fikir versən, o sonsuz neməti, o xoşbəxtlik iksirini, topluma iç fərahlığı gətirən iksiri duyacaq, hiss edəcək, görəcəksən. Sözsüz ki, bunu görməyə də cəhd emək lazımdır. Elə biləsən ki, bu insanların hər biri o böyda itkiyə uğramış nəhəng bir imperiyanın dağılan, itən böyüklüyünü öz varlıqlarında, xarakter və ruhaniyyətlərində, şəxsiyyətlərində gəzdirilər. Bunu onların heç özləri də hiss etməz bəlkə də. Amma hər bir vətəndaşının aurasında qarşısı alınmaz bir İlahi sevdayla, sədaqətlə üzərlərində qalmış o möhtəşəmlik, o əyilməzlik, o vüqar bu xalqın keçmişindən, dədə- babalarından geriyə qalan bitib-tükənməz tarixə dönüşmüş enerjidir ki, bu gün o əzəmət uşaqdan böyüyə hər bir şəxsində görünür, insanı özünə çəkir, bağlayır.
Türkiyədə təhsil aldığımız dönəmlərdə vəkflərin ortaya qoyduğu işə, gücə, yürütdüyü missiyaya heyran qalırdım. Könüllü insan ordusunun sayəsində bu ölkənin hər guşəsində fəaliyyət göstərən bu vəkflər əsasən də, təhsil məsləsində hədəflərində yanılmadıqları inancındayam. Anadolunun ən ucqar kəndlərindən böyük şəhərlərə təhsli dalınca gəlmiş yüzlərlə kasıb-kusub uşaqlar tanıyırdım ki, onların bəlli şərtlər daxilində elm öyrənib təhsil alması qeyri mümkün idi. Məhz Türkiyə kimi bir ölkədə bu keçimsizlik ucbatından, bu imkansızlıqların əlindən milyonlarla dərrakəli, savadlı, istedadlı, fərasətli övladları təhsildən uzaq düşmüş, dəftər –kitabla aralarında açılan uçuruma elə bu ölkənin özü düşmüşdür. Ancaq sonralar öz öz dədə-baba yoluna qayıdan, Osmanlıdan belə yardımlaşmağı, paylaşmağı, əlində olanı bölüşdürməyi anlayan nəsil, nəhayət öz ağırlığını ortaya qoyur. Elə bu xarakter nəticəsidir ki, bu gün Türkiyə Cümhuriyyətini idarə edənlərin əksəriyyəti bir zamalar o imkanı olmaya- olmaya oxuyan, vəkflərin səyi, yardımı nəticəsində təhsilini başa vura bilən insanlardır.
O vəkflərdən söz düşmüşkən, iki məsələni vurğulamaq istərdim. Bu vəkf institutları cəmiyyətə iki impulsu ötürürdü. Birinci, paylaşmağı, səndə olanın məndə də olmasını. İkincisi, “səndə olanın məndə olması” elə şəkildə bir-birinə ötürülürdü ki, bundan kimsənin ruhu da inciməzdi. Məhz bu qardaşlıq prinsipi, Allah rızasına dönüşən bu toplumsal sədaqət və qayğı Türkiyəni tezliklə bataqlıq içindən çəlib çıxardı. Əsrlərdir xarici güclər tərəfəindən üzərində olmazın oyunlarını oynayan bu qardaş ölkə, keçmişindən qalma güclü dövlətçilik ənənəsini davam etdirməklə yanaşı, güclü toplum və bu toplumun iç hüzurunu təmin etmə mücadiləsini unutmadı.
Qəribəydi, universitetə yeni başlayan gənc qara -qara düşünərkən, kirayədə qalmaq, keçim şərtləri, təhsil haqqı, digər xərclərini dərd edərkən hər şeyini atıb gecə-gündüz iş dalınca qaçmalıykən, birdən universitetin divarındakı hansısa vəkfin siyahısında adını oxuyurdu. O çıxılmaz duruma düşmüş gənc bataqlığın dibindən çəkib çıxarılaraq güllü-gülüstanlıq bir aləmə sövq edilirdi. İllik keçimininə hər cürə köməklik göstərə biləcək dərəcədə həmən vəkf yardımına çatmışdır. Hər il Türkiyə çapında milyonlarla gənc təhsil almaq ardınca böyük şəhərlərə gələr və belə bir gözəlliklə qarşılaşanda, sözsüz ki, gələcəkdə bütün həyatını öz xalqına, millətinə xidmətə xərcləməkdən çəkinmiyəcəkdi.
O haqqında danışdığım vəkflər nəinki, yerli gənclərə, dünyanın hər bir guşəsindən gələn, heç bir imkanı olmayan minlərlə gənci eyni qardaşlıq və insanlıq səmimiyyətiylə bağrına basır, belə bir ölkədə hökm sürən qardaşlıq, paylaşma, yardımlaşma və bunların da gətirdiyi iç hüzurun selinə qapılıb bütün həyatlarının necə dəyişdiyinin şahidinə çevrilmişəm.
Xalqın sahib olacağı o iç hüzur, o mənəvi xoşbəxtlik, o ilahi iksir üçün burnumun ucu elə göynəyir ki, onu ancaq analayan bilər.

Baxış sayı: 548