Ötən günə gün çatmaz..., Mədəniyyət, Müsahibə
29.07.2015 / 10:55

Hicran Nəsirova: “Bu sənətə gələnin adamı özündən qabaq gəlməlidir…”

Hicran Nəsirova: “Bu sənətə gələnin adamı özündən qabaq gəlməlidir…”

“Heydər Əliyev sənətə qiymət verən adam idi...”

İnform.az-ın “Ötən günə gün çatmaz...” layihəsinin növbəti qonağı Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Hicran Nəsirova həyata keçməyən arzularından, onun əməyinə verilməyən dəyərdən söz açır:

-Salam, Hicran xanım necəsiniz? Səhhətiniz necədir?
-Əleykum salam. Çox istidir. Mən istilərdə özümü heç yaxşı hiss etmirəm.

-Arxada qalan teatr mövsümünü uğurlu sonluqla başa vura bildinizmi?
-Ehh. Belə də. Serialda da çəkildim, yeni tamaşalarda rol aldım. Ancaq… Uğurlu deyək, yeni mövzüm uğurlu gəlsin inşallah. Daha plan qurmuram. Bu günə kimi nə plan qurdum, heç biri həyata keçmədi. Ancaq arzular həmişə olur. Seriala təklif gəlib. İnşallah yaşayarıq, birlikdə uğurları izləyərik.

-Hicran xanım çox cətin həyat yolu keçdi. Bu gün keçmişinə nəzər salanda hansı günü həyatınızdan silmək istəyirsiniz?
-Təbii ki, alın yazısı Allahdan gəlir.Biz heç nəyə qadir deyilik. Amma taleyim öz əlimə qalsaydı, xəstələndiyim, ağır günləri həyatımdan silərdim. Amma heyf ki, olan oldu. Gələcəyə baxıram ki, gözəl günlər yaşayım. Keçmişi çox düşünəndə gələcəyə getməyimə mane olur. Çox yumşaq adamam. İstəyərdim ki, zəmanə üçün bir az sərt insan olaydım. Elə özüm üçün deyirəm, elə indinin özündə də bir az sərt , bir az simasız olmaq lazımdır.

-Hicran Nəsirova bu gün sənətdə layiq olduğu yerdədirmi?
-Mən sizə sual verirəm, bir tamaşaçı kimi deyin. Mən Hicran Nəsirova bu gün layiq olduğum zirvədəyəmmi? Mənim haqqım yeyilib. Dərdimi təzələdiniz. Mən heç bir zaman qapı döymədim, yalvarmadım kiminsə qarşısında. Sakitcə öz işimlə məşğul oldum. Əgər mənim sənətim olmasaydı, Heydər Əliyev kimi düha mənə qiymət verməzdi. Mənim həyatım başdan ayağa trilogiya oldu.

-Mədəniyyət Nazirliyinə heç məktub yazmaq istədinizmi?
-Məktub yazanda məktub lazım olan adama catdırılmır. Qapı döyməyim qalıb, onu da eləmirəm. Başa düşmürəm niyə döyüm qapını? Yaşayıram, səhnədəyəm, gəlib tamaşama baxan var. Niyə kiminsə qapısını döyməliyəm? İlk addımımdan tərif eşitmişəm, diqqət mərkəzində olmuşam. Niyə bəs mənim haqqım verilmir? Ulu öndər mənim ilk tamaşamda olub. Mənə qədər xalq artistləri çıxıb səhnəyə, heç kimə əl calmayan Heydər Əliev, mənim çıxmışam səhnəyə, fəxri adsız Hicranın çıxışı alqış altında olub. Amma on beş ildir mən əməkdar artistəm. Heydər Əliyev sənətə qiymət verən adam idi. Tükü-tükdən seçirdi. Sovet vaxtı olsaydı, mənim səsim çox uzaqlardan gələrdi. Amma nə haqsızlıq etdilərsə, heç kim səhnə səmimiyyətimi əlimdən ala bilmədi. Ayağımı-ayağımın üstünə aşırıb özümü çəkmədim.

-Səhnədən uzaqlaşmaq istəyirsinizmi?
-Bəli, səhnədən getmək istəyirəm. Mənə qarşı olan haqsızlıqlara qarşı artıq dözə bilmirəm. Bir-iki problemlər var, ona görə hələ gözləyirəm.

-Aktyorun səhnə yaşı var?
-Xeyr, olmamalıdır, ancaq heyf ki, altmış yaşı olanı təqaüdə göndərib, sonra da bir neçə aydan sonra gedib halvasını yeyirlər. Balıq üçün su nədirsə, akyor üçün səhnə odur. Aktyorun son vida yeri səhnə olmalıdır, evi yox. Dərdlərimizi səhnədə unuduruq. Səhnəni də əlimizdən alanda ölürük.
-Bu gün tamaşalara insan axını varmı?
Az da deyil, çox da deyil. Bilirsiniz, hamı öz bildiyi işlə məşğul olmalıdır. Bizim aktyorların çoxu gündüz aktyor olur, gecə satıcı, fəhlə, və sair. Qınayası deyil. Çünki, maddi durum dəhşətli gündədir. Niyə indiki cavanlar otuz yaşdan tez evlənmir? İş yox, pul yox, ev yox. Maddi tərəf insanı o qədər sıxır ki, yaradıcılıq unudulur. Çünki, teatrdan aldığımız pulla dərmanlarımızı zorla alırıq. Barmaqla sayılacaq aktyor qalıb ki, sırf səhnəni düşünür.

-Çox rollarda oynamaq istədiniz ancaq…
-Paxıllığımı həmişə çəkdilər. Mən hey qalmaqaldan qaçdım, ancaq görünür pis insanlardan canımı qutara bilmədim. Susdum olmadı, danışdım olmadı. Mən abrımı gözlədikcə, başıma oyun acdılar. Hicran istedadlı aktrisa idi. Onu savadını, gözəlliyini həzm edə bilmirdilər. Plastika, qamət gözəllik, savad hamısı bir adamda cəm olanda paxıllar çox artır. Amma dərk etmirdilər ki, bu Allahın vergisidir. İlk rolumla yaddaşlarda qaldım. Bu gün də o boyda aktyorun içində Hicran yenə də birinci görünür. Amma kimlərəsə görünür bu sərf etmir. Hicran bu günün Hicranı deyil. Hicran 1976-cı ildən səhnədədi. Bu sənətə gələnin adamı özündən qabaq gəlməlidir. Onda hər şeyi iki-üç ilə həll edirsən. Yoxsa mənim kimi qırx ildir külüng vurub sonra da ortada qalmaq, heç bir şey əldə etməmək dəhşətdir. Artıq bu sənətdən heç nə gözləmirəm. İnternet əsrinin çox əlehinəyəm ona görə ki, insanları doğmalarla yad edib. Hər şey uzaqlaşıb soyuq daşa çevirib. Tək tövsiyəm birləşək, həmrəy olaq. Öncə bəziləri mədəniyyətlərini artırsınlar…

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 925