Elm-təhsil
28.09.2018 / 09:15

“Mağjan Cumabay- 125” elmi-praktik konfransı keçirilib- ADPU-da(Foto)

“Mağjan Cumabay- 125” elmi-praktik konfransı keçirilib-
Sentyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı-TÜRKSOY-un birgə təşkilatçılığı ilə universitetdə böyük qazax şairi Mağjan Cumabayın 125 illik yubileyinə həsr olunan “Mağjan Cumabay- 125”elmi-praktik konfransı keçirilib.

Konfransda ADPU-nun rəhbərliyi, TÜRKSOY-un nümayəndələri, Filologiya fakültəsinin müəllim və tələbələri, ölkəmizin tanınmış və nüfuzlu alim-mütəxəssisləri iştirak ediblər.

Qeyd edək ki, TÜRKSOY tərəfindən 2018-ci ilin “Mağjan Cumabay İli” elan edildiyini, həmçinin ADPU-nun TÜRKSOY kafedrasının fəaliyyət planını nəzərə alaraq universitetin rektoru, professor Cəfər Cəfərov “Mağjan Cumabay- 125”elmi-praktik konfransının keçirilməsi barədə müvafiq əmr imzalayıb. Həmin əmrə əsasən konfransın yüksək səviyyədə keçirilməsi məqsədilə 5 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.

Konfransı giriş sözü ilə açan rektor Cəfər Cəfərov bildirib ki, bu gün ADPU-nu həyatında əlamətdar bir gündür. ADPU qardaş xalqlar arasında əlaqələrin genişləndirilməsi sahəsində də səmərəli fəaliyyət göstərir. Belə tədbirlər Türk dünyasının inteqrasiyasına və türkdilli xalqların bir-birini yaxından tanımalarına xidmət edir.

Mağjan Cumabayı Azərbaycanın böyük istiqlal şairi Əhməd Cavadla müqayisə edirlər. O, eyni zamanda Qazaxıstanda pedaqoji kadrların hazırlanmasında, maarifçilik hərəkatında fəal iştirak edib.

TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş, Şimali Qazaxıstan Vilayətinin İcra Hakimiyyətinin Dillərin İnkişafı üzrə İdarəsinin rəhbəri Kemel Ospanov, ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, TÜRKSOY kafedrasının rəhbəri, professor Asəf Zamanov, Filologiya fakültəsinin dekanı, TÜRKSOY kafedrası rəhbərinin müavini, professor Buludxan Xəlilov, BDU-nun professoru Ramiz Əskər və başqaları çıxış edərək Mağjan Cumabayın bütün Türk dünyasının vətənpərvər şairi, milli düşüncəli, istiqlal duyğulu ziyalısı olduğunu vurğulayıblar.

Konfransda Şimali Qazaxıstan Dövlət Universitetinin professoru Zarxın Tarşıbay “Mağjan Cumabayın həyatı və yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib. Professor Zarxın Tarşıbay bildirib ki, Mağjan Cumabay 1893-cü ildə anadan olub.1905-1910-cu illərdə Petropavl mədrəsəsində təhsil alıb, ərəb, fars və türk dillərini öyrənib. 1911-ci ildə isə Ufa mədrəsəsində təhsil alıb.

Bu mədrəsədə təhsil alan zaman onun müəllimlərindən biri Volqa tatarlarının klassik yazıçısı Galimcan İbrahimov olub. Şairin 1912-ci ildə qazax dilində olan şeirləri “Şolpan” adlı kitabda toplanaraq nəşr edilib. Bu kitab qazax ziyalıları arasında məşhurluq qazanıb. 1917-ci ildə qazax “Alaş” partiyasının və Alaş Orda Qazaxıstan milli hökumətinin yaranmasında iştirak edib. Sonra Moskvada yaşayıb, Lermontov, Koltsov, Balmont, İvanov, Mamin-Sibiryak, Maksim Qorki, Aleksandr Blok, Höte və digər şairlərin əsərlərini qazax dilinə tərcümə edib. Ali təhsilini başa vurduqdan sonra Qazaxıstana qayıdıb və müəllim işləyib.

Haqsız yerə həbs olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. 1934-cü ildə Maksim Qorkiyə və Peşkovaya məktub yazaraq onların köməyi ilə həbsdən vaxtından əvvəl azad edilib. Lakin sonra yenidən həbs edilib və 1938-ci ildə güllələnib. Mağjan Cumabay qazax ədəbiyyatının önəmli və məşhur simalarından biridir.

O, müasir qazax ədəbiyyatının yaradıcılarındandır. Mağjan Cumabayın əsərləri qazax xalqının mənəvi-mədəni inkişafına səmərəli təsir göstərib. Qazax xalqı onun xatirəsini əziz tutur.

Konfransda Mağjan Cumabayla bağlı film nümayiş olunub, hədiyyələr təqdim edilib, Filologiya fakültəsi tələbələrinin şairin şeirləri əsasında hazırladıqları ədəbi-bədii kompozisiya təqdim edilib, xatirə şəkli çəkdirilib.

Elm və innovasiyalar üzrə prorektor, TÜRKSOY kafedrasının rəhbəri, professor Asəf Zamanov yekun sözü ilə çıxış edərək konfransın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib və uğurlar arzulayıb.

“Mağjan Cumabay- 125” elmi-praktik konfransı keçirilib-



İnform.az

Baxış sayı: 167