Gündəm, Şərhlər
29.07.2015 / 10:48

Yeddi müdrikin ziyafəti

Yeddi müdrikin ziyafəti

(Müdriklər və korifeylər silsiləsindən)


Əlisa NİCAT / İnform.az




Nizami Gəncəvi yazır:
Lütfdən gah bəzək yaradıram mən
Gah hikmət saçıram söz xəzinəmdən.

Bəli, söz xəzinəsi yaxşı şeydir. Amma onu bir az dərrakəsi olan hər hansı bir həvəskar adam da yarada bilər. Amma söz xəzinəsi deyil, fikir xəzinəsinə sahib olmaq lazımdır. Bu isə çox çətindir. Çünki təzə bir fikir əldə edənin öz beynində bir neçəsi yaranmırsa onda bu xəzinənin də o qədər böyük əhəmiyyəti yoxdur. Özün də fikir yaratmalısan, həm də təzə və parlaq.
Gəncliyimdə mən də Nitşe kimi Platonun həvəskarı olub, onu özlüyümdə Ellinlər və romalılar kimi “İlahi Platon” adlandırırdım.
Amma Sovet dövləti ondan qorxur, əsərlərini də nadir hallarda çap edirdilər. Çünki Platonun dühası Sovet kultuna, Marksizim-Leninizm kultunu öldürürdü.
Amma indi illər keçdikdən sonra sevgilərimin çoxunu Platona deyil, Aristotelə həsr edirəm. Amma Platon təkcə həqiqətə uyğun olmayan ideyalar konsepsiyası müəllifi deyildir. Onun 4 böyük cildlik əsərləri içində ideyalar, konsepsiyalar saysız-hesabsızdır. Platon məqsədyönlü olsa da mürəkkəb mütəfəkkirdir.
Və nəhayət onun bütün dialoqları həm də poetik və gözəldir. Onun dili, üslubu beynə qida verir, nəinki qida həm də ləzzət verir. Deyirlər guya o, körpə ikən bağda nənnidə yatanda bal arısı gəlib onun dilinə qonub öpmüşdür.
Eyni zamanda Siseronun filosofların çarı adlandırdığı bu mütəfəkkir bənzərsiz bir filosofdur. Onu təqlid etmək, ikinci bir Platon olmaq qeyri-mümkündür. Onun təfəkkürü qaya kimi qapalı və sarsılmazdır.
Mən vaxtı ilə Platonun iki dialoqunu tərcümə edib “dünya filosofları” və “müdriklik məbədi” kitablarında çap etdirmişəm. Lakin Platon dialoqlarından ən məşhuru və ən dərini “Fedon”dur. Aydındır ki, mən bu əsərləri rus dilindən tərcümə edirəm. Çünki qədim yunan dilini öyrənmək, həm də elə öyrənmək ki, onu tərcümə edə biləsən çox uzun vaxt istəyir. Buna isə imkanım olmayıb.
Amma eyni zamanda Platonu rus dilindən də tərcümə etmək hədsiz çətin və ağır işdir. ən azı özün də gərək heç olmasa kiçik bir filosof olasan. Həm də tamamilə müstəqil təfəkkür sahibi olan bir filosof.
Saytımızın bu günkü sayından başlayaraq oxuculara bu dahi yunan mütəfəkkirinin “Fedon” dialoqunun tərcüməsini təqdim edirəm.
Mən vaxtılə bu əsəri tərcüməsinə başlamışdım və hürriyət qəzetində bir neçə hissəsi də çap olunmuşdur. Lakin sonralar bəzi səbəblər nəticəsində işim yarımçıq qaldı.
Beləliklə, dahi yunan filosofu Platonun “Fedon” dialoqu.
əsər haqqında bir cümlə ilə yalnız onu demək istərdim ki, Platon-insan öləndən sonra necə olur, onun ruhu var mı və ruh varsa nə olan şeydir? Suallarına cavab verir.
FEDON

EXOKRAT- Fedon, söylə görüm sən Sokratın türmədə zəhər içdiyi gün onun yanında idin, yoxsa hər şey barədə kimdənsə eşitmisən?
FEDON-Yox, yanında idim.
EXOKRAT-O, ölüm qabağı nələr danışdı və öz sonunu necə qarşıladı? Çox bilmək istəyirəm, axı son zamanlar fliuntsiyalardan bu işlə əlaqədar heç kim Afinda olmayıb, oralı dostlarımızdan isə kim gəlirsə, heç biri “Sokrat zəhər içib öldü” sözlərindən başqa önəmli bir şey danışa bilmir. Onların bütün dedikləri budur.
FEDON-Hə, deməli siz məhkəmə haqqında,-orada nə və necə baş verdi bu barədə heç nə bilmirsiniz.
EXOKRAT-Xeyr, elə bu barədə bizə xəbər çatdı və biz təəccüb etdik ki, hökm çoxdan oxunub Sokrat isə xeyli müddət sonra ölüb. Bu necə belə olub, Fedon?
FEDON- Xalis təsadüf nəticəsində,Exokrat, belə oldu ki, düz elə hökm çıxarmaq ərəfəsində afinalılar Delosa göndərdikləri gəminin burnunu çələnglə bəzəmişdilər.
EXOKRAT- Bu nə gəmidir elə?
FEDON- Afinalıların sözlərinə görə bu həmin gəmidir ki, Tesey bir zamanlar “7 cüt”ü Kritə aparmışdır. Bununla həm “”7 cütün həyatını xilas etmiş, həm də özü sağ qalmışdır. Afinalılar isə rəvayətə görə o zaman Apollona and içib belə əhd etmişdilər: əgər gedənlər sağ qayıdarsa, onlar hər il Delosa müqəddəs heyət göndərəcəklər. O vaxtdan indiyə kimi hər il afinalılar öz vədlərinə danışıqsız əməl edirlər. Indi də nümayəndələri yola hazırlaşmışdılar. Qanun tələb edir ki, gəmi Delosdan geri qayıdana qədər şəhər öz təmizliyini saxlasın, bircə dənə də ölüm hökmü icra olunmasın.
Gəminin yola düşməsi isə əgər əks küləklər əsirsə bir də görürsən xeyli uzanır. Müqəddəs heyyətin başlanğıcı Apollon kahininin gəminin burnuna çələng qoyulduğu gün sayılır. Bu isə indicə dediyim kimi məhkəmənin başlanması ərəfəsinə təsadüf etdi. Bu səbəbdən də Sokrat hökm oxunub icra olunana qədər uzun bir müddət türmədə gözləyəsi oldu.
EXOKRAT- Yaxşı, bəs ölümün özü necə keçdi, Fedon? Sokrat nələr dedi? Özünü necə apardı? Yaxın adamlarından yanında kimlər vardı? Bəlkə hakimiyyət yanına heç kimi buraxmadı və o tənhalıqda keçindi?
FEDON- Nə danışırsan, dostları yanında idi. Özü də gör neçə nəfər.
EXOKRAT- Onda hər şey necə olubsa lütfən danış bizə. Özü də əhatəli, yerli-yerində. Əgər əlbəttə məşğul deyilsənsə.
FEDON- Tamamilə bekaram, çalışacağam ki, hamısını yerli-yerində nəql edim. Üstəlik, mənim üçün ya özüm haqqında danışım, ya da başqasının söhbətlərinə qulaq asım, fərqi yoxdur. Sokrata aid xatirələri danışmaqdan və dinləməkdən sevindirici nə ola bilər?
EXOKRAT- Amma, Fedon, sənin dinləyicilərin də bu cəhətdən səndən geri qalmırlar. Ona görə çalış ki, heç nəyi nəzərdən qaçırmayıb hər şeyi olduğu kimi danışasan.
FEDON- Yaxşı, deməli belə: mən onun yanında oturub qəribə hisslə r yaşayırdım. Çünki yaxın dostumun ölüməyinin şahidi idim. Buna baxmayaraq, Exokrat qəlbən ona acımırdım. Mənə elə gəlirdi ki, o xoşbəxtdir. Mən xoşbəxt insanın davranışını görür nitqinə qulaq asırdım. O, elə qorxmaz və ləyaqətlə ölürdü ki, beynimə belə bir fikir gəldi: o hətta Aidə də (yəni axirət dünyasına) ilahinin göstərişi ilə gedir və orada başqalarından daha artıq xoşbəxt olacaq. Bax buna görə gözlənildiyinin əksinə olaraq ona qətiyyən yazığım gəlmirdi. Lakin bununla belə fəlsəfi mühasibələr,-axı onunla söhbətlərimiz həmişə bu məzmunda olurdu,- mənə həmişəki ləzzəti vermirdi. Bu tamamilə yeni bir hiss idi, nəsə ləzzətlə qübarın qəribə qarışığı idi ki, ağ bu adam elə bu dəqiqə ölməli olacaq,-düşüncəsindən əmələ gəlmişdi və türməyə yığışanların hamısı, demək olar ki, bu ruhda idilər. Xüsusilə içimizdə birisi -Apollodor. Sən yəqin ki bu adama və onun xasiyyətinə bələdsən.
EXEKRAT- Özü də necə!
FEDON- O tamamilə başını itirmişdi. Lakin elə mən özüm də pərişan idim. Hə elə başqaları da.
EXOKRAT- Səninlə birlikdə orada kimlər vardı, Fedon?
FEDON- Oranın vətandaşlarında həmin o Apollodor, atası ilə birlikdə Kritobul, sonra Qermogen, Epigen, Esxin, Antisfen. Peaniyalı Ktesinn, Meneksen, Hə bir də yerli adamlardan kim isə. Platon deyəsən xəstə olduğuna görə yox idi.
EXOKRAT- Bəs yadellilərdən kim vardı?
FEDON- Hə, fivalılardan Simmey, Kebet, Fedont, meqarlılardan Evklid və Terpsion.
EXOKRAT- Bəs, Kleombırat və Arisstin?
FEDON- Onlar orda ola bilməzdilə. Deyirlər həmin gün onlar, Eqində imişlər.
EXOKRAT-Bunlardan başqa daha heç kim yox idiki?
FEDON- Deyəsən daha heç kim.
EXOKRAT- Aha, bəs sonra, sonra? Deyirsən söhbətiniz nə barədə idi?
FEDON- Çalışacağam hər şeyi əvvəldən axıracan sənə danışım.
Biz o vaxtacan mən özüm və elə başqaları da hər gün səhər açılan zaman yerli türmə yaxınlığında yerləşən məhkəmə binasının qabağında mütləq Sokrata baş çəkirdik. Hər dəfə biz ağız-ağıza verərək türmənin qapısının açılmasını gözləyərdik. Qapılar da əvvəllər olduğu kimi tezdən açılmazdı. Nəhayət açılanda biz, Sokratın yanına gedir, çoxumuz da bütün günü onunla keçirirdik.

Ardı var...

Baxış sayı: 735