Maraqlı
27.09.2018 / 11:00

Cinayət aləminin "general"ları- MANSUR VƏ LENÇİK (Foto)

Cinayət aləminin "general"ları-
II yazı

Kriminal aləmdə ən çox Mansur ləqəbi ilə tanınan Sergey Mansurov maraqlı və gözədəyən fiqur idi.

O, həmin aləmdə çoxlarını yaxşı tanısa da, qanuni oğruların sırasına aid deyildi, amma onlara nisbətən xeyli irəli getmişdi, ali iqtisad təhsili vardı ki, bu da ona yarımleqal kommersiya ilə məşğul olmağa imkan yaradırdı.

Mansur dzü-do üzrə idman ustası normasını yerinə yetirmişdi, poeziyanı, klassik musiqini, sevirdi, fəlsəfi kitabları oxuyurdu, sərbəst düşüncəyə malik idi, komsomol bileti də vardı.

Yəqin ki, bu keyfiyyətlər ailə mənsubiyyətindən irəli gəlirdi: atası istefada olan dənizçi zabit idi, anası ali məktəbdə incəsənətdən dərs deyirdi.

Yazılmamış şərəf kodeksinə görə isə əsil oğru təhsil almamalı, ictimai-faydalı əməklə məşğul olmamalı, orduda xidmət etməməli, evlənib ailə qurmamalı, heç bir mülkiyyətə sahib olmamalıdır.

Bu düsturlara riayət edən oğrunun zonaya gəlişini “zek”lər, onların özlərinə məlum olan kanallar vasitəsilə qabaqcadan bilirlər və onları xüsusi təntənə ilə qarşılayırlar.

Qanuni oğru türmədə, hətta dəhlizdə necə yeriməyi, kameraya necə daxil olmağı, özünü necə aparmağı, necə danışmağı yaxşı bilir. Onu qarşılayanlar da uşaq deyillər, o dəqiqə anlayırlar ki, gələn kimdir, doğrudanmı bu yolun yolçusudur, yaxud əksinə.

Güclü mütaliəsi olan Mansur bu qaydaları bilməmiş deyildi.

Necə oldusa, Moskva avtoritetləri Leonid Zavadski (Lençik), Quduz Fedya və boksçu Oleq Korotayevlə tanış olandan sonra normal ailədən olan oğlanın həyata baxışı dəyişdi. 1990-cı ildə “Osmos” firmasının 30 yaşlı direktoru Sergey Mansurov artıq böyük biznes orbitində idi.

Qərbdən fırıldaq yolu ilə alınan kompüter texnikası ona milyonlar gətirirdi.

Elə bu vaxt onunla Dövlət təhlükəsizliyi orqanları maraqlanmağa başlayırlar.

DTK 1991-ci ildə Mansurun Şeremetyevo aeroportu kömrükxanasında zərgərlik məmulatlarını qaçaqmalçılıq yolu ilə xaricə çıxarmaq cəhdini sübut etdi.

Yoxlamalar zamanı firmanın fəaliyyətində maliyyə pozuntularından əlavə kölgə iqtisadiyyatı oliqarxları, narkotika baronları, gürcü qanuni oğruları və Moskva valyutaçıları ilə iri həcmli saxta əməliyyatlar meydana çıxdı.

Ancaq qaldırılmış cinayət işi möcüzəli şəkildə ləğv edilir, “Osmos”un başçısı yaxasını məsuliyyətdən qurtara bilir.

Az sonra, 11 mart 1992-ci ildə hüquq müdafiəsi istiqamətli “Sekyuriti-Fort” firmasına rəhbərlik edən Mansur öz dəstəsi ilə birlikdə “Pirs” firmasından hədə yolu ilə pul tələb edərkən banditizmlə mübarizə idarəsinin xəfiyyələri tərəfindən tutulur.

Bu zaman Mansurun portmanesindən 3 milyon rubl, 400 ABŞ dolları, bu dəyərdə daş-qaş aşkar olunur. Mansur həbxanada cəmi iki ay qalır, 1 milyon rubl girov müqabilində buraxılır.

Azadlıq havasını hiss edən Mansur yenidən işə girişir. Onu Taqanka qruplaşmasının boyevikləri ilə “razborka” zamanı yenidən yaxalayırlar, dəstədən çoxlu odlu silah, partlayıcı maddələr götürülür və Mansur abxaz oğrusu Aslanla bir yerdə cəza çəkməli olur.

Ancaq buna da cəza demək olmazdı, Mansur bu dəfə 20 milyon rubl ödəyərək qurtulur.

Hər bir buraxılmış səhv türmədə və ondan xaricdə ani olaraq yayılır, avtoritetə elə zərbə dəyir ki, bu zərbədən ayılmaq o qədər də asan olmur.

“Oğru” titulu da ömürlük müdafiə, “bratva”nın nüfuzundan faydalanmaqdan ötrü heç də yetərli deyil. Bu yola düşmüş hər bir oğru şəxsiyyət olduğunu sübut etməlidir.

Mansurun son həbsi onun yaxın tanışı Leonid Zavadskinin qətlə yetirilməsi ilə bağlı idi.

Lençik 1947-ci ildə Belarusun Brest şəhərində anadan olmuşdu, çoxdandı ki, Moskvada yaşayırdı, bir neçə dəfə məhkum olunmuşdu, qumar, valyuta, əntiq əşya alveri üzrə ixtisaslaşmışdı.

O, kölgə kapitalının hiyləgər, ehtiyatlı, eyni zamanda ciddi idarəediciisi idi, əlindən almaz və neft istehsalı ilə bağlı iri məbləğlər gəlib keçirdi. Lençiki Uralda, Tümendə, Yekaterinburqda, Ukraynada yaxşı tanıyırdılar, onun fikfiləri ilə ən iri şəhərlərdə hesablaşırdılar.

Qərbə köçmüş oğrular onunla əlaqələri üzmürdülər, bir sıra münaqişələri onun vasitəsilə həll edirdilər.

Kriminal aləmdə böyük nüfuza sahib olan Lençik Yaponçiklə “sən”lə danışırdı, vaxtında oğru səvyyəsinə irəli sürülsə də, sıravi mafiya üzvlüyünü üstün tutmuşdu. Bütün bunlar Lençikə qumarbazlığa maneçilik törətmirdi, “Metelitsa”, “Royal”, “Savoy”, “Qabriella”, “Çerri-klub” onun və gənc qadınlarının sevimli yerləri idilər. Əli tez-tez gətirsə də, elə gün olurdu ki, bir gecədə 40 min dollar uduzurdu, iki il ərzində qumarxanalarda 700 min dollar itirmişdi.

Mansurla Zavadski çoxdan yaxın dost idilər, böyük biznesdə birgə çalışırdılar. Bu vaxtlar onların dostu Quduz Fedya Amiran Kvantirişvili ilə birlikdə çeçenlər tərəfindən “Vodoley” firmasının ofisində öldürülür. Nyu-Yorkda Oleq Korotayev, oğru Qlobus, avtoritet Bobon və başqaları məhv edilirlər, beləliklə, onların tay-tuşlarının sayı azalır.

Yaranmış vəziyyətlə bağlı Lençik bircə cangüdənlə hərəkət edirdi. Günlərin birində onun qulağından və gözündən vurulmuş cəsədini Lefortovonun Alman qəbristanlığında tapdılar.

Lençik məşhur avtoritet Rospisin cangüdəni Şayxullinin və mafiozi Artur Türmənin məzarları yanında uzanmışdı. Amma izlər tamam başqa tərəfə aparırdı.

İş burasında idi ki, Lençiklə Mənsur Avropa ölkələrinin biri ilə uğursuzluqla nəticələnən birgə maliyyə işi görmüşdülər. Ortaqlar arasında anlaşılmazlıq əmələ gəlmişdi. Bu səbəbdən Zavadskinin, onun məşuqəsinin və cangüdəninin qətli Mansurun iştirakı ilə törədilmişdi.

Qətlin iştirakçıları Lençikin güllələnməsində istifadə olunan silahı əvvəlcə gizlətmişdilər, lakin şahidlərdən biri Mansuru şantaj edərək tapançanı polisə təqdim edəcəyini söyləmişdi.

Bu zaman xəfiyyələr artıq Mansurun cinayətdə əli olduğunu bilirdilər və onu şübhəli şəxs qismində saxlamışdılar.

Mansur 20 gün həbsdə yatandan sonra Prezident sərəncamına əsasən (!) vaxtından əvvəl azadlığa çıxır.

Daha sonra şantaj edən şəxs Mansurun mənzilində öldürülür, cəsədi tikə-tikə edilərək kamində yandırıldı və çaya atılır.

Bunu isə yalnız Mansurun psixi durumu ilə bağlamaq olardı. O, satqınlıqda hamıdan şübhələnir, özünü idarə edə bilmir, artıq bir litr “Smirnovsri” arağı belə Mansura təsir etmir, son zamanlar məşuqəsi Tatyana Lyubimova ilə birlikdə kokain tərkibli krek narkotik maddəsindən istifadə edirdi.

Moskvanın Petrovski küçəsindəki 19 nömrəli möhtəşəm mənzil Mansurun son sığınacağı olur. Burada saxlanılan və incidilən girovlardan biri qarovulçuların diqqətsizliyindən istıfadə edib qaçarkən ələ keçdi.

Mənsur OMON-çuların təslim olmaq haqqında ultimatumuna buradakı qadınları məhv edəcəyi ilə cavab verdi. Onda OMONçular mənzilə hücumla daxil oldular, atışmada Mənsur və Tatyana öldürülürlər.

8 aprel 1995-ci ildə ölkə televiziyası bu hadisə haqqında geniş xəbər yaydı. Maraqlıdır ki, belə xəbərlərin yayımlanması oğru dünyasının “generalı” üçün öləndən sonra da şərəf işi sayılır.

Cinayət aləminin "general"ları-

MANSUR


Cinayət aləminin "general"ları-

LENÇİK



Aydın Hüseynov/İnform.az

Baxış sayı: 1699