Siyasət
26.09.2018 / 12:30

" Ölkəmiz mühüm bir beynəlxalq platformaya çevrilib"- Arzu Nağıyev

" Ölkəmiz mühüm bir beynəlxalq platformaya çevrilib"-
"“ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisinin keçirilməsi ölkəmizin təkcə humanitar, mədəniyyət, iqtisadi sahədə deyil, eyni zamanda, hərbi sahədə beynəlxalq tədbirlərin keçirildiyi platformaya çevrildiyini göstərir."

İnform.az-ın xəbərinə görə, bunu Trend-ə politoloq Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, dünyanın ən aparıcı silah istehsalçılarının, hərbi-sənaye komplekslərinin Azərbaycanda bir araya gəlməsi müsbət hal kimi dəyərləndirilməlidir:

“Azərbaycan artıq silah alan dövlətdən silah istehsal edən, ixrac edən ölkəyə çevrilməkdədir. Yəni əvvəllər hansısa dövlətlərin lisenziyası, patenti əsasında silahlar istehsal olunurdusa və ya xaricdən silah alınırdısa, artıq Azərbaycan qeyri-neft sektoru olaraq hərbi sahədə də mühüm addımlar atır və özü silah ixrac edən bir dövlətə çevrilir”.

Politoloq vurğulayıb ki, dünyanın Azərbaycanın bu cür tədbirlərə ev sahibliyini qəbul etməsi məhz təhlükəsizlik baxımından da ölkəmizin mühüm bir dövlət olduğunu göstərir:

“Bu gün Azərbaycandan çox da uzaq olmayan ərazilərdə müharibələr getsə də, ölkəmiz təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm addımlar atır. Məhz buna görə də bu cür beynəlxalq tədbirlər Azərbaycanda keçirilir. Bu baxımdan ölkəmiz mühüm bir beynəlxalq platformaya çevrilib. Təbii ki, “ADEX-2018” çərçivəsində bir sıra dövlətlər öz aralarında bir sıra müqavilələr imzalayacaq və bu müqavilələrin imzalanmasının mənbəyi kimi Azərbaycan göstəriləcək. Bu, çox müsbət və tədqirəlayiq bir haldır”.

Qeyd edək ki, bu gün Bakı Ekspo Mərkəzində 3-cü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb. Sərgi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirib.

Sərgi iştirakçıları olan bir sıra ölkələr əvvəlki illərlə müqayisədə milli ekspozisiyalarının sahəsini böyüdüblər. Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə (41 şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət) daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Pavilyonlarda müasir silah və texnikalar nümayiş olunur.

Burada peşəkarlar ölkənin müdafiə sənayesinin yenilikləri, habelə Azərbaycan Silahlı Qüvvələrinin mövcud və inkişaf edən potensialı ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Bundan başqa, bu il Azərbaycandan “Caspian Ship Building Company”, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP), “Vitta” elmi-texniki şirkəti və Hərbi Hava Qüvvələrinin silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi sərgidə ilk dəfə iştirak edir.


İnform.az

Baxış sayı: 199