Siyasət
25.09.2018 / 10:00

“Ərəblərdə hazırda sabaha olan inam hissi 30 il öncəki kimi deyil”- Əhməd Qəşəmoğlu

 “Ərəblərdə hazırda sabaha olan inam hissi 30 il öncəki kimi deyil”-
İranda baş verən son terror hadisəsi bir çox məsələləri yenidən aktual edib.

Terrorçuların ərəb kökənli şəxslər olmaları son illərdə ərəblərin bu tipli aktlar törətməyə olan meyllərinin getdikcə artdığını gündəmə gətirib.

Təsadüfi deyil ki, İŞİD terror qruplaşması meydana çıxandan sonra baş verən əksər terror faciələri ərəblər tərəfindən törədilib. Ərəb dünyasının terror mərkəzinə çevrildiyini desək yalan olmaz. Əfqanıstan, İraq, Suriya, eləcə də bir çox Avropa ölkələrində həyata keçirilən terror hadisələrində ərəblərdən istifadə edilməsi adi hal alıb.

Ərəblərlə yanaşı kürdlərin də terrora meylli olduqları hər zaman müzakirə edilir. PKK və digər terror təşkilatlarının tərkibində Türkiyə və bir sıra yerlərdə kürdlərin törətdikləri dəhşətli faciələr onların bu tipli aktların icraçısı olmaqdan çəkinmədiyini göstərir. Ərəblər və kürdlərin nə üçün belə faciələrin iştirakçılarına çevrilmələri ilə bağlı versiyalar müxtəlifdir. Bu xalqların elmə o qədər də meylli olmamaları və nəticədə savadsızlığın hökm sürməsi, cahilliyin onlar arasında kök salmasının buna səbəb olduğu vurğulanır. Dini fanatizmin bu xalqlar arasında yüksək olması da burada əsas amil kimi göstərilir.

İnform.az-ın xəbərinə görə, sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a bildirib ki, burada müxtəlif amillər rol oynayır: “Burada birmənalı olaraq etnik mənsubiyyəti əsas götürmək olmaz. Təbii ki, hər bir etnik mənsubiyyətin özünün milli xüsusiyyətləri var. Onlara etnik kodlar deyirlər. Müxtəlif etnik qruplarda etnik kodlar müəyyən qədər bir-birindən fərqlənir. Bu insanların hətta yerişində, əl hərəkətlərində, yeriyən vaxt özlərini yırğalamalarında belə şeylər görünür. Necə ki, toyuq və ördək cücələri yumurtadan çıxdıqdan sonra hərəsi bir cür yeriyir. Çünki onlarda da kodlar müxtəlifdir. Burada iki məsələyə diqqət ayırmaq lazımdır. Biri var mentalitet, bir də var ki, etnik kod. Etnik kod dəyişən deyil. Amma mentalitet dəyişir. Ola bilsin ki, dediyiniz etnik mənsubiyyətin kodlarında bir az döyüşkənlik, savaşqanlıq var. Bununla bağlı elmdə ciddi şəkildə təsdiqedici nəticələr yoxdur. Bu kodlar sona qədər ictimaiyyətə geniş şəkildə məlum deyil. Digər tərəfdən, bilirik ki, hər hansı bir davranışa üç əsas güclü amil var. Birinci amil bilik, ikinci amil aldığı informasiyalar, üçüncü amil isə üstünlük verilən dəyərlərdir. Müxtəlif tarixi şəraitdə bu üç amilin birləşməsi fərqli şəkillərdə təzahür edir. Ərəblərdə son vaxtlar bu cür halların artmasında ərəb aləmində baş verən çaxnaşmaların, müharibələrin mühüm rolu var. Onları müsəlman olduqları üçün Qərb aləmi sıxışdırır, qırır. Bu istiqamətdə də fikirlər formalaşıb. Ərəblərin yaşadıqları mühitin özündə ciddi gərginlik var. O gərginlik neqativ təsirlər edir. Digər tərəfdən, aldıqları informasiyalarda onları qırırlar kimi halların olması onlarda qıcıq yaradır. Bu həm də onlarda qəzəbin yaranmasına səbəb olur. Üçüncü tərəfdən, üstünlük verilən dəyər var. İslam aləmi uzun müddət islami dəyərlərə söykənməyə çalışdı. Amma təəssüf ki, həmin islami dəyərlər arzuolunan şəkildə həyatda öz əksini tapmadı. Əksinə, bunu mənfi şəkildə tapdı. Hər hansı bir şey də cəhalətə bulaşanda o davranışa mənfi təsir göstərir. Ərəblərin bir çoxu hazırda ölkələrindən kənarda olurlar. Bu da onların daxili aləmlərinə qeyd etdiyim faktorların təsir etməsinə səbəb olur. Onların mühiti, onlara olan münasibət, beyinlərini formalaşdıran aldıqları informasiyalar burada ciddi təsiredici amillərdir. Son proseslərin təsiri nəticəsində ənənəvi dəyərlər aşınmaya məruz qalır. Ortada davranışı daha çox ahəngdar edə bilən dayanıqlı dəyərlər sistemi dağılıb. Hansı xalqın başında bu cür hadisələr olsa, orada terrorizm də inkişaf edə bilər, hazırda müşahidə etdiyimiz davranışlar da”.

Ə.Qəşəmoğlu bu cür halların qarşısını almağın mümkünlüyündən də söz açdı: “Bununla bağlı kimsə deyə bilər ki, bu vəziyyətin qarşısını almaq mümkün deyil. Sosial psixologiya, sosiologiya elminin bununla bağlı kifayət qədər tövsiyələri var. Özü də bunlar çox ağıllı tövsiyələrdir. Bir daha təkrar edirəm ki, burada yuxarıda qeyd etdiyim üç amilin böyük rolu var. Üç amilin güclü təsir göstərməsi üçün çalışmaq lazımdır ki, ölkədə o mühitin yaxşılaşmasına təsirləri olsun, alınan informasiyalar ümidverici olsun, insanlarda sabaha olan inam hissi artsın. Ərəblərdə hazırda sabaha olan inam hissi 30 il öncəki kimi deyil. Burada əsas olan insanın davranışına mühüm təsir edən dayanıqlı dəyərlər sistemidir. Elə etmək lazımdır ki, o dəyərlər sistemi daha dayanıqlı olsun, mənəvi dəyərlər üstünlük təşkil etsin. Tarix də bunu sübut edir ki, cəmiyyətdə mənəvi dəyərlər öndə olanda cəmiyyət özü-özünü tənzimləyir, orada mədəni insanlar daha çox yetişir. Bunun əksi olanda, yəni mənəvi dəyərlər arxa plana keçəndə gərginlik yaranır, hər cür fəsadlar ortaya çıxır. Bu hər bir ölkəyə aiddir. Sosial psixologiyanın qanunları budur. Burada çox geniş bir fəaliyyət proqramları olmalı, islahatlar aparılmalıdır. İstənilən halda bu cür halların resepti var. Amma indiki tarixi şəraitdə o reseptə nə qədər əməl etmək mümkündür, bunun özü bir az sual altındadır”.


İnform.az

Baxış sayı: 70