Baş xəbər, Maraqlı
25.09.2018 / 14:00

Cinayət aləminin "general"ları- Çeçen Xoza(Foto)

Cinayət aləminin "general"ları-
Oğru dünyası haqqında bir Amerika boyevik filmində belə ibarə var: “Onlar öz yollarını könüllü olaraq müəyyən edirlər və öz ölümlərinə doğru hoppana-hoppana gedirlər”.

Cinayətkar aləmin belə nümayəndələrindən biri əslən Çeçenistandan olan “Xoza” ləqəbli Nikolay Süleymanov olub.

Ötən əsrin sonlarında Çeçenistandan çıxan kriminal professionallar üçün ən əlverişli məkan Rusiya paytaxtı olub.

Onlar burada ilk dəfə 1983-cü ildə azərbaycanlı alverçilərin razılığı ilə “Özbəkistan” restoranının yaxınlığında lövbər salırlar, az sonra çeçenlərin mərkəzi icmasına çevrilirlər.

Elə bu zaman gələcək çeçen lider Nikolay Süleymanov (Xoza) da çörəkli yer olan “Avtomobillər” mağazasının həndəvərində fəaliyyətə başlayır.

Malik, Gilani, Küri və digər çeçenlər də onunla birləşib avtomobil satıcılarını qarət etməklə məşğul olmağı razılaşırlar.

Xoza, Rusiyanın paytaxtında hələ yenidənqurma dövründə reketçiliyin əsasını qoyanlardan biri olur.

O, ilk növbədə avtomobil alış-verişi ilə külli miqdarda pul qazanan erməni dəllallarının üzərinə “vergi” qoyur, ara-sıra avtomobil sahiblərini soymağa girişir.

Çeçen qrupunun başçısı mərtəbəsinə yiyələnən Xozanın köməyi ilə iqtisadi reket mexanizmləri müəyyən olunur, imkanlı şəxslər haqqında etibarlı və dəqiq məlumatlar hazırlanır.

Xoza təkcə oğrubaşı deyildi, həm də döyüşçü qrupunun böyüyü idi.

Beş yüz nəfərlik silahlı dəstə onun əmrinə hər an müntızir idi. Özü şəxsən “razborka”larda iştirak edirdi, hərçənd belə tədbirlərin birində onun başını pivə bokalı ilə yarmışdılar. Artıq 1990-cı ildə Xozanın sərəncamında “Mersedes” və “BMV” avtomobillərindən ibarət avtopark mövcud idi, o, ərzağı və geyimi yalnız məşhur elit ticarət şəbəkəsi “Beryozka”dan alırdı, öz məşuqəsini isə başdan-ayağa zər-ziba içində saxlayırdı.

Tezliklə keçirilən həbslər nəticəsində azərbaycanlıların mövqeləri zəiflədikdə çeçen icması bundan istifadə edərək təşəbbüsü ələ aldı, azərbaycanlıları “Özbəkistan”ın ətrafından sıxışdırır, onların hüquq mühafizə orqanları ilə korrupsiya əlaqələrinə də sahib olur.

Əlli nəfərlik ikinci dəstə Cənub limanında möhkəmlənir. Xozanın adamları buradakı bazarda maşın alverçilərindən hər bir satılan maşından ötrü bac alırdılar.

Xoza eyni zamanda “Avtomobillər” mağazasının inomarkalar satılan şöbəsini tam nəzarətə götürür.

Çeçenlərin üçüncü qanadı Moskvanın beynəlxalq daşımaları həyata keçirən trayler maşınlarının ən çox hərəkət etdiyi şimal hissəsini zəbt edir, xüsusən Qafqaz istiqamətinə qeyri-qanuni əmlak daşınması sahəsində sürücülərlə möhkəm əlaqələr yaradılmışdı. Əməliyyatlar o qədər “uğurlu” idi ki, bu məqsədlə Ostankino qrupu da işə başlayır.

1988-ci ilin sonlarında həbs cəzasından azad olunmuş avtoritetlər Atlangeriyev və Nuhayev yenicə meydana gəlmiş kooperativlərə və kriminal biznesə “krışa” vergisini tətbiq edərkən, artıq paytaxtın xeyli hissəsinə nəzarət edən Solntsevo, Lyubertsı, Podolsk, Balaşixa qruplaşmaları ilə rəqabətdən yan keçmək mümkün deyildi. Yerlilər möhkəm narazı idilər.

Qan iyi gəlirdi. Bunu yaxşı duyan Xoza çeçen tələbələr də cəlb edilməklə oğru qruplarının vahid və çevik sistemini yaradır, bunlar iki il ərzində bandit qrupları ilə 20-dən artıq “razborka” keçirirlər, həmin vuruşmalarda rəqiblərdən dörd nəfər öldürülür, otuz nəfər yaralanır.

“Özbəkistan”ı geri götürmək üçün Moskva qruplaşmalarının səyləri də tez-tez “razborkalara”, bu da yeni qanların tökülməsinə, eyni zamanda çeçenlərin nüfuzunun genişlənməsinə səbəb olurdu.
Tezliklə ən məşhur Bauman qrupu çeçenlərin tapdağı altına düşdü, 1988-ci ilin dekabrında onlarla “Labirint” restoranında əsaslı haqq-hesab çəkildi.

“Labirint”dəki ağır məğlubiyyətdən sonra yerlilər ruhdan düşürlər, çeçenlər onları qəyyum obyektlərdən tamamilə sıxışdırmağa nail olurlar.

Baumançıların kömək üçün qanuni oğrulara müraciəti edirlər.

22 yanvar 1988-ci il tarixində 10-12 nəfərdən ibarət qanuni oğru dəstəsi “Aist” kafesində Süleymanovun qrupu ilə görüşüb ona kəskin etirazlarını bildirir.

Çeçenlər azlıqda olmalarına baxmayaraq, oğruların üzərinə silahla hücum edirlər. Onlardan biri gizli şəkildə “Özbəkistan” restoranına zəng edib təcili kömək göndərilməsini tələb edir.

Çeçenlərə kömək gələndən və bir neçə üzvü bıçaq yarası alandan sonra qanuni oğru dəstəsi geri çəkilməli olur.

Çeçenlərin işi yağ kimi gedir, icmanın lideri uğurları daha da möhkəmləndirməyə can atırdı.

Cinayətkar klanların “Daqomıs” mehmanxana kompleksində baş tutmuş sxodkasında paytaxta nəzarəti necə bölüşdürmək barədə müzakirə aparılarkən çeçenlər demişdilər: “biz Moskvanı özümüz zəbt edəcəyik”.

Timiryazev, Dzerjinski, Kirov, Sverdlov, Babuşkin rayonlarıda texniki xidmət stansiyaları, mebel və təsərrüfat malları mağazaları, bazarlar, valyuta fahişələri, oyun avtomatları, səsyazma studiyaları, attraksionlar, hətta uşaqların əyləndikləri karusellər ciddi nəzarətdə idi.

Xüsusi cədvəllər və tariflər müəyyən olunmuşdu. Bu arada Lyubertsı qrupuna qarşı qanlı döyüş oldu, üç nəfər ağır bıçaq yarası aldı. Daha sonra 60-a yaxın ceçen boyeviki onların icazəsi olmadan Riqa bazarında alver edən qaraçıları döydülər.

Bir qayda olaraq törədilmiş yüzlərlə cinayət haqqında heç bir şikayət olmurdu, şahidlər boyeviklərin qorxusundan susmağı üstün tuturdular. Tək-tək ilişən olurdusa, onun da kamera divarları arasında oturmağı çox çəkmirdi, həmin adam məhkəmənin müəyyən etdiyi cəzanın dörddə birini çəkib azadlığa çıxır, yenidən öz əməllərini davam etdirirdi. Orqan əməkdaşları sanki bir addımlıqda baş verənləri görmürdülər, deyilənə görə bəzən onlar da yerli klanları lokallaşdırmaq məqsədilə çeçen qüvvələrindən yararlanırdılar.

Açıq-aşkar kriminal vəziyyət 90-cı illərin əvvəllərində pik nöqtəyə çatır, çeçen mafiyası öz milli dirçəlişi, Stalin repressiyalarının tənqidi, general C.Dudayevin şüarları fonunda öz işini məharətlə görür.

Axır ki, slavyan liderlərin daha bir sxodkasında çeçenləri paytaxtdan qovmaq qərara alındı. Qanqster müharibəsi başlandı. “Ostankino” mehmanxanasının restoranı tar-mar edildi, çeçenlərə məxsus “Vosxod” kafesinə basqında üç nəfər öldürüldü, beş nəfər yaralandı.

Hadisənin növbəti günü Moskva dairəvi şossesində çeçen icmasının 500 üzvü toplanır, burada beş nəfər qrup liderinə ölüm hökmü elan olunur.

Onlar “Moskva” mehmanxanası yanında azərbaycanlılarla atışma törətdilər, hər iki tərəf zərər çəkənləri götürüb aradan çıxa bildilər, çeçenlərdənsə ağır vəziyyətdə xəstəxanaya düşən olur.

Sentyabr ayında bir paytaxt qrupu üç nəfər çeçeni ağacla döyür, 8 noyabrda 4-cü taksoparkın ərazisində iki döyüşçü çeçen şikəst ediiri, bir aydan sonra çeçen Batayev güllələnir, daha iki nəfər yaralanır, Ostankino qrupundan iki nəfər qətlə yetirilir.

Bu zaman çeçen icması baş verən hadisələrdən nüfuzunu xeyli itirdiyindən qisas almağa getmır.

Mövqelərin itirilməsi hər şeydən əvvəl Ruslan Xasbulatovdan sonra ən məşhur çeçen Nikolay Süleymanovun (Xozanın) sensasiyalı həbsi ilə bağlı idi.

O zaman “Soyuz İnterneşnl” müəssisəsindən 2,5 milyon rubl həcmində pul tələb edərkən yaxalanan dəstənin işinə dair materialı “Vremya” proqramı da göstərir, bu xəbər ildırım sürəti ilə bütün dünyaya yayılır.

Məhkəmə Xozaya vur-tut 4 ay iş kəsir, onun iş üzrə keçən məşuqəsi Stupina isə məsuliyyətdən azad edilir.

Süleymanovu tutmaqla xüsusi xidmətlər sanki mütəşəkkil cinayətkarlığa, reketə, kölgə biznesinə müharibə elan edirlər.

Amma bu mübarizədə üstünlük yenə də mafiyanın tərəfində idi. Butırka türməsində yatan Xoza öz hərəkətlərini davam etdirirdi, azadlıqda olan avtoritetlərə göstərişlər və məsləhətlər verirdi, kadr məsələlərini həll edirdi.

Cəzasını çəkəndən sonra Xoza Çeçenistana qayıdır. Qroznıda onu Robin Qud tərzində millət fədaisi kimi hörmət və ehtiramla qarşılayırlar.

Çox keçmir ki, o, müxalifət tərəfində silahlı qarşıdurmalarda iştirak edir, ağır yaralanıb Dudayevə əsir düşür, ancaq tezliklə qohumları tərəfindən satın alınır.

İndi vətəni tərk etmək zəruri idi. Xoza Almaniyaya getməyə hazırlaşır, orada mülk və torpaq sahəsi alır.

...Nömrə nişansız qara “Jiquli” bir anlığa səkinin qərağında dayanır, maşının tünd rəngli şüşəsi aşağı enir, içəridən avtomat atəşləri açılır.

Bu atəşlər bir qədər kənarda dayanana qədd-qamətli, elit geyimli kişi üçündü.

O, güllələrdən yerindəcə keçinir, qara avtomobil isə bir anda aradan çıxır.

Nə maşını, nə də killeri tapmaq cinayət axtarış orqanlarına nəsib olmur. Qətlə yetirilən şəxs isə hər kəsə yaxşı tanış idi.

Bu adam yalnız ölüsünün təslim olduğu “Xoza” ləqəbli Nikolay Süleymanov idi.

Həddən ziyadə davakar mövqe təkcə antiterror xidmətlər deyil, eyni zamanda həmyerlilər tərəfindən də təhlükəyə səbəb olurdu.

Çeçenistanda müharibə başlanandan sonra meydana çıxan, milli-vətənpərvərlik və kommersiya maraqları arasındakı ziddiyyətlər onun aradan götürülməsini zəruri edir.

Başqa bir səbəb kimi Moskvada baş vermiş “razborka” və burada Pıra, Şil, Şmidt ləqəbli Taqanka avtoritetlərinin ölümü ilə bağlı idi.

Xəfiyyələrin gəldikləri nəticəyə görə onların aradan götürülməsi Xozanın birbaşa sifarışı idi.

Bütün hallarda başlıca səbəb və əsas məqsəd cəmiyyətə hakimlik uğrunda mübarızədə liderlik iddiası idi.

Bu mübarizə isə qurtarmaq bilmir...

Cinayət aləminin "general"ları-



Aydın Hüseynov/İnform.az

Baxış sayı: 1428