Elm-təhsil
21.09.2018 / 15:00

ADPU-ya yüksək bal toplayaraq qəbul olunan tələbələrlə görüşlər davam edir- FOTO

ADPU-ya yüksək bal toplayaraq qəbul olunan tələbələrlə görüşlər davam edir-
2018-2019-cu tədris ilində yüksək bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) qəbul olunan tələbələrlə görüşlər davam edir.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən İnform.az-a verilən məlumata görə, novbəti görüş sentyabrın 21-də Kimya və biologiya, Riyaziyyat və informatika, Fizika və texnologiya fakültələrinə qəbul olunan tələbələrlə keçirilib.

Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, fakültələrin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Məlumat üçün bildirək ki, bu il Kimya və biologiya fakültəsinə 88 nəfər gənc 500-dən yüksək bal toplayaraq qəbul olunub.

Onlardan 68 nəfər “Kimya və biologiya müəllimliyi” ixtisasına, 3 nəfər “Kimya müəllimliyi” ixtisasına, 11 nəfər isə “Biologiya müəllimliyi” ixtisasına qəbul olunublar. Qeyd edək ki, “Kimya və biologiya müəllimliyi” ixtisasına qəbul olunanlardan 6 nəfəri 600-dən yüksək bal toplayıb.

Riyaziyyat və informatika fakültəsinə 83 nəfər gənc 500-dən yüksək bal toplayaraq qəbul olunub. Onlardan 14 nəfər “Riyaziyyat müəllimliyi” ixtisasına, 66 nəfər isə “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunublar. “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunanlardan 3 nəfəri 600-dən yüksək bal toplayıb.

Fizika və texnologiya fakültəsinin “Fizika müəllimliyi” ixtisasına 2 nəfər gənc 500-dən yüksək bal toplayaraq qəbul olunub.

Görüşü giriş sözü ilə açan rektor Cəfər Cəfərov bildirib ki, yüksək bal toplayan gənclərin ali təhsil almaq üçün ADPU-nu seçmələri bizə böyük sevinc və qürur hissi yaşadır. Ölkəmizin 3 ən böyük universitetindən biri olan ADPU-da 18 minə yaxın tələbə təhsil alır.

Siz ADPU-nun böyük ailəsinin yeni üzvlərisiniz. Yüksək bal toplayan gənclərin müəllimlik peşəsini seçmələri Azərbaycanın müasir həyatının dönüş nöqtəsidir. Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır. Bu kadrlar orta məktəblərdə, ali təhsil müəssisələrində yetişir.

Orta məktəb bu prosesdə mühüm yer tutur. Bu il 2090 nəfər gənc yüksək bal toplayaraq müəllimlik peşəsini seçib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu faktı xüsusi qeyd edib.

Müəllim peşəsinə marağın artması həyata keçirilən islahatların müsbət nəticəsidir. 2018-2019-cu tədris ilində ADPU-ya 4 mindən çox tələbə qəbul olunub. Cari tədris ilində filiallarla birlikdə yüksək bal toplayan 566 nəfər gənc ADPU-nu seçib.

Bu, çox yüksək göstəricidir. Bu yüksək göstəriciyə dövlət səviyyəsində müəllim peşəsinə inamın bərpa edilməsi və ADPU kollektivinin fədakar əməyi nəticəsində nail olunub.

Eyni zamanda bu yüksək göstərici bizim üzərimizə böyük məsuliyyət qoyur. Müasir tədris prosesi xeyli fərqlidir. Biz sizə bilik və bacarıqlarınıza uyğun təhsil verməliyik.

Rektor çıxışının sonunda tələbələrə yüksəkixtisaslı müəllim və fəal vətəndaş kimi yetişməyi tövsiyə edib, onlara həyatda və təhsildə daha böyük uğurlar arzulayıb.

Görüşdə tələbələrin tədris prosesi, imtahan qaydaları, Bolonya prosesi, kredit sistemi, yataqxana və dərslik təminatı, müəllim hazırlığı ilə bağlı sualları cavablandırılıb.

Görüşün sonunda 648 bal toplayaraq Kimya və biologiya fakültəsinə qəbul olunmuş Afət Sadıqovaya, 616 bal toplayaraq Riyaziyyat və informatika fakültəsinə qəbul olunmuş Aygün Xəlilovaya, 537 bal toplayaraq Fizika və texnologiya fakültəsinə qəbul olunmuş Ləman Neymətliyə hədiyyələr təqdim edilib.

ADPU-ya yüksək bal toplayaraq qəbul olunan tələbələrlə görüşlər davam edir-


İnform.az

Baxış sayı: 30