Din
14.09.2018 / 18:20

“Sekulyarizasiya prosesi və müasir cəmiyyətdə din” mövzusunda seminar keçirilib- Aİİ-də

 “Sekulyarizasiya prosesi və müasir cəmiyyətdə din” mövzusunda seminar keçirilib-
Bu gün Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Sekulyarizasiya prosesi və müasir cəmiyyətdə din” mövzusunda seminar keçirilib.

Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Azərbaycanda dövlət-din siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, hazırda bu siyasətin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Uzun illər ərzində müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin ölkəmizdə dinc və qarşılıqlı anlaşma şəraitində yaşadığını qeyd edən C.Məmmədov bildirib ki, Azərbaycanda xristian, yəhudi və digər icmaların mövcud olması, onlar üçün əlverişli şəraitin yaradılması bunun əyani göstəricisidir.

Aİİ-nin yaradılmasının Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra din sahəsində qəbul edilmiş ən mühüm və vacib qərarlardan biri olduğunu vurğulayan C.Məmmədov Aİİ-nin məqsəd və vəzifələrindən, hədəflərindən danışıb. Rektor, Aİİ-də maarifləndirmə məqsədilə mütəmadi olaraq müxtəlif seminarlar, diskussiyalar və görüşlər təşkil edildiyini və belə tədbirlərin davamlı olacağını bildirib.

Sonra Aİİ-nin müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Asəf Qənbərov “Sekulyarizasiya prosesi və müasir cəmiyyətdə din” mövzusunda məruzəsini təqdim edib. A.Qənbərov qeyd edib ki, sekulyarizasiya tezisi din sosiologiyasının ən aktual problemlərindən biridir.

Bu tezisə görə, sekulyarizasiya ictimai proses olub, müasir cəmiyyətdə dinin rolunun və funksiyalarının azalması və ya ictimai-siyasi həyatda dinin öz əhəmiyyətini itirməsi mənasına gəlir. Sekulyarizasiya ictimai nəzəriyyə kimi, XIX və XX əsrlərdə bir çox sosioloq tərəfindən müdafiə edilməsinə baxmayaraq, son zamanlarda ciddi tənqidlərlə üzləşib.

Belə ki, bu tezisin dinin gələcəyi ilə bağlı irəli sürdüyü fikirlər etirazlara və mübahisələrə səbəb olub.

A.Qənbərov sekulyarizasiya prosesinin tarixi və sosioloji cəhətdən analizini şərh edərək prosesinin mahiyyəti, onun müxtəlif istiqamətləri, sekulyarizasiya prosesininin müasir cəmiyyətdə dinin funksiyalarına təsiri, eləcə də bu konsepsiyaya qarşı irəli sürülən fikirlər haqqında ətraflı təhlillərini də təqdim edib.

Seminar tədbir iştirakçılarının mövzu ətrafında müzakirəsi ilə davam edib.

İnform.az


Baxış sayı: 23