Din
13.09.2018 / 18:50

Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə növbəti diskussiyasını keçirib- FOTO

Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə növbəti diskussiyasını keçirib-
12 sentyabr 2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə birgə “Heydər Əliyev və multikultural dəyərlər” mövzusunda növbəti diskussiyasını keçirib.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Əliheydər Zülfüqarov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov, Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov, institutun müəllim heyətindən İlkin Əlimuradov, Asəf Qənbərov, “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayev və mərkəzin əməkdaşı Gündüz Nəsibovun iştirakı ilə keçirilən tədbirdə mövzu ətrafında müzakirələr aparılıb.

Uzun illər ərzində müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin ölkəmizdə dinc və qarşılıqlı anlaşma şəraitində yaşadığını deyən tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq məfkurəsinin özündə multikulturalizm və tolerantlıq ideyasını əks etdirdiyini vurğulayıblar. Bildirilib ki, Azərbaycanda xristian, yəhudi və digər icmaların mövcud olması, onlar üçün əlverişli şəraitin yaradılması bunun əyani göstəricisidir.

Azərbaycanın ictimai-siyasi həyatında multikulturalizmə böyük önəm verildiyini, Ulu Öndərin multikultural və tolerant dəyərlərə verdiyi əhəmiyyətin onun layiqli varisi tərəfindən də davam etdirildiyini vurğulanıb.

Çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin bu dəyərlərə sadiqliyi onun 2016-cı ili “Multikulturalizm ili”, 2017-ci ili isə “İslam həmrəyliyi ili” elan etməsində özünü əyani şəkildə göstərir. Qeyd edilib ki, istər ölkəmizdə, istərsə də, ölkə xaricində keçirilmiş çoxsaylı konfranslar və digər tədbirlər sayəsində Azərbaycanın multikultural modelini dünya ictimaiyyəti rəğbətlə qarşılayıb.

Bu baxımdan ölkəmizdə multikulturalizmin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətlərini yüksək qiymətləndirən diskusiyya iştirakçıları Heydər Əliyev Fondunun respublikamızda və xarici ölkələrdə müqəddəs dini məkanların bərpasına mühüm töhfə verdiyini söyləyiblər. Diskussiyada digər dinlərə və millətlərə aid dəyərlərə yüksək hörmət və ehtiramın göstərilməsi, Azərbaycanda multikulturalizm siyasətinin tarixi köklərə malik olması və multikulturalizmin Azərbaycan xalqının yüzilliklər ərzində yaşam tərzi olması ilə əlaqələndirilib.

Qeyd olunub ki, Ulu Öndər multikultural və tolerant dəyərlərimizi dövlət siyasətinə çevirdi və bu siyasət bu gün də davam etdirilir. Azərbaycan multikulturalizminin prioritet istiqamətinin təhsil üzərində qurulduğunu qeyd edən diskussiya iştirakçıları hazırda ölkəmizdə və dünyanın bir çox universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədris edildiyini diqqətə çatdırıblar.

Sonda bildirilib ki, Azərbaycan dövlətinin multikulturalizm siyasətinin əyani göstəricilərindən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixində Azərbaycan İlahiyyat İnstitutun yaradılmasına dair imzaladığı sərəncamdır. 2018-2019-cu tədris ilinə tam şəkildə hazır olan institutun təhsil standartlarına İslam, Yəhudilik, Xristianlıq, Hind və Çin dinləri kimi dünyada mövcud olan böyük dinlərin öyrənilməsini nəzərdə tutan fənlərin daxil edildiyi, institutda həmçinin “Multikulturalizm” fənninin də tədris ediləcəyi barədə məlumat verilib.

Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə növbəti diskussiyasını keçirib-


Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə növbəti diskussiyasını keçirib-


İnform.az

İnform.az

Baxış sayı: 20