Maraqlı
12.09.2018 / 12:00

Gülləbatmaz "CO"

Gülləbatmaz

Ötən əsrin qüdrətli hakimlərindən bəlkə də birincisi olan İosif Vissarionoviç Stalində məhəbbətin, yoxsa nifrətin güclü olduğunu açmağa və ya bu iki görüntünün sintezini, cəmi on faizi görünən aysberqin görünməyən tərəfini öyrənməyə hələ heç bir tədqiqatçı nail olmayıb.

Bir danılmaz həqiqət var ki, Stalin qalib bir cəmiyyət, bir başında ölüm düşərgələri olan, o biri başında içərisini alkoqol çürüdən bir məmləkət qoyub getdi, özünə isə əfsanəvi hökmdar abidəsi ucaltdı.

Günlərin birində Stalin İvan Qroznı haqqında kitabı vərəqlədikdən sonra titul səhifəsinə qeydlərində ona pərəstişini izhar etmişdi. Amma o, Qroznı kimi sərsəm və heyvərə, ibtidai ağla malik fenomen, öz əməllərindən səthi nəticələr çıxardan manyak deyildi.

Stalin lazım gələndə yumşalmağı da bacarırdı, özünə qarşı ehtiram hissi oyatmağı da. Onu təkcə ətrafındakı məddahlar və yaltaqlar yox, “Co dayı” epiteti yapışdıran bəzi əqidə düşmənləri də bənzərsiz xarakter hesab edirdilər və bu xarakterin qarşısında özlərini itirirdilər.

Qərbin bir çox humanistlərinin də Stalinə vurğunluğunu, ona inamını anlamaq bu cəhətdən o qədər müşkül deyil. Bolşevik hakimiyyəti piramidasının zirvəsində qərar tutan Stalin həqiqətən çoxbilmiş, sistemin nöqsanlarını yaxşı dərk edən, elə bu nöqsanların özündən məharətlə istifadə edərək radikal tədbirlər görən şəxs idi.

İosif Stalin heç zaman varis haqqında düşünməmişdi, öz kiçik dünyasında böyük fantaziyalarının əsiri idi və o, şəxsi hakimiyyət prinsipini son nəfəsə qədər saxlaya bilir.

Lakin heç kəs bu dünyada əbədi deyil, diktatorlar da əbədi yaşamırlar, hakimiyyətləri və əməlləri ilə birlikdə əvvəl-axır torpağa gömülürlər. Ancaq onlar heç vəchlə ölmək istəmirlər, Stalinə də heç nəyin batmadığı kimi, xüsusi olaraq tuşlanmış güllələr də batmırdı. Çünki Stalin çox ehtiyatlı rəhbər idi. Kremldən Kuntsevoya qədər 15 dəqiqəlik yolda gedən 4 zirehli maşının hansında olduğunu heç kəs bilə bilməzdi. O, öz kəşfiyyatına belə o qədər inanmırdı.

Ancaq necə olsa, “ellər atası”nın həyatı gözlənilməzliklərdən xali deyildi.

Gülləbatmaz


Ötən əsrin 30-cu illərində kommunist bolşeviklər partiyasının Baş katibi Stalini küçələrdə yeganə şəxsi mühafizəçisi olan N.Vlasikin müşaiyəti ilə piyada gəzən görmək olardı. Məhz bu ehtiyatsızlıq üzündən ölkəyə gizli surətdə gəlmiş ağ mühacir Oqaryov az qala 1931-ci il noyabrın 16-da Stalini öldürəcəkdi.

O, küçədə gəzərkən Stalinlə rastlaşır, ona atəş açmaq istərkən Oqaryovun qaldığı evin sahibi olan xüsusi xidmət agenti buna imkan vermir.

Bu hadisədən sonra Stalinin mühafizəsi gücləndirilir, küçələri piyada dolaşması qadağan olunur, N.Vlasik şəxsi mühafizə dəstəsinin rəisi təyin olunur, Kuntsevodakı malikanənin qorunması üçün əlavə qüvvələr, xüsusi cangüdənlər ayrılır.

1933-cü ilin yayında Baş katib Gürcüstanda, Ritsa gölünə tökülən Lasupse çayının mənsəbindəki malikanədə istirahətdə idi. Bir dəfə bağa gedən yolda qəribə insident baş verdi. Həmişə olduğu kimi Stalini 5 avtomaşından ibarət kortej müşayiət edirdi. Yolun yarısında L.Beriya Stalindən xahiş etmişdi ki, dördüncü maşina keçsin. Stalin buna əməl etmişdi. Qarşıya çıxan körpüdə birinci maşın körpünü sağ-salamat keçmiş, ikincisi isə körpüyə çıxan kimi aşağı yuvarlanmışdı. Körpünün niyə məhz bu an uçması indiyə kimi sirr olaraq qalır.

Bir neçə gündən sonra isə Qara dənizdə gəzinti zamanı Stalinin kateri sahildən atəşə tutuldu, motorçu onu təhlükəli zonadan çıxarda bildi. Tezliklə məlum oldu ki, kateri «Pitsunda» sərhəd dəstəsinin əsgərləri gülləyə tutublar, özü də təlimata tam uyğun surətdə.

Sonralar sərhədçi komandir Lavrov və Abxaziya xüsusi siyasi idarəsinin rəisi Mikeladze həbs olunub güllələndilər. Bəzi mülahizələrə görə bu hadisələr rəhbərin qarşısında fərqlənmək məqsədilə Beriyanın özü tərəfindən təşkil edilibmiş.

1934-cü il dekabrın 3-də Leninqradda olarkən Stalinə qarşı daha bir qəsdin qarşısı alınmışdı. 1936-cı ilin əvvəllərində isə xalq daxili işlər komissarı N.Yaqoda Kremldə Stalini həbs etməyi planlaşdırmışdı. 200 XDİK əsgərinin iştirak edəcəyi bu qəsdin üstü açıldı, Yaqoda həbs edildi. 1938-ci il noyabrın 4-də Yaqodanın qisas planı da nəticə vermədi.

Stalinə qarşı ən mükəmməl sui-qəsd planı «Ayı» adlanırdı. Bu əməliyyat yapon hərbi kəşfiyyatı tərəfindən hazırlanmışdı, 1937-ci ildə repressiya qorxusundan qaçıb yaponlara təslim olmuş XDİK Uzaq Şərq İdarəsinin keçmiş rəisi Luşkov tərəfindən istiqamətləndirilirdi. Luşkova 6 nəfər köməkçi vermişdilər, onlar Stalini Soçidə Masesta vannası qəbul edərkən məhv etməli idilər.

Dəstə 1939-cu il yanvarın 17-də Neapoldan keçərək İstambula gəlir, bir həftə sonra sərhəddi keçərkən tələyə düşür, üç nəfəri itirərək geriyə qayıdıb Türkiyəni tərk edir. Yaponlar həmin il Stalinə ikinci sui-qəsdə cəhd göstərdilər. Bu dəfə Moskvada Leninin məqbərəsinə mina qoyulmalı, may ayının 1-də saat 10-da partlayış baş verməli idi. Lakin xəbərdar edilmiş xüsusi orqanlar təhlükənin qarşısını aldılar.

1942-ci il noyabrın 6-da Moskvada hərbi hissə əsgəri Saveli Dmitriyev kazarmadan tüfəngini və 45 ədəd patron götürərək Kremlə tərəf yollandı. Özünü təhlükəsizlik xidmətçisi kimi göstərən keçmiş qolçomaq oğlu saat 2-30-da Kremldən çıxan kortejdəki şüşələri tutqun maşina atəş açdı. Limuzin tez dönüb aradan çıxdı, o biri maşındakılar terrorçunu təqib etdilər, yaralayıb tuta bildilər. 1950-ci ilə kimi istintaq getdi, Dmitriyevə ölüm hökmü kəsildi. Ancaq, limuzindəki Stalin yox, Mikoyan imiş!

Böyük Vətən müharibəsi zamanı Stalinin həyatına ən çox almanlar qorxu törədirdilər. 1943-cü ilin qışında «Böyük üçlüyün» Tehran konfransında qəsd törədilə bilərdi.

Tədbirdə məşhur O. Skortseni də iştirak edirdi. Kəşfiyyatçı N. Kuznetsovun məlumatları nəticəsində almanların planları pozuldu, «abver»in rezidentləri tutuldular. Bu iflasdan sonra Hitler, Borman və Himmlerin razılığı ilə Stalini aradan götürməyi xarici işlər naziri Ribbentrop öz öhdəsinə aldı. Bunun üçün hansısa beynəlxalq konfransın keçirilməsi təşkil olunmalı idi. Son nəticədə bu da baş tutmadı.

Almanların «Seppelin» əməliyyatı tarixə həm də «Şilo-Tavrin işi» adı ilə düşmüşdür. Əvvəllər sovet ordusunda xidmət edib düşmənin tərəfinə keçmiş Pyotr Tavrin bu əməliyyatda əsas rol oynamalı idi. O, radist qadın Şilova ilə təyyarə ilə cəbhə xəttinin arxasına atılmalı, terror əməliyyatını Moskvada həyata keçirməli idilər. 1944-cü ilin sentyabrında çoxlu silah-sursatla təchiz olunmuş terrorçular Smolensk vilayəti ərazisinə endirildilər, lakin ehtiyatsızlıq ucbatından həbs olunub Moskvaya göndərildilər.

Stalinə müharibədən sonra da qəsd etmək cəhdləri olmuşdu. 1952-ci ildə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Allen Dalles tərəfindən Stalinin qətli planı ortaya atılmışdı. MKİ-nin o zamankı direktoru Uilyam Smit həmin ideyanı bir kənara qoymuşdu, çünki bu, dünyada siyasi çaxnaşmaya səbəb ola bilərdi.

Gülləbatmaz

Amerikalılar gözəl anlayırdılar ki, “Co dayı”nı öldürmək odla oynamaq deməkdir, generalissimusun ideyaları kimi cismi də barıt çəlləyi idi...



Aydın Hüseynov/İnform.az








Baxış sayı: 406