Şərhlər
12.09.2018 / 11:30

Cəbrayılın əldən getdiyi gün...

Cəbrayılın əldən getdiyi gün...
Məleykə Alıoğlunun facebook səhifəsindən:


Savaşın ən gərgin dönəmində mənim də bir işə qatqım olsun deyə kəndimizə getmişdim.

Qatardan enər-enməz "nənən xəstələnib, səni görmək istəyir",- dedilər; həmən getdim.

İlk dəfəydi yataqda görürdüm nənəmi; üzüldüm halına. Yorğanın altında yumağa dönmüşdü yazıq arvad; qəhərləndim. Məni görən kimi elə bil dirçəldi nənəm. Mütəkkəyə dirsəkləndi ehmallıca.

Uzaqdan gələn atışma səslərinə qulaq verərək kövrək bir səslə, "arsız canım, mundarların ucbatından deyəsən təzədən köçkün həyatı yaşamalı olacam, özü də bu yaşımda",- deyib astadan hönkürdü də.

Nənəmin yaşını kimsə bilməzdi; heç özü də. Çünki pasportu yox idi nənəmin. Kəndin yas mərasimlərində ağı deyib ağlamasını, xeyir işlərində adama yovuşmazlığını, qəribçiliyi ilə bağlayardıq həmişə.

Vəba xəstəliyinə tutulmamaq üçün hələ kiçik yaşlarındaykən öz yurdundan-Şəkidən didərgin düşdüyünü özü söyləmişdi bizə. Hər halda biz bunu belə bilirdik; övladları da, nəvələri də... İndi çağırışına gəlmişdim nənəmin.

İlk dəfəydi bir başqa biçimdə görürdüm bu qərib qadını. Gözlərindən dünya boyda bir kədər boylanırdı: "Sənə bir sirr açacağam, sən də özündə saxla: Mənim öz yurdumdan didərgin düşməyimə səbəb heç də vəba xəstəliyi deyil, bala, qanlarına bələnmiş ermənilərdi. Xocalıların başına gətirdiklərini çox-çox əvvəl bizim başımıza gətirdilər; gecənin bir vaxtında kəndimizə girdilər. Hər yeri atəşə bələdilər.

Valideyinlərimi, qardaş-bacılarımı gözümün qabağında qurşuna düzdülər. Zorla qaçıb canımı qurtara bildim. Gecə-gündüz əlim-ayağım kola-kosa ilişə-ilişə Qarabağa gəlib çıxdım. Bir ailə burada övladlığa götürdü məni, böyütdü, sonra da qarabağlı bir oğlana, yəni sənin babana ərə verdi".

Qəhər boğurdu nənəmi. Atəş səsləri güclənir - nənəmin əsəbləri tarıma çəkilirdi: "Sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər, Şəkidən baş götürüb gələnləri ildə bir dəfə kənd klubuna yığar, məcburi köçkünlüyümüzün erməni vəhşiliyi ilə deyil, vəba xəstəliyi ilə bağlı olduğunu bizə təlqin etməyə çalışardılar. "Vəba xəstəliyi" bolşeviklərin uydurmasıydı, bala".

Acı bir təbəssüm qondu nənəmin sönük simasına: "Zamanında övladlarıma həqiqəti söyləmiş olsaydım, indi heç biriniz yox idiniz, heç biriniz. Elə məndə..." Sanki labirintə düşmüşdü nənəm; çırpınırdı öz içində.

Atəş səsi gələn tərəfə çevirlərək ürək parçalayan bir ah ilə,- "Bax, bu ağır oldu mənə, çox agır...Dözmək olmur....",- deyib gözünü uzaqlara, çox uzaqlara dikdi nənəm. Araya uzun bir sükut çökdü.

Mən daha səngimək bilməyən atəş səslərini deyil, nənəmin yanağından süzülüb sinəsinə axan göz yaşlarının səsini eşidirdim. Nitqim tutulmuşdu. Həyəcandan ürəyimin çırpıntısı qulaqlarımda eşidilirdi. Handan-hana özünə gəlirmiş kimi, əinin işarəsiylə məni yanına çəkdi nənəm.

O gün bəlkə də ilk və həm də son dəfə idi ki, nənəmin əllərinin təmasını hiss edirdim saçlarımda. "Ağır bir yükün altındaydım, qızım, həm də çox ağır. Sən gəldin, mən ürəyimi boşaltdım, yüküm yüngülləşdi.... Sagol ki, gəldin...", - deyib öpdü saçlarımdan; mən də onun göz yaşlarından...

P.S. Cəbrayılın əldən getdiyi gün, nənəmin dünyasını dəyişdiyi gün idi...



İnform.az

Baxış sayı: 556