Ədəbiyyat
10.09.2018 / 12:30

Nəriman Qasımoğludan Məmməd İsmayıla XATIRLATMA

Nəriman Qasımoğludan Məmməd İsmayıla
Nəriman Qasımoğlu özünün facebook səhifəsində, şair Məmməd İsmayıla maraqlı bir xatırlatma edib.

İnform.az həmin yazını təqdim edir:

Hörmətli Məmməd bəy!

“Ədəbiyyat qəzeti”nin son sayında “Bütün zamanların zirvə örnəyi” yazınızı oxudum. Qəzetin 85 illiyinə həsr etdiyiniz qeydlərdə bir məqam diqqətimi çəkdi. Daha doğrusu, diqqətimi bir “diqqətsizlik” çəkdi.

Yaradıcılıq taleyinizdə “Ədəbiyyat qəzeti”nin oynadığı roldan ürəkdolusu danışaraq qədirbilənliklə vurğulayırsınız: “Ədəbiyyatda ilk uğurum "Ədəbiyyat qəzeti"ndən (Onda hələ "Ədəbiyyat və incəsənət" qəzeti adlanırdı) başlayır”. Bu ilk uğurun da “58 yaşı” olduğunu qeyd edir və yazırsınız: “Tam 58 ildir, "Ədəbiyyat qəzeti" ilə əməkdaşlıq edirəm. Və 1960-cı il payızının elə bu vaxtlarında "Ədəbiyyat və incəsənət" qəzeti foto-etüdlə birlikdə "Payız" şeirimi çap edəcəkdi (Bu, mənim mərkəzi mətbuatda çap olunan ilk uğurlu şeirim idi). Onda hələ rayonda – Tovuzda yaşayırdım. Siz indi mətbuat bolluğunda bir şeirin yox, hətta silsilə şeirlərin diqqət çəkmədiyinə baxmayın, o zamanlar şeirin, sənətin çox urvatlı vaxtları idi, bir uğurlu şeirin sorağı bütün ölkəyə yayılırdı. Sonralar hətta dərs kitablarına düşən "Payız" şeirimin taleyi də belə olacaqdı. O zamanlar Yazıçılar İttifaqının katibi olan rəhmətlik Nəbi Xəzri mənə təbrik məktubu yazacaq, rəhmətlik Çingiz Ələkbərzadə isə tanış olmaq üçün hətta Tovuza – kəndimizə gələcəkdi. Doğrudur, bu uğurum bir müddət başıma bəla olacaqdı, bir neçə il hansı redaksiyaya şeir apardımsa, onu "Payız"la müqayisə edib bəyənməyəcəkdilər. Özümü-özümlə müqayisə edib: "Payız" səviyyəsində şeir gətir, çap edək, deyəcəkdilər!”

Ədəbi taleyinizdə naxışlanan o ilk uğura 1960-cı ildə yol açmış şəxsin – qəzetin baş redaktoru olmuş Qasım Qaslmzadənin üzərindən sükutla ötməyinizi, doğrusu, heç anlamadım. Yazdığınız kimi, “Payız” şeirinizin mətbuatda işıq üzü görməsi sizin üçün sıradan bir epizodik hadisə olmayıb axı. Qeydlərinizdə “Ədəbiyyat qəzeti”nin Qasım müəllimdən sonrakı baş redaktoru Yusif Əzimzadəni, qəzetin əməkdaşları Sabir Əhmədov, İsa İsmayılzadə, Camal Yusifzadə, Sirus Təbrizli, Ayaz Vəfalı, Davud Nəsibi də birər-birər xeyirxahlıqla xatırlayırsınız. Gözəldir.

Yəqin Siz də bilməmiş deyilsiniz, sovet imperiyası dövründə Qasım Qasımzadə bəlkə də yeganə baş redaktor olub ki, qəzetdə tabe olduğu orqanın rəhbərliyini tənqid edən yazıların getməsinə şərait yaradırmış. Bu, mətbuat tariximizdə unikal hadisələrdən sayıla bilər. Onun redaktorluğu dövründə qəzet səhifələrindəki maraqlı ədəbi müzakirələrə, mübahisələrə görə “Ədəbiyyat qəzeti” Azərbaycanda ən çox oxunan mətbuat orqanı imiş.

Bir dəfə ondan niyə az təbliğ edilməsinin səbəbini soruşdum. Gülə-gülə dedi qəzetin baş redaktoru olanda hansı materialda adını görürmüşsə, dərhal özü silirmiş, redaktorluqdan çıxandan sonra isə bu işi artıq başqaları görürmüşlər...:)

Tanınmayan bir şairin (58 il öncəki Sizin) gözəl bir şeirinin (“Payız”) “Ədəbiyyat” qəzetində necə çap olunduğunu da istərdim biləsiniz. Bilirsinizsə, onda qoyun oxucularınız da, indiki redaktorlar da bilsinlər.

Qasım Qasımzadə bir gün redaksiya heyətini başına yığıb qərarını açıqlayır ki, qəzetə daxil olan şeirlərin müəlliflərini elan etmədən oxusunu təşkil etsinlər. Anonim qaydada təşkil edilən bu şeir oxusunda bəyənilən ən yaxşı nümunələr müəlliflərinin kimliyi nəzərə alınmadan qəzetdə dərc edilirmiş. İndi təsəvvür edin, məşhur xalq şairlərinin şeirləri dərcini gözləyir, tanınmayan birilərinin orijinal şeirləri növbəsiz çapa gedirmiş. Narazı qalan məşhurlar Qasım Qasımzadəyə tez-tez ismarış göndərirmişlər ki, qəzetdə bu nə özbaşına eksperimentdir aparırsan.

Yaradıcılığınıza yaxşı impuls verdiyinə görə haqqında məhrəmliklə söz saldığınız “Payız” şeirinin də taleyi məhz belə bir eksperimentdən keçibmiş...


İnform.az

Baxış sayı: 297