Maraqlı
10.09.2018 / 10:30

Baş avtoritet SİLVESTR azərbaycanlıları niyə SEVMİRDİ?

Baş avtoritet SİLVESTR azərbaycanlıları niyə
Novqorod vilayətindəki Klin kəndinin sakinlərinin xatirində Silvestr həmişə tərbiyəli, yaxşı idmançı, həm də zəhmətkeş traktorçu Sergey İvanoviç Timofeyev kimi qalırdı.

Orta məktəbi bitirəndən sonra Moskvaya gəlib burada evlənən Sergey üçün böyük meqapolisdə yaşamaq isə çox çətin olur, burada adi sürücünün maaşı ilə ömür sürmək cəhənnəm əzabından betər idi.

Ona görə də Seryoja başqa yol tutur, oğurluğa, bir qədər sonra qumarbazlığa qurşanır.

Əvvəllər bunu yaxın ətrafından heç kəs bilmir, işi öz qaydası ilə gedir, dolanışıq da pis olmur.

Yalnız on iki il sonra Mockvanın “Belqrad” mağazasının həndəvərində baş vermiş münaqişə nəticəsində, necə deyərlər, "keçi-küçü"nün üstü açılır.

Qarşıdurmaya səbəb azərbaycanlı qumarbazların, Timofeyevin başçılıq etdiyi yerli qumar oyunçularına uduzduqları məbləği ödəməkdən yayınmaları olur.

Hər iki tərəfdən onlarca adamın iştirak etdiyi “razborka”da azərbaycanlı Novruzov ciddi kəllə-beyin zədəsi alaraq 68-ci şəhər xəstəxanasına yerləşdirilir.

Onun həmyerliləri isə slavyanların sayca çoxluğu səbəbindən müvəqqəti olaraq geri çəkilməli olurar.

Axşamüstü saat 5-ə yaxın şəhərin dörd tərəfindən yüzlərcə azərbaycanlı ağır yaralanan həmyerlilərinin qisasını almaqdan ötrü həmin yerə tökülüşürlər.

Onlar şəxsən Timofeyevi axtarırlar, yaxşı bilirlər ki, Novruzovun kəlləsini kim və nə ilə yarıb.

Timofeyev qafqazlılara müqavimət göstərməyin mənasız olduğunu görüb izdihamın təqibi altında qaçmağa üz qoyur, öz dostunun maşınında 143-cü polis bölməsinə sığınmağa cəhd edir.

Lakin polis binasının zəhmi də coşmuş azərbaycanlıları sakitləşdirmir.

Vəziyyəti çıxılmaz görən slavyan qruplaşmasının ən məşhur gələcək lideri hasarı aşaraq uzaqlaşır.

Qəzəblənən kütlə polisi idarəsinin həyətinə daxil olaraq, acığını rəqiblərinin canını qurtarmağa çalışdığı maşına tökür.

Bu, artıq adi dava deyil, kütləvi qanun pozuntusu idi və polis orqanı öz imici nöqteyi-nəzərindən səsli-küylü ittihamdan yan keçib sadəcə “bədənə xəsarət yetirmə və xuliqanlıq” maddəsi ilə cinayət işi qaldırır.

Savaşın təşəbbüskarı olan Timofeyevi həbs etmək qərara alınır.

Bu zaman o, hələ Silvestr deyildi, bütün sənədlərdə və operativ arayışlarda hörmətli səslənən adla - İvanıç kimi peyda olurdu.

Onun qeydiyyatda olduğu yerə xüsusi qrup göndərilir, lakin həmin qrup mənzilə dərhal girməyə qərar vermir.

Məlumat gəlir ki, İvanıç buraya 12 nəfər “razborkaçı” toplayıb. Əməliyyatı səhərə qədər təxirə salınır, qonşular öz işlərinə gedəndən sonra qapının zəngi çalınır.

Cavab alınmadıqda OMON-çular taxta qapını sındırıb içəri soxularaq oğrubaşını ələ keçirirlər.

O, müqavimət göstərməyin faydasız olduğunu görüb təslim olur. Gözlərini qayğılı şəkildə yerə dikərək OMON-çulara bir neçə kəlmə söyləyir: “Çurkaların qisasını alırlar... onlarla hələ varam...”

Timofeyev özünü çox sakit aparır, ifadə verməkdən boyun qaçırmır, hər bir ifadəsində qafqazlıları günahlandırır.

Üç gün sonra onu azadlığa buraxırlar. Bu zaman o, asayiş keşikçilərinə yararlanmaq istəyir: “Siz mənim “işçilərimə” toxunmayın, “Belqrad” ətrafında qayda yaratmağı öz üzərimə götürürəm, orada bir daha cibgirlik və xuliqanlıq olmayacaq”.

Bunun ardınca onun DTK və DİN ilə sıx əlaqələrinin olduğu barədə şaiyələr yayılmağa başlayır.

Qaldırılan cinayət işinə artıq xitam verililri, çünki zərərçəkmiş Novruzov ifadə verməkdən imtina edir və xəstəxanadan qaçır.

Bütün işlər çox savadlı, dəqiq, işgüzar şəkildə həll olunurdu.

Bundan sonra Timofeyevin əl-qolu açılır, var-dövləti sürətlə artmağa başlayır, artıq onun təzə maşını və sürücüsü vardı.

1989-cu ildə onu artıq Silvestr ləqəbi ilə tanıyırlar. Bu, Amerika "boyevik"lərinin qəhrəmanı ilə müqayisə ilə bağlı idi.

Silvestr tezliklə paytaxtda fəaliyyət göstərən Orexovo bandası başda olmaqla bütün slavyan qruplaşmalarına rəhbərliyi öz üzərinə götürür, bu missiya isə onu etnik cinayətkar qrupların başçıları ilə əlaqəyə vadar edir.

Belə əlaqələr ona görə vacib idi ki, hər bir qrupun müəyyən nüfuz zonası vardı, birinin o birinin “sərhədini” pozması “razborka” demək idi.

Yeri gəlmişkən deyək ki, Silvestri hər bir qruplaşma başçısı eşidirdi, təkcə çeçenlərin lideri Xoza Süleymanov ona əyilmirdi.

Qafqazlılara mənfi münasibətdə olan Silvestrin adamları yaxşı işləyirdilər. Bu adam azərbaycanlılarla ünsiyyətdən ümumiyyətlə qaçırdı, köhnə ədavəti unuda bilmirdi, killerlərin hədəfində ilk növbədə azərbaycanlılar idilər.

Yəqin o vaxt azərbaycanlıların bazarının kasadlaşması da bununla bağlı idi. Silvestr bu işi ölənə qədər davam etdirdi.

Silvestr daha sonra öz nüfuz dairəsini hədsiz genişləndirməyə nail olur, qumar, “Kaşirskaya” metrosu ətrafında şəxsı maşın sürücülərinin, Arbatda fahişələrin reketi, yanacaqdoldurma məntəqələri, avtomobil bazarları, müxtəlif ticarət, bank obyektləri ona qalaq-qalaq gəlir gətirirdi.

1989-cu ilin sonlarında Silvestr və bir çox başqa oğrubaşılar yaxalanırlar.

O, üç il iş alır, buraxılandan sonra Butırka türməsində “tac” qoyulmasının baş tutmamasına baxmayaraq, oradan rahatca çıxır, o saat da işə girişir.

İndi ondan ən qəddar qanuni oğrular elə behtiyat edirdilər.

O, artıq “Volvo-740”da gəzir, cangüdənləri onu hər addımda qoruyurdular.

Tez-tez xarici ölkələrə səfər edən bandit Amerikada məşhur oğru Yaponçiklə də görüşəndən sonra ona artıq xırda gəlir sahələri sərfəli olmur.

Tez bir zamanda o, ölkənin hər tərəfində zəif düşən qrupları möhkəmləndirməyə nail olur, cinayət aləminin “patriarxı”, Solntsevo qruplaşmasına nəzarət edən Rostiklə münasibət qurur, bank biznesini fəallaşdırır 30-a yaxın bankı, paytaxtın kommersiya strukturlarının dörddə birini öz nəzarəti altına alır.

Silvestr almaz, qızıl, daşınmaz əmlak, avtomobil ticarəti və istehsalı ilə məşğul olurdu, eyni zamanda hətta neft sənayesinə iri miqyasda yatırım etməyə də müvəffəq idi.

Onun 18 milyardlıq sərvəti vardı. Qısa müddətdə İsrailə və Avstriyaya bir neçə milyon dollar köçürülməsinə nail ola bilir.

Şübhəsiz, bütün maliyyə əməliyyatları onun bilavasitə iştirakı ilə deyil, vasitəçilərlə həll olunurdu.

Amma, çox güman ki, dövlət strukturları belə hay-küylü, möhtəşəm işlərdən xəbərdar olmaya bilməzdilər.

Bunu anlamaq çətin deyil. Məsələn, Silvestri Moskva küçələrində Vladivostokdan gələn 15 nəfər cangüdən müşaiyət edirdi. İstər-istəməz maraqlanırsan: "aya, görəsən dövlət başçısını neçə nəfər qoruyur?"

Oğru aləminin bir yazılmamış nizamı var: onun parlamasına heç də qanun və məhkəmələr nöqtə qoymurlar, bu, mümkün də deyildir.

Oğrunun fəaliyyətinə ya anonim killer, ya da bomba son qoyur. Silvestr 13 centyabr 1994-cü ildə neft yatırımı ilə bağlı məsləhət almaqdan ötrü təşrif gətirdiyi AKB “Barn” bankının ofisindən çıxıb “Mersedes-600” maşınına oturdu, radiotelefonla danışan zaman maşının altına yerləşdirilmiş maqnit bombası işə düşür.

Zamanın ən məşhur, ən bərkgedən kriminal avtoritetinin nəşi alovlanan maşının içərisində yanıb kül olur.

Öz yaxın məsləkdaşı Sergey Butorinin tapşırığı ilə aradan götürülən Silvestr beləcə qafqazlıların axırına çıxmağa macal tapmır.

Aydın Hüseynov/ İnform.az




Baxış sayı: 2399