Şərhlər
08.09.2018 / 11:16

Qopsun millətdən

Qopsun millətdən
Sabir Rüstəmxanlının facebook səhifəsindən:

İbtidai təfəkkürün, cahilliyin məhsulu olan, gülünc, lakin ziyanlı bölgəçilik söhbətlərinin son vaxtlar yenidən düşməncəsinə qızışdırıldığını və mətbuata ayaq açdığını görəndə çoxdan yazdığım bu şerim yadıma düşdü.

Qopsun millətdən

Bu bizim Naxçıvan, bu bizim Muğan,
Bu bizim Qarabağ, bu bizim Şirvan.
Hamımız bir ürək, hamımız bir can,
Kim deyir ayıraq dırnağı ətdən,
Ayırmaq istəyən qopsun millətdən!

Sevinc də bizimdi, dərd də bizimdi,
Daşıyan çiynimdi, dözən dizimdi,
Mənim öz Bakımdı, öz Təbrizimdi,
Hər ev öz evimdir bu məmləkətdə,
Ayırmaq isyəyən qopsun millətdən!

Hamıya süd verdi qayğıkeş ana,
Min il min çay axdı bir okeana,
Didmə bu alovu, əllərin yanar,
Hamıya pay düşdü son bərəkətdən,
Ayırmaq istəyən qopsun millətdən!

Bir eşqə boyandıq söküləndə dan,
Eyni çeşmədəndir damarlarda qan,
Hamını eyni cür döydü bu zindan,
Bərkiyib çıxmışıq bu hərarətdən,
Ayırmaq istəyən qopsun millətdən!

Buludu yağışdan, çayları seldən,
Ağlı kəsərindən, qılıncı beldən,
Tanrını ilhamdan, nəğməni dildən
Gözü işığından, əli zəhmətdən,
Ayrılmaq istəyən qopsun millətdən!

Karvanı geriyə dönən deyildir,
Günəşi göylərdən enən deyildir,
Yüz çayı bağlasan sönən deyildir,
O şam ki alışıb yanır qüdrətdən,
Söndürmək istəyən qopsun millətdən!

İnform.az

Baxış sayı: 57