Maraqlı
08.09.2018 / 10:00

"Dəyirman bildiyini edir..."

"Dəyirman bildiyini edir..."
Aydın Hüseynov

Şəxsiyyətin mənəvi simasının, dünyabaxışının, etik-estetik tələb və zövqünün formalaşması çox mürəkkəb və ziddiyyətli bir prosesdir.

Şəxsiyyət heç də onun xarakteri və temperamenti ilə deyil, ən əvvəl nə kimi əxlaqa, etik tələbə, adət-ənənəyə malik olması ilə müəyyən olunur. Mütərəqqi əxlaqi ənənələr həmişə köhnə əxlaqa və adətlərə qarşı mübarizədə qalib gəlir, formalaşır və inkişaf edir. Yeni əxlaqın, adət və ənənələrin qalib gəlməsi və inkişafı üçün sağlam ictimai mühitin və qabaqcıl ictimai rəyin olması da mühüm şərtdir. Qoy məndən inciməsinlər, 20-30 il əvvəl insan öz əxlaqi sifətləri, mənəvi şüurun saflığı ilə fərqlənirdi, ictimai mühitin formalaşması zərərli və saxta mənəviyyata, zövq və adətlərə qarşı barışmaz mübarizə aparılmaslnl tələb edirdi.

Bu gün həmin problem barəsində çox danışırıq, amma nəticələrə baxanda, adama elə gəlir ki, heç nə danışmırıq. Nə deyiriksə, havadan asılı qalır, ağsaqqal-qarasaqqal sözü heç kimə, heç nəyə təsir etmir. Teleşoular, internetın mental dəyərlərə zidd fəaliyyəti acınacaqlı, eyni zamanda baməzə həqiqətə çevrilib. Əgər bu vəziyyətə “avropalaşırıq” deyilirsə, şəxsə mənim belə “avropalaşmaya” münasibətim mənfidən də aşağıdır.

Yadıma qonşu ölkəyə səfərim zamanı qarşılaşdığım bir səhnə düşür.

Keçmiş günlərin birində Rusiya şəhərlərinin birində Bakıya gələn qatara bilet götürmüşdüm. Ancaq qatar ertəsi gün yola düşəcəkdi, ona görə də vağzalda gecələməyi qət etdim. Burada kimi istəsəydin görə bilərdin. Tamaşaydı bu hündür, əzəmətli bina, günbəzinə baxanda adamın başı hərlənirdi. Ətrafa nəzər yetirib nələr görürdüm?! Odur, divara yapışdırılmış plakatdan lüt qız adamlara həris nəzərlərlə baxır. Şəklin altında "Miss seksi" sözləri yazılıb. Sonra elanlar gəlir, ağacı əlindən düşmüş qarılar ər axtarır, ərli arvadlar arvadlı kişiləri, kişilər kişiləri, qadınlar qızları sevişməyə dəvət edirlər.

Bu dünyanın qəribə adamlarına güldüm. Düşündüm ki, neyləyəsən, hərə bir cür yaşayır də.. Bəzi ölkələrdə kişilər kişilərə evlənir, şadlıq evlərində tənətənə ilə kəbin kəsdirirlər. Bir ölkədə ki, kişi öz arvadını maşina mindirib təmtəraqla fahişəxanaya aparıb qoyur, «işdən» sonra yenə götürüb evinə gətirir və bir bokal şampandan sonra öz yatağına salır, ona nə deyəsən? Neyləməli, biz bunun qabağını ala biləcəyik? Uzaqbaşı soruşa bilərik ki, ay adam, sən kişisən, yoxsa arvad? Hansındansan? Deyəcək, get işində ol, sənə nə dəxli? Saqqal yox ikən bığ var idi, bu həngamələr indinin işi deyil, hərənin damarlarında öz qanı cövlan edir, hərənin bir cür həyat tərzi var.

Bəli, hazırda bizə iyrənc, əxlaqsızlığın zirvəsi, bəzilərimizə hətta inanılmaz görünən adətlər cəhalət dövründə, hətta şahlıq məqamında formalaşıb. Miladdan 2500 il əvvəlki Əhəmənilər sülaləsinin hökmranlığı dövründə övladın anaya, qardaşın bacıya evlənməsi nəinki ötəri qaydaya, hətta zərurətə çevrilmişdi. Şahənşah Quruşa, onun öz doğma bacılarına təcavüz etmiş öğlu Kambizə təmiz hökmdar qanından törəmiş övlad lazım idi, hakimiyyət qarışıq qanlı insanlara qismət olmamalı idi. O şahların təfəkkürü belə idi. Tarıxi-elmi ədəbiyyatda bu barədə məlumatlar yetərincədir. Yusif Vəzir Çəmənzəminlinin məşhur tarixi romanında buna dair səhifələr vardır. Hərçənd, hazırda dünyanın bir sıra nöqtələrində oxşar adətlər yetərli şəkildə pozitiv qəbul olunur. Bəzi hallarda yeni növ nikahlar, əsasən yekcins nikahlar rəsmi səviyyədə təqdir edilir.

Açıq danışaq, indi də Yer üzündə elə xalqlar vardır ki, onlarda qadın xəyanəti müəyyən toplumun genetik müxtəlifliyini və gələcək nəslin saflığını təmin etməkdən ötrü yeganə imkan sayılır. “Russkaya semyorka” saytında verilmiş bir məqalədə deyilir ki, Rusiyanın şimal-şərqində yaşayan bəzi xalqlarda bu hərəkət qonaqpərvərliyin adi görüntüsüdür. Azsaylı və qapalı etnos olan Primorsk koryakları öz qanlarını təzələmək üçün tez-tez bu vasitəyə əl atırlar. Koryak icmasının istənilən qonağı buraya qədəm basarkən sözün əsil mənasında çox hörmət və nəvazişlə qarşılanır. Axşam düşəndə qonağın gecələməli olduğu mənzilin sahibəsi ona xoş gəlməkdən ötrü mazaqlaşmağa başlayır, gecə hökmən onun yatağına girir. Qonağa evin kişisinin qısqanclığına tuş gələcəyindən ehtiyat etməsi lazım gəlmir, ona görə ki qadının əri hər şeyi bilir və heç nəyə etirazı yoxdur. Özü də bu zaman heç bir qorunma vasitəsinə ehtiyac qalmır, evin gəlininin məqsədi heç də öz ehtirasını söndürmək yox, əslində uşağa qalmaqdır. Əgər bu qadın qonaqdan hamilə olursa, bu hadisəni ellikcə bayram edirlər: yəni məsələ uğurla həll olunmuşdur, koryak qızının genləri digər icmanın nümayəndəsinin genləri ilə qovuşmuşdur, deməli, onun uşağı heç bir genetik qüsuru olmadan tam sağlam doğulacaqdır.

Tarixçi V.B.Bezqin göstərir ki, belə bir ənənəyə Rusiya imperiyasında daha çox təsadüf edilirdi. Ölkınin ayrı-ayrı kəndlərində “qonaqpərvər” fahişəlik halları yayılmışdı. Publisist S. Şaşkov yazır ki, “Rusiyanın şimal ucqarlarında ev sahibi öz evini kirayə verərkən burada məskunlaşan şəxsə eyni zamznda öz arvadını, yaxud qızını təklif edirdi, bu yolla kirayə haqqnı artırmağa nail olurdu. Oryol vilayəti Bolxov qəzasının bir sıra kəndlərində hörmətli qonaqlara və yüksək çinli məmurlara öz cinsi tələbatlarını təmin etmək üçün öz arvadlarını və əgər oğul evdə yoxdusa, gəlinlərini təklif etmək adəti mövcud idi. Bu halda, əlbəttə əvəzində pul alınırdı. Meşkovo və Konyevka kəndlərinin kişiləri tənbəki və çörək pulu əldə etmək üçün öz qadınlarını məmurların yanında gecələməyə məcbur edirdilər.

Alyaska sakinləri olan, qapalı şəraitdə yaşayan çukçalar və eskimoslar arasında yaxın və uzaq qohumlarla nikah adi haldır. Amma bu zaman uşaqların əksəriyyəti xəstəliklərlə doğulur. Ona görə də belə bir problemi həll etmək məqsədilə “qonaqpərvərlər” öz arvadlarını başqa yerdən olan kişilərə təqdim edirlər. Əgər özgə kişi ova getməyə hazırlaşırsa, onun üçün geniş çeşiddə ev qadınları həmişə hazırdır, onları öz ərləri şəxsən müvəqqəti “icarəyə” verirlər. Ov müddətində qadın ovçunu kifayət qədər təmin etməlidir ki, yüz faiz uşağa qalsın.

Seksual “qonaqpərvərlik” Avstraliyadakı aborigen tayfası Aruntada daha güclüdür. Burada hər bir tirə qapalı həyat sürür, ailəli qadınlar istənilən vaxt başqa tirədən olan kişilərin xidmətindədir. Kənardan gəlmiş hər bir qonaq xoşuna gələn ərli gözəlçə ilə mənalı gecə keçirə bilər. Bu adamlar arasında ailənin yaxın dostları da ola bilərlər, bu isə ayrıca yüksək hörmət və ehtiramın ifadəsi sayılır. Əgər kimsə bu cür “canlı hədiyyə”dən imtina edərsə, qadının kişisi özünü ölümcül dərəcədə təhqir olunmuş hesab edir.

Tibet dağlarında da oxşar qaydalarla yaşayan xalqlar mövcuddur. Bu yerlərdə evin kişisi öz arvadını qonağa müvəqqəti istifadəyə verə bilər. Bu zaman baş verən seksual yaşam allahların iradəsindən irəli gələn hadisə kimi qəbul edilir. Yəni, allah belə buyurub, allah kömək olsun! Əgər qadının bir neçə müştərisi varsa, deməli onun dəyəri də yüksəkdir. Burada bakirə qızlara evlənmək olmaz, qız ərə gedincəyədək hökmən öz bakirəliyini itirməli, çoxlu kişi olə olmalıdır. Məhz bu halda gəlin ailə həyatına yararlı hesab olunur.

Bütün bunların heç biri uydurma deyildir, dünyanı dolaşan faktlar əsasında yazılmışdır. Və indi biz təbii ki, anoloji adət və ənənələrə, internet saytlarında yer almış səhnələrə nifrət edirik. Necə deyərlər, “dəyirman bildiyini edir, çax-çaxı baş ağrıdır”.

Təkcə bir dəhşətli problemi nə dərk etmək olur, nə də nəticə çıxartmaq: ƏXLAQ və ADƏT-ƏNƏNƏ kateqoriyalarının vəhdəti və mübarizəsi...

Yaradan bizlərdən uzaq eləsin! Amin!


İnform.az


Baxış sayı: 554