Araşdırma
08.09.2018 / 00:30

Yurd yeri QIRXÇIRAQ- ARAŞDIRMA

Yurd yeri QIRXÇIRAQ-
Yarı Şirvanın, yarı Muğanın bir hissəsi olan Salyan bölgəsi. Təbii şərait, yaxınlıqda axan bol sulu Kür çayı, münbit torpaq, isti iqlim şəraiti qədim zamanlardan insanların bu ərazidə oturaq həyata keçərək yaşamasına səbəb olub.

Antik dövrün tarixçiləri Herodot, Strabon, Patroki, Pliniy, Appian, Pomponi Melan, Pompeyin sərkərdəsi Mark Terensi Varron bu yerlər haqqında məlumat vermişlər. Burada son illərdə aparılmış arxeoloji qazıntılar nəticəsində ən qədim habelə orta əsrlər dövrünə aid maddi-mədəniyyət nümunələri aşkar edilib.

Aparılmış arxeoloji tədqiqatlar və araşdırmalar belə bir nəticə çıxarmağa imkan verir ki, miladdan əvvəl birinci minilliyin əvvəllərində əkinçi maldar tayfaların bu düzən ərazidə məskunlaşmaları ilə ilk yaşayış məskənləri yaranıb.

Mütəxəssislər tapılan küp qəbirləri və müxtəlif əşyaları 2800 il əvvələ aid edirlər. Təbiidir ki, istilaçılıq yürüşləri nəticəsində bir sıra qədim yaşayış məntəqələri viranəyə çevrilən, tamamilə dağıdılaraq yer üzündən silinıb.

2011-ci ilin oktyabr-noyabr aylarında yeni Ələt-Astara magistral yolunun çəkilişi ilə bağlı rayonun Şorkənd və Çuxanlı kəndləri arasında yerləşən Babazənən karxanasında torpaq işləri görülərkən təsadüfən yaşayış məskəni aşkarlanıb.

Həmin yerdəki qəbristanlıqda və ona yaxın yaşayış yerində aparılan arxeoloji tədqiqatlar buranın Azərbaycanın qədim yaşayış məskənlərindən biri Qırxçıraq şəhəri olduğunu bir daha təsdiqlənib.

Qirxçiraq barəsində rus tarixçi-etnoqrafları N.V.Xanıkov (1819-1878) və V.F.Minorski (1878-1966) müəyyən məlumat vermişlər. İndi də Salyanın şimal-qərbində, vaxtilə Şamaxıya gedən poçt yolunun üstündə qədim tikililərin nişanələri görünür. Lakin bu qədim Azərbaycan şəhəri haqqında bizim tarixşünaslıqda kifayət qədər araşdırma aparılmamışdır. Bir neçə arxeoloji tədbirdən savayı digər ümumiləşdirilmiş məlumat yoxdur, son araşdırmalara yerli tarixçilərin mətbuatda çıxan yazılarında rast gəlinir. Səbəbi məlumdur. Mərhum akademik Ziya Bünyadovun göstərdiyi kimi, təqribən min il hakimiyyətdə olmuş bütün şirvanşahların 44-nün salnaməçisi olmamışdır, bu səbəbdən konkret məkanların tarixi tam qələmə alınmadığından dövrümüzə gəlib çıxmamışdır.

Ərazidə böyük və kiçik həcmli küplərə də rast gəlinmişdir. Küp qəbirlərdən ölmüş insanların dəfni üçün istifadə edilmişdir. Burada mövcud olan kurqan qəbirlərdən də cürbəcür əşyalar, şüşədən fiqurlar, çıraqlar aşkar edilmiş, həmçinin orta əsrlərə aid maddi-mədəniyyət abidələr, i Elxanilərə, Qızıl Orda xanlığına, Cəlairilərə və Qaraqoyunlulara məxsus mis pullar, şirəli və şirəsiz məişət qabları tapılıb.

Tarixi mənbələrdə məlumat verilir ki, Qirxçıraq Şirvanşahlar dövlətində Güştəsbi vilayətinin mərkəzi olmuşdur. Şirvanşahlar dövlətinin sərhədləri Şimaldan Samur çayından başlanıb cənubda Kür çayı sahillərində qurtarırdı. Kürün sahilində, İpək Younun üstündə yerləşən belə bir boyük sərhəd şəhəri strateji əhəmiyyət daşıyırdı, eyni zamanda Yaxın Şərq və Hindistanla ticarətin genişləndirilməsinə imkan yaradırdı. Şəhər hazırkı coğrafi miqyasla Salyanın Qaraçala qəsəbəsindən Bakı-Astara magistralının keçdiyi yerə, Babazənən dağına kimi geniş bir ərazidə qərar tutub.

Bu yaşayış məskəninin 1 çıraq 1000 ev olmaqla 40 min evdən ibarət olduğu bildirilir. Şirvanşah I Əfridün (1106-1120) oğlu III Mənüçöhrü (1120-1160) Güstəsbi vilayətinə hakim təyin etmişdi, İqamətgahı Qırxçıraqda yerləşən III Mənüçöhrün vaxtında əvvəllər kənd olan yaşayış məskəni genişlənərək böyük şəhərə çevrilmiş, gəlirli və zəngin yer olmuşdur. Xarazimşah Sultan Cəlaləddin Məngburinin vəziri Şərəf əl-Mülk Beyləqan və Muğana, o cümlədən bu şəhərə iqta şəkilində sahib olub.

Şəhərdə karvansaralar, bazarlar, saysız-hesabsız dükanlar, mədrəsələr və məscidlər vardı. Misgərlər, zərgərlər, bəzzazlar, dəmirçilər, dərzilər, xarratlar, ipəkçilər, dulusçular və xalçaçılar xüsusilə çoxluq təşkil edirdilər. Əraziyə dəvə karvanları və gəmilərlə müntəəzəm olaraq yüklər daşınır, bir çox hallarda şəhər ticarətdə tranzit rolunu oynayırdı.

Burada çox məhsuldar iribuynuzlu mal-qara, qoyun-quzu, hərbi məqsədlər üçün döyüş atları bəslənirdi, digər yerlərə ipək, düyü, mal-qara, çoxlu sayda at aparılırdı. Kür çayı boyunca 7 kilometr aralıda çəkilən, Babazənən dağını dolanıb Xəzərə tökülən, saxsı, kaşı və ağ daşla örtülmüş 30 kilometrlik Şirvan Govur arxı geniş bir ərazini suvarma suyu ilə təmin edirdi. 1192-ci ildə Şamaxıda baş verən güclü zəlzələdən sonra salamat qalmış əhalinin xeyli hissəsi Qırxçırağa köçərək burada məckunlaşmışdı. Mənbələrdə belə bir məlumat vardır ki, Qırxçıraqda bolluq və ucuzluq olmuş, əhali yaxşı yaşamışdır. Məsələn, 100 başlıq qaz sürüsü 1 dinara satılırdı. Atabəylər hakimiyyəti dövründə vilayətdən alınan illik gəlir 1 milyon Elxanilər dinarı və ya 0,5 Abbasilər dinarı təşkil edirdi.

1227-ci ildə vəzir Şərəf əl-Mülk Şirvanşah III Fəribürzdən (1223-1243/4) sultanın xəzinəsinə 50 min dinar vergi tələb etdi. Şirvanşah vəzirin həmin pulu mənimsəməsindən şübhələnərək bundan imtina etdi.

Onda vəzir 4 min süvari ilə Şirvanşaha məxsus olan Güştəsbi vilayətini tutdu və onun vergi yığanlarını qovdu, vilayəti 200 min dinara icrəyə verdi. Şərəf əl-Mülkün bu tədbiri III Fəribürzi Güştəsbi vilayətinin gəlirlərindən məhrum etdi. Sonralar Xarəzmşah Cəlaləddin verginin həcmini 20 min dinara endirdi və bundan sonra Qırxçıraq daha 30 il mövcud oldu. 1258-ci ildə Bağdaddan tutmuş Dərbəndə qədər əraziləri ələ keçirən Elxani hökmdarı Hülakü xanın qoşunları tərəfindən bütün şəhəri yandırıb darmadağın edib əhalini ucdantutma qılıncdan keçirtdilər. Qırxçırağın varlığına belə son qoyuldu.

Yurd yeri QIRXÇIRAQ-



Aydın Hüseynov/İnform.az

Baxış sayı: 65