Sosial
06.09.2018 / 18:30

Ölkədə “ağ ölüm”ə qurşananlar niyə artır?- Ekspert

Ölkədə “ağ ölüm”ə qurşananlar niyə artır?-
Elmdə artıq çoxdan əsaslandırılıb ki, hər bir davranışın formalaşmasında 3 faktor mühüm rol oynayır: birinci mühit, ikinci alınan informasiyaların xarakteri, üçüncü insanların üstünlük verdiyi dəyərlər.

Bu gün ölkəmizdə narkotik istifadəçilərinin sayı günü-gündən artırsa, bu o deməkdir ki, həmin 3 faktorun hər birində problem var. Yəni mühitimizdə narkomanlar var. Biz narkomaniyanın qarşısını almırıq və onlar da yeni aludəçilərin ortaya çıxması üçün hər cür səy göstərirlər. Çünki hər bir aludəçi narkotik əldə etmək və ya satışını həyata keçirmək üçün ətrafındakılara da bunu təlqin edir.

İnform.az-ın xəbərinə görə, bu sözləri axar.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu son dövrlər ölkədə narkotik istifadəçilərinin sayının artması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, insanların “ağ ölüm”ə qurşanmasının səbəbləri müxtəlifdir:

“Narkomaniyanın qarşısını almaq üçün təkcə inzibati yollarla müdaxilə doğru deyil. Çünki qadağalar olmasına baxmayaraq, bu, yayılmağa davam edir. Biz başqa yollar axtarmalıyıq. Hər bir gəncin, yeniyetmənin formalaşıb ortaya çıxmasında 3 əsas institut rol oynayır: ailə, məktəb və cəmiyyət.

30-40 il bundan əvvəl bu üçü bir-birilə ahəngdar işləyirdi və narkomanlar barmaqla sayılacaq qədər az idi. O dövrdəki statistikayla indikini müqayisə edəndə çox yaxşı görürəm ki, rəqəmlər kəskin dərəcədə dəyişib.

İndi təəssüf ki, ailələrimizdə də, cəmiyyətdə də gərginlik çoxalıb. Bu məsələdə yük daha çox məktəbin üzərinə düşür. Təəssüf ki, bu gün ölkəmizdə narkomaniya ilə mübarizə aparmaq üçün metodika, gərəkli təcrübə yoxdur”.

Sosioloq bildirib ki, orta məktəblərdə sözügedən problemlə əlaqədar psixoloq, sosioloq və həkimlərlə birlikdə fəaliyyət proqramı hazırlanmalıdır:

“Çalışmalıyıq ki, insanlarımız get-gedə daha çox mənəvi dəyərə üstünlük versin. Əfsus ki, indi mənəvi dəyərlər müəyyən qədər basqı altında qalıb, əvəzinə maddi dəyərlər ön plana keçib. Bu istiqamətdə də işlər görülməlidir. Yoxsa narkomaniyanı bir göstərişlə, əmrlə qabaqlamaq olmaz.

Bu, bir az da cəmiyyətin özünün xüsusiyyətidir. Mühit şərait yaradanda, maarifləndirmə yetərli səviyyədə olmayanda, dəyərlərdə müəyyən qədər problem olanda bunların baş verməsi qaçılmazdır. Əgər belə getsə, gələn il narkotik istifadəçilərinin sayı bundan da çox olacaq.

Məktəblərə gedib “narkotik pis şeydir” demək əkstəbliğat deyil. Şagirdləri elə başa salmaq lazımdır ki, bunun mahiyyətini və zərərini anlasınlar. Sosiologiyada dəfələrlə sübut olunub ki, insan qadağa olan şeyə daha çox meyillənir”.

Qeyd edək ki, Narkoloji Dispanser ötən il Azərbaycanda 30 min nəfərin narkotik istifadəçisi kimi qeydiyyata alındığını açıqlayıb. Məlumata əsasən, istifadəçilər arasında 18-25 yaş arasında olanlar üstünlük təşkil edir. Son iki ildə həmin siyahıda qadınların sayında artım müşahidə edilib.

İnform.az

Baxış sayı: 166