Din, Elm-təhsil
06.09.2018 / 17:27

Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə birgə tədbir keçirib

 Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə birgə tədbir keçirib
5 sentyabr 2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi “Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər” mövzusunda birgə tədbir keçirib.

Bu barədə İnform.az-a Aİİ-nun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, İnstitutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov, Aİİ-nin müəllimləri dosent Elvüsal Məmmədov, dosent Anar Qafarov, ilahiyyat üzrə fəlsəfə doktoru Kövsər Tağıyev, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev və mərkəzin əməkdaşı Gündüz Nəsibovun iştirakı ilə keçirilən tədbirdə mövzu ətrafında diskussiya aparılıb.

Tədbirdə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan din siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

Azərbaycan dövlətinin gənc nəslin sağlam ruhda böyüməsi, savadlı və bilikli yetişməsinə xüsusi önəm verdiyini bildirən diskussiya iştirakçıları dünyəviliyi, modernləşməni qəbul etmiş ölkəmizdə dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulduğunu qeyd ediblər.

Müzakirədə bildirilib ki, Azərbaycan xalqının inanc tarixinə nəzər saldıqda, dini radikalizmin izlərinə demək olar ki, rast gəlinmir. Lakin dünyada bir çox radikal dini qrupların fəaliyyət göstərdiyini və bu qrupların Azərbaycana da sızmaq cəhdlərinin istisna olmadığını nəzərə alanda, ölkəmizdə dini maarifləndirmənin nə qədər zəruri olduğu ortaya çıxır.

Buna görə də İslam dini başda olmaqla, böyük dünya dinləri haqqında insanları düzgün maarifləndirmək, cəmiyyətdə belə qruplara qarşı immunitet yaratmaq kimi vacib vəzifələr yaranır.

Bu səbəbdən, dünyanın inkişaf etmiş aparıcı ölkələrində olduğu kimi orta məktəblərimizdə din haqqında ümumi məlumatların, İslam dininin olduğu kimi sağlam təməllər üzərindən tədris edilməsi zəruri tələbə çevrilib. Qeyd olunub ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra din sahəsində qəbul edilmiş ən mühüm və vacib qərarlardan biridir.

Məlumat üçün bildirək ki, Aİİ Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Aİİ-nin əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir.

İnform.az



Baxış sayı: 51