Baş xəbər, Maraqlı
06.09.2018 / 10:15

Manyak№1- ÇİKATİLO

Manyak№1-
Bu dünyanın gedişatı paradokslardan ibarətdir. Məhəbbətlə nifrət, yaxşı ilə yaman əbədi mübarizədədir. Həyatın əsas Qanunu, fəlsəfəsi bundan ibarətdir.

Adəm övladı yarananda onun məhəbbəti ilə birgə marığa yatmış məkri də təşəkkül tapıb. Zülm də, humanizm də insandan pərvəriş tapır, zülmkar da odur, itaətkar da o. Zalımlar heç nədən, heç kimdən, Allahdan da çəkinməmişlər, düşünə bilməmişlər ki, ölmək Yaradanın mütləq qanunudur, ona şəriklik qudurğanlığın apogeyidir.

Axtarsaq, görərik ki, miflərin və əsatirlərin içərisində də tiranlıq yükü altında inləyən həqiqət var. Cəmşid, Zöhhak, Nəmrud, Şəddadla bağlı rəvayətlər buna misaldır. Təmiz tiran məmləkəti olmuş Atlantidanın harınlamış sakinləri öz "allahlarının" cəzasına düçar oldular, Böyük Çin səddi müstəbid Şi-Xuandinin, Misir ehramları qəddar fironların xəstə təxəyyüllərinin məhsullarıdır. Ptolomey oğlunu öldürüb cəsədini öz məşuqəsinin ad günündə ona hədiyyə etmişdi.

Daha dəhşətli misallar düşünmək olarmı? Olar! Və təəssüf ki belə hallar zəmanəmizdə də baş verir, bir çox hallarda insanlara şok təsirsiz qalmır!

Bu məqalədə tarixin son dövrünün ən qatı qatili Andrey Çikatilonun cinayətlərini sadalamağı qarşımıza məqsəd qoymamışıq, çünki dünyanı lərzəyə salan, tarixə 1 nömrəli cani kimi düşən, 12 illik müddətdə 56 nəfəri həyatdan məhrum etmiş bu qəddar fenomen haqqında milyonlarla səhifə yazılmışdır. Məsələnin psixoloji tərəfi maraq doğurur. Nəzərə almaq lazımdır ki, qatı canilər küçədə, avtobus dayanacaqlarında, yeraltı keçidlərdə, bazarda, dükanda, iclas zallarında, müxtəlif məclislərdə hər zaman yanımızda peyda ola bilərlər.

Andrey Romanoviç Çikatilo 1936-cı ildə Ukraynanın Sumı vilayətində anadan olmuş, uşaqlığı çətin şəraitdə keçmişdi. Orta məktəbi bitirəndən sonra institutda təhsil almış, 3 il DTK-nın sərhəd qoşunlarında xidmət etmiş, elə burada onunla yoldaşları arasında homoseksual kontaktlar baş vermişdi.

O, 27 yaşında olanda evlənmiş, 1970-ci ilə kimi rabitə müəssisələrində çalışmış, siyasətlə yaxından maraqlanmış, qəzetlərdə məqalələrlə çıxış etmişdi. Daha sonra Rostov universitetinin filologiya fakültəsinə daxil olmuş, internat-məktəbdə işləmiş, burada uşaqlara qarşı seksual maraq göstərdiyinə görə işdən qovulmuşdu. Bu zaman onda cinsindən asılı olmayaraq, adamlara qarşı seksual meyillər yaranmışdı, ictimai nəqliyyatda qızlara və qadınlara söykənməkdən, onları qıdıqlamaqdan və çimdkləməkdən xüsusi həzz alırdı, hətta 6 yaşlı baldızı qızına yaxınlıq təklif etmişdi. 17 yaşı olanda maraq ucbatından onanizmlə məşğul olduqdan sonra bir neçə dəfə müxtəlif qadınlarla cinsi əlaqədə olmağa cəhd göstərsə də, ereksiya zəifliyi buna imkan verməmişdi və bu, ona çox pis təsir göstərmiş, öz seksual çatışmazlığına görə intihar etməyə çalışmışdı.

Çikatilo 1984-cü ilə qədər mühəndis işləmiş, oğurluq üstündə həbs oplunmuş, azadlığa çıxandan sonra 1990-cı ilə kimi kooperasiya sistemində çalışmışdı. Ailəsi ilə birlikdə Şaxtı şəhərinə köçən Çikatilo burada yüngül əxlaqlı qadınlarla görüşmək üçün daha bir mənzil almışdı. İlk dəhşətli cinayətini də burada törətmişdi.

O, öz qurbanları ilə əsasən elektrik qatarlarında, dayanacaqlarda tanış olurdu. Həyatını itirmiş 56 insanın heç biri son dəqiqələr nəzərə alınmamaqla ondan qaçmamışdı, səliqəli geyim, eynək, şlyapa, portfel onları aldadıb tora salmaq üçün kifayət edirdi. Portfeldə isə daim bıçaq, kəndir, vazelin olurdu. Qətllərin coğrafiyası da müxtlif idi: Rostov-Nijni Tagi-Moskva-Daşkənd-Sankt-Peterburq-Qorlovka və s...

Çikatilonun cinayətləri ətraf mühitdən qisas almaq xarakteri daşıyırdı, qatilin məhz bu formada hərəkətləri onun nekrofil naturasından, qurbanının əzablarından həzz almaq kimi sadist mahiyyətindən irəli gəlirdi. Yazıq, cılız, tam müflis, ömürlük impotent, passiv homoseksualist, eyni zamanda dəhşətli dərəcədə amansız, ekstaz halında əlində bir parça insan əti meşədə o yan-bu yana qaçan qatil! Təsəvvürə gətirmək belə dəhşətlidir!

Çikatilo gələcək qurbanını taparkən ümid edirdi ki, onlarla normal cinsi əlaqəyə girə biləcəkdir, buna baxmayaraq, onları gözdən uzaq yerlərə aparırdı ki, məqsədinə çata bilməyəcəyi təqdirdə məhv etməklə cinayətini ört-basdır eləsin. Bu qurbanların arasında həyatdan küsgün, içgi düşgünü, ağıldan kəm insanlar da vardı, belələrini içgi içmək üçün meşə zolağına aparmaq problem deyildi.

O, cinsi ehtirasını hansı yolla söndürməyi qabaqcadan planlaşdırmırdı, ancaq bilirdi ki, yaxınlıq prosesində bıçağa əl ata bilər. Qurbanının qız, ya oğlan olması seçim deyildı, hər iki cinsdən eyni həzzi alırdı. Uşaqları adətən maraqlı əşyalar göstərmək bəhanəsi ilə öz mənzilinə gətirirdi. Və hər bir halda “bəxti gətirirdi”, sanki hansısa mövhum qüvvə ona köməkdar idi. Təəccüblü burası idi ki, onun qanı ilə sperması qrup cəhətdən eyni deyildi, buna görə də öldürülənlərin üzərində aşkar olunan spermanın Çikatiloya məxsus olması bilinmirdi və o, tutulduqca buraxılırdı və öz işini rahatca görürdü. Özünün cinsi bədbəxtliyini səbəbini qurbanların cinsi orqanlarında görürdü, təcavüz zamanı onun bədənini əsməcə tuturdu, qurbanının qanını gördükdə ehtirası daha da coşurdu, nizamsız hərəkətlər edərək qadının dodaqlarını və dilini dişləyir, döşlərinin gilələrini qoparırdı, qarnını yararaq uşaqlığı gəmirirdi, öz cinsiyyət orqanını bu hissələrə sürtməkdən həzz alırdı. Bıçağı cinsi akt zamanı olduğu tərzdə bədənə irəli-geri soxub-çıxardırdı, öz şəhvətini bu üsulla söndürürdü.

Bəzən oğlanların xayasını gəmirib xırdalayır və udurdu, bu üsul ona daha artıq vəhşiyanə həzz verirdi. Əksi gözlərdə qalmasın deyə çox vaxt ölünün gözlərini də ovub yerindən çıxarırdı. Cəsədlərin üzərində 60-a qədər bıçaq yarası olurdu. Özbaşına orqazm, eyakulyasiya, güclü psixi gərginlik boşalması ilə onun əhvalı düzəlirdi, şən və həyatsevər varlığa çevrilirdi. Hər dəfə qan çiləntisindən təmizlənir, geyimini nizama salaraq maniakal vəziyyətdən çıxıncayadək meşə zolağında bir müddət gəzib-dolanırdı, bir sutka yataraq istirahət edirdi. Lakin bir-iki həftədən sonra yenidən əzgin, pessimist hallar keçirirdi, ona elə gəlirdi ki, bu dünyada heç kəsə lazım deyil.

Çikatilonun ilk qurbanı 1978-ci ilin 22 dekabrında Şaxtı şəhərinin məktəblisi 9 yaşlı Lena Zakotnova olmuşdu. Cəllad, qurbanını aldadaraq özünün adam yaşamayan evinə aparmış, onu zorlayaraq bıçaqla öldürmüş, cəsədini Qruşovka çayına atmışdı. Bu cinayət üstündə səhv üzündən Kravçenko familiyalı başqa bir şəxs güllələnmişdi.

1981-1982-1983-cü illərdə Şaxtı, Novoşaxtinsk, Novoçrkassk yaxınlığındakı meşə massivlərində qadınların və hər iki cinsə mənsub uşaqların xüsusi amansızlıqla, kəsici alətlərlə sadist formada qətlə yetirilməsi daha tez-tez müşahidə olunurdu. 3 sentyabr 1981-ci ildə 17 yaşlı Larisa Tkaçenkonun nəşini döşləri qoparılmış, cinsiyyət orqanına ağac budağı yeridilmiş halda Don çayının sahilindəki “Nairi” kafesinin yaxınlığında tapdılar. Bir ildən sonra qəddar cani 12 yaşlı Lyubov Biryuku öldürdü. Çikatilo təkcə 1982-ci ildə 9-16 yaşlarında 7 nəfərin həyatına son qoydu. Bundan sonra qətllər seriyası daha şiddətlə davam etdi.

1983-cü ilin sentyabrında bir naməlum qadın, oktyabrda 19 yaşlı Vera Şevkun, dekabrda 14 yaşlı Sergey Markov, 1984-cü il yanvarında 44 yaşlı Marta Ryabenko, iyulda 19 yaşlı Anna Lemeşeva, avqustda 17 yaşlı Lyudmila Alekseyeva, Akmaral Seydəliyeva, 11 yaşlı Aleksandr Çepel, 24 yaşlı İrina Luçinskaya vəhşicəsinə qətlə yetirildilər. 14 yaşlı Lyubov Volobuyeva, 9 yaşlı Oleq Pojidayev, 16 yaşlı Olqa Kuprina, 19 yaşlı İrina Korabelnikova, 15 yaşlı Sergey Kuzmin, 10 yaşlı Olqa Stalmaçyonok da həmin ildə qəddar manyak tərəfindən eyni vəhşiliyə düçar oldular. 1984-cü ildə isə 15 nəfər məhv oldu, Çikotilo həmin ildə qurbanlarının ümumi hesabını 32 nəfərə çatdırdı. Ardınca “Meşə zolağı” qətlləri gəlirdi. 1990-cı ildə Çikatilo daha 8 nəfərin axırına çıxdı, onun son qurbanı 22 yaşlı fahişə Svetlana Korostik oldu.


Onu həbs etmək işində də (əslində bu, bir içim su kimi bir əməliyyatdı), mürəkkəblik yaranmışdı, ona görə ki, hər bir sənədi yerində olan, adi, bir qədər də yazıq görkəmli vətəndaş təsiri bağışlayırdı. Lakin 20 noyabr 1990-cı ildə Çikatilo pivə barına gedərkən yolda bir uşaqla rastlaşır və onunla söhbətə girişir, uşağa başqa bir kişinin yanaşdığını görüb məqsədindən əl çəkir, bardan qayıdarkən həbs olunur.

Kameraya salınan Çikatilo əvvəl ifadə verməkdən imtina etsə də, əsaslı dəlillər önündə hər şeyi etiraf etməyə məcbur oldu. 10 gün sonra elan olunmuş ittihamnamədə qatilin hesabında 1982-ci ildən başlanmış 36 məşum qətl hadisəsi göstərilirdi. Buradaca o, hələ 1978-ci ildən həmin işlə məşğul olduğunu boynuna aldı, daha 19 açılmamış qətlin ona məxsus olduğunu etiraf etdi.. Bu ifadələri verərkən Çikatilo psixiatriya xəstəxanasına yerləşdiriləcəyi vədinə ümid edirdi və həqiqətən o, 3 ay müddətinə Serbski adına xəstəxanada oldu. Bu müddətdə müəyyən edildi ki, Çikatilo əslində psixi cəhətdən tam sağlamdır, məsuliyyətə cəlb oluna bilər. Maraqlıdır ki, manyakın axtarışları prosesində minə yaxın əsasən seksual xarakterli digər açılmamış cinayət aşkar olunmuşdu.

14 aprel 1992-ci ildə başlanan məhkəmə oktyabr ayında başa çatdı. O, burada özünü müdafiə üçün çox aktyorluq elədi, çığır-bağırla öz əməllərinə haqq qazandırmaq istədi. Hətta belə bir arqument də gətirdi ki, cəmiyyət ona minnətdar olmalıdır, avaraları, fahişələri, psixi xəstələri öldürməklə insanları növbəti bəlalardan xilas etmişdir. 15 oktyabrda o, güllələnmə cəzasına məhkum edildi, 232 vərəqlik hökmün oxunması iki gün çəkdi. 18 iyul 1992-ci ildə Çikatilo Rusiya Prezidenti B.Yeltsinə əfv olunması barədə məktub göndərdi. Lakin onun xahişi təmin olunmadı, 1994-cü il fevralın 14-də Novoçerkassk türməsində hökm yerinə yetirildi.

Çikatilonun haqqında yazılmış ədəbiyyatda, çəkilmiş filmdə göstərilir ki, onun “varisləri” marığa yatıblar, fürsət düşən kimi cəmiyyətə yeni ölümlər gətirəcəklər. Əsrin manyakı özü isə güllələnməsindən əvvəl müşaiyətçi əsgərə demişdi: “Allaha yalvarıram ki, mənimkimilər bir daha olmasın”.

Aydın Hüseynov/İnform.az

Baxış sayı: 741