Gündəm, Şərhlər
28.07.2015 / 14:02

Arvad deyil qadındır

Arvad deyil qadındır

Ayişə NƏBİ / İnform.az


Bir türk filminə baxdım, Ramazanda savab işləyib, kiməsə yardım etmək istəyən bir adam ehtiyacı olana aparıb üzbəüz pul verib onu utandırmır, gedir sakitcə məhəllə dükanında soruşur ki, kimin borcu varsa, gizlicə ödəyim. Mənə də bu çox gözəl bir hərəkət kimi gəldi, dedim mən də belə bir hərəkət edim. Ağlıma ilk gələn məhləmizdəki, biri də əlil olan, kirayədə yaşayan üç yetim uşaq oldu. Fikirləşdim ki, indi bunlar yəqin kalan borc içindədirlər. Girdim dükana, dayanıb hamının çəkilməyini gözlədim, dükançı ilə tək qalanda fikrimi ona dedim. O isə cavabında yox, onların heç bir qəpik də borcları yoxdur, ataları sağ olanda həmişə nisyə yazdırardılar, amma, indi görünür hesablarını elə götürürlər ki, borc yazdırmırlar,- dedi. Mənə maraqlı gəldi ki, görəsən, bəs, ən çox borcu olan kimdir. Bir ayağını çəkərək yeriyən dükançı qadın bir o başa, bir bu başa gedib başını qəribə bir hərəkət etdirib dedi, sən yəqin tanımazsan, ən çox borcu olan villa sahibidir. Bunu deyib diqqətlə üzümə baxdı, mənim nə qədər heyrət edəcəyimi görmək istəyirdi, deyəsən. Amma mən heç heyrətlənmədim, nolar ki, villa sahibinin də ehtiyacı ola bilər. Bəlkə villanı tikəndən sonra kasıblayıb. Yox,- dedi, dükançı, ancaq adam sadəcə həmişə nisyə alır, əlimdə pul yoxdur, xırdam yoxdur, pulumu mala vermişəm, yaxud nəsə bir söz tapıb deyir və heç vaxt pul verib alver etmir. Amma, onu da deyim ki, sonra borcunu gətirib verir.
Bu təzad məni xeyli düşündürdü. Ehtiyac içində olan bu ailə elə hərəkət edir, elə qənaətlə yeyib içir ki, borca düşmür. Halbuki, əvvəllər onlar da nisyə alırmışlar, amma, indi bu fədakar qadın “əri yoxdur, dolana bilmir” deməsinlər deyə, dişini dırnağına taxıb çalışır, bəlkə evdə uşaqları ilə hər gün problem yaşayır, korluq çəkir, uşaqlarının istəklərini edə bilmir, bəlkə hər gün ağlayır, bəlkə də quru çörək yeyir, ancaq, özünü sındırmır, qürurunu qoruyur. Kasıb olduğunu gizlədir. Çünki, biz artıq kapitalist dünyagörüşü daşıyırıq və kasıblığı ayıb sayaraq kasıba hörmət etmirik. Digər nisyəçi isə əksinə, malının çoxluğu ilə fəxr edirmiş kimi onu gözə soxur, hər dəfə də necə olursa “xırdası olmur”.
Kapitalizmlə sosializmin ən köklü fərqlərindən biri də odur ki, sosializmdə insanlar varlı olmaqdan utanardılar, kapitalizmdə isə kasıb olmaqdan utanırlar. Sosializmdə varlı olanı mənəvi kasıb, kasıb olanı isə mənəvi varlı sayırdılar, ona görə də hamı kasıb görünmək istəyirdi. İndi isə əksinə, kasıb da özünü varlı kimi göstərir ki, hörmətli sayılsın.
İnsan kasıb adamın yanından keçəndə çox rahat, heç kim yoxmuş kimi keçir, ya başını azca tərpədib dilucu salam verir, ya daha görmədim deyib keçir gedir. Ancaq varlının yanından keçəndə adam üst başını düzəldir, özünü yığışdırır, diqqət çəkəcək şəkildə salam verib gülümsəyir, hətta yerişini bir az ləngidir ki, bəlkə möhtərəm şəxs onunla hal əhval edər. Lap “xanla dehqan” kimi.
Həyətinə girəndə elə ilk addımdan bu yetim evindən sanki, dərd adamın üstünə yeriyir. Qadın, evində bayram əhvali ruhiyyəsi yaratmağa çalışsa da, süfrəsi kədər püskürür. Kirayə evin yeganə divanını on doqquz yaşlı əlil oğlu zəbt edib. Ancaq o, tək-tənha daşıdığı bu yükün altında şax durmağa çalışaraq üzündən gülümsəməni əksik etmir.
İnsanlığın bir qütbündə əyləncə və zövq bataqlığında qara pul kimi xərclənən qadınlar, bir qütbündə isə həyatının mənasını fədakarlıqda görən dünyanı çiynində daşıyan qadınlar durur. Əsla, əsla, arvad deyə kiçiltməyin, belə qadınları ana deyə, qadın deyə ucaldın. Onlar arvad deyil, qadındırlar. İnsanlığın mahiyyətini onlar qoruyur bəlkə də.

Baxış sayı: 757