Türkiyə
16.07.2018 / 13:14

“Bu, dövlətə qarşı xəyanət idi”- Səfir Erkan Özaral

“Bu, dövlətə qarşı xəyanət idi”-
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin ikinci ildönümü Bakıda anılıb.

İnform.az
REAL TV-nin məlumatına istinadən bildirir ki, bu münasibətlə Türkiyənin Azərbaycandakı səfirliyində anım mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özaral, Azərbaycan Milli Məclisinin deputatları, KİV rəhbərləri iştirak edib.

Çıxış edən Erkan Özaral deyib ki, Türkiyədə 2016-cı ilin 15 iyulunda baş verən hadisələr üzücüdür. Onun sözlərinə görə, bu, dövlətə qarşı xəyanət idi.

Səfir bu məsələdə xalqın bir mövqedən çıxış etdiyini vurğulayıb: “Bu, milli dastandır. Biz bununla qürur duyuruq. Xəyanətkar şəbəkə islam dinindən istifadə edərək çevriliş etməyə çalışdılar. Bunların islam dininə aidiyyatı yoxdur. Bunlar hər cür yola əl atdılar ki, məqsədlərinə nail olsunlar. Çünki bu şəxslər satılmışdırlar. Xalq isə iradəsini ortaya qoydu. Kimsə türk millətini məğlub edə bilməz. Dünya var olduqca, bu millət dövlətinə sahib çıxacaq”.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışı zamanı deyib ki, Azərbaycan bu məsələdə Türkiyəyə dəstək verib.

O, hər iki ölkənin tarixində oxşar hadisələrə diqqət çəkib.

Sonra 15 iyul hadisələrinə həsr edilən sənədli film nümayiş olunub.



İnform.az

Baxış sayı: 186