Araşdırma, Hüquq
16.07.2018 / 11:00

Konstitusion qanunçuluğun, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində daxili işlər orqanlarının rolu- ARAŞDIRMA

Konstitusion qanunçuluğun, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində daxili işlər orqanlarının rolu-
Bu il Daxili İşlər Nazirliyinin yaradılmasının 100 yaşı tamam olur.

Bu münasibətlə İnform.az "AZƏRBAYCAN POLİSİ-100" rubrikası altında DİN-ə rəhbərlik etmiş nazirlərin, bu qurumun Qarabağ müharibəsı və peşə veteranları, şəhid polislər, eləcə də gənc polis əməkdaşları haqqında maraqlı silsilə yazılar və elmi məqalələrlə görüşünüzə gəlir.

Qeyd edək ki, bu layihə ilin sonunadək davam edəcək.


Əvvəli:http://inform.az/index.php?newsid=33689

XX əsirin 90-cı illərində Azərbaycanda mövcud olan vəziyyət buna əyani sübutdur. Həmin dövrdə ölkədə tüğyan edən cinayətkarlıq, qanunsuz silahlı dəstələr, dövlət aparatında özlərinə yuva qurmuş siyasi intriqantların məkrli niyyətlərini həyata keçirən müxtəlif qruplar və bandalar vətəndaşlarımızın həyatı, həmçinin dövlətimizin müqəddəratı üçün əsas təhlükəyə çevrilmişdilər və dövlət hakimiyyətində təmsil olunan şəxslər qanunçuluq rejimini təmin etməyə qadir deyildilər.

1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev bu sahədəki problemlərin aradan qaldırılmasını əsas vəzifələrdən biri kimi müəyyən etdi və bu məqsədlə ölkədə qanunçuluq rejiminin təmin olunmasında daxili işlər orqanlarının xüsusi rolunu nəzərə alaraq ilk növbədə bu orqanların daxilən təmizlənməsini, onların öz vəzifələrinin icrası ilə məşğul olaraq siyasi oyunlara qarışmamalarını vacib tələb kimi ortaya qoydu.

Ulu öndərin sədrliyi ilə 1994-cü il aprelin 29-da xüsusi müşavirə keçirildi və Heydər Əliyev daxili işlər orqanlarındakı mənfi təzahürləri ayrı-ayrı rəhbər şəxslərin səriştəsiz fəaliyyəti, onların işində şəxsi maraqların vəzifə borclarından önə keçməsi ilə əsaslandırdı.

Aprel müşavirəsindən sonra bu orqanın fəaliyyətində əsl inqilabi dəyişikliklər baş verdi. Daxili işlər orqanlarının bütün şəxsi heyəti vəzifə səlahiyyətlərini layiqli formada həyata keçirməyə səfərbər oldu. Ulu öndərin 1994-cü ildə imzaladığı «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» tarixi fərmanla ölkədəki mütəşəkkil cinayətkarlıqla mübarizənin başlanğıcı qoyuldu.

Ölkədə siyasi sabitlik yaradıldı, cinayətkarlığın artan dinamikasının qarşısı alındı, əməkdaşların cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təminində, daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilmiş vəzifələrini layiqincə yerinə yetirməsi nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatı üçün yaxşı zəmin yaradıldı, qanunçuluq rejimi bərqərar oldu.

7. Hüquq pozuntularına qarşı səmərəli mübarizə

Hüquqi dövlət hüquqpozuntularına qarşı səmərəli mübarizə aparmaq üçün zəruri maddi, siyasi, sosial və s. xarakterli tədbirlər həyata keçirir. Əhalinin yüksək maddi həyat şəraiti, etibarlı sosial müdafiəsi, ölkədə siyasi sabitlik, yüksək hüquq mədəniyyətinə malik olan ədalətli hüquq mühafizə orqanlarının mövcudluğu qanunçuluq rejiminin real əsasını təşkil edir.
Hüquq subyektlərinin, ölkə ərazisində yaşayan bütün insanların hüquq və azadlıqlarının, qanuni mənafelərinin bilavasitə müdafiəsi hüquq mühafizə orqanları tərəfindən həyata keçirilir. Bu işdə daxili işlər orqanlarının da üzərinə mühüm vəzifələr düşür.

Bu vəzifələri məzmun baxımından aşağıdakı kimi təsnif etmək olar:

- Cinayətin və digər xətaların qarşısının alınması, baş vermiş cinayət hadisəsinin aşkara çıxarılması və onu törədən şəxsin müəyyənləşdirilməsi;

- cinayəti doğuran səbəblərin öyrənilməsi və aradan qaldırılması üçün tədbirlər görmək;

- cinayət və digər xətaların haqqında daxil olan ərizələrin və məlumatların qəbul edilməsini, qeydiyyatdan keçirilməsini və zəruri tədbirlərin görülməsini təmin etmək;

- Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyənləşdirilmiş hallarda və qaydada cinayət işlərini başlamaq, təhqiqat və istintaq aparmaq;

- Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək.

Demokratik, hüquqi dövlətdə qanunçuluğun təmin olunma səviyyəsini göstərən əsas vasitələrdən biri də cinayətkarlığın göstəricisidir. Hətta hüquq mühafizə fəaliyyətində belə bir mövqe mövcuddur ki, cinayətlərin üstünün vaxtında, operativ açılması və onları törədən şəxslərin ədalət mühakiməsinə verilməsi nə qədər vacib olsa da, lakin görülən zəruri preventiv tədbirlər nəticəsində bu sosial – neqativ təzahürlərin baş verməsindən əvvəl qarşısının alınması cəmiyyət üçün daha önəmlidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikaya rəhbərliyinin ilk günlərindən ulu öndər Heydər Əliyevin daxili işlər orqanlarına diqqət və qayğı siyasətini davam etdirmiş, bu strukturda fəal inkişaf tempinin saxlanılmasına, daha böyük nailiyyətlərin əldə edilməsinə lazımi şərait yaratmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Cənab Ramil Usubovun rəhbərliyi altında daxili işlər orqanlarının əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla yerinə yetirilmiş, ölkədəki kriminogen durum nəzarətdə saxlanılmışdır.

Görülən işlərin nəticəsidir ki, respublikamız cinayətkarlığın səviyyəsinə görə uzun illərdir ki, MDB və Şərqi Avropa məkanında ən təhlükəsiz və sabit ölkələrdən biri hesab olunur.
Yalnız belə bir vəziyyətdə ölkədə möhkəm qanunçuluq və hüquq qaydasının mövcudluğundan danışmaq olar.

Yuxarıda qeyd olunduğu kimi, qanunçuluq və hüquq qaydası kateqoriyaları qırılmaz surətdə bağlı olan hüquqi hadisələrdir.

Hüquq qaydası insanların hüquqi davranışı, dövlət orqanlarının, vəzifəli şəxslərin, ictimai təşkilatların qanuni hərəkətləri, yəni hüququn bütün subyektləri tərəfindən qanunlara ciddi əməl olunması nəticəsində formalaşır.

Hüquq qaydası qanunçuluğun praktiki olaraq həyata keçirilməsidir.

Qanunçuluq kimi hüquq qaydasının da cəmiyyətdə ictimai təyinatı xalqın mənafeyinə xidmət etməsidir. Hüquq qaydası möhkəmlilik və sabitlik kimi keyfiyyətlərə malikdir. Bu isə istehsal münasibətləri sistemi, xalqın iqtisadi, ictimai-siyasi və ideya birliyi ilə şərtlənir.

Qanunçuluğun möhkəmləndirilməsi kimi, hüquq qaydasının da möhkəmləndirilməsi vətəndaş cəmiyyəti quruculuğunun vacib şərtlərindən biridir.

Hüquq qaydası – hüququn subyektləri tərəfindən hüquq normalarının tələblərinin dəqiq və tam həyata keçirilməsi nəticəsində bərqərar olan ictimai münasibətlər sistemidir. Hüquq qaydası cəmiyyətin müasir sivilizasiyalı həyatının real əsasını təşkil edir. Məhz sabit hüquq qaydası şəraitində iqtisadiyyat yüksəlir, qanunverici, icraedici və məhkəmə hakimiyyətinin fəaliyyətində qanunçuluq təmin olunur, müxtəlif ictimai və xüsusi təşkilatların fəallığı artır, insan azadlığına real təminat verilir, insanın maddi və mənəvi ehtiyacları maksimum səviyyədə ödənilir.

İnkişaf etmiş demokratik dövlətlərdə hüquq qaydası:


- proqressiv demokratik qanunvericiliyə əsaslanır;

- insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi və səmərəli hüquqi təminatlar sistemi ilə xarakterizə olunur;

- sosial-iqtisadi, maliyyə və digər sahələrdə hüquq münasibətlərinin sabitliyi ilə səciyyələnir.

Hüquq qaydası anlayışına yaxın olan, lakin özünəməxsusluğu ilə fərqlənən kateqoriya ictimai qaydadır. Hüquq qaydası kimi bu kateqoriya da ictimai münasibətlərin nizamlı xarakteri ilə səciyyələnir.

Elmi-nəzəri ədəbiyyatlarda ictimai qayda anlayışı əsasən iki mənada istifadə olunur.

Geniş mənada, ictimai qayda cəmiyyətdə bütün prosesləri və onun ayrı-ayrı hissələri arasındakı münasibətləri reqlamentləşdirən qaydaların məcmusu kimi başa düşülür. Bu mənada hüquq qaydası ictimai qaydanın bir elementi kimi çıxış edir. Belə ki, ictimai qayda hüquq da daxil olmaqla bütün sosial normaların həyata keçirilməsi nəticəsində yaranır.

Dar mənada isə, ictimai qayda dedikdə - dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının fəaliyyəti, əhalinin əməyi və istirahəti üçün normal şəraitin, əmin-amanlığın təmin edilməsi məqsədi daşıyan, ictimai yerlərdə insanların ünsiyyəti prosesində yaranan, cəmiyyətin tələbatı ilə şərtləndirilən və sosial normalarla tənzimlənən ictimai münasibətlər sistemi kimi başa düşülür.

İctimai qaydanın bu cür mənasına bir çox hüquq ədəbiyyatlarında, o cümlədən polis haqqında Azərbaycan Respublikasının qanunvericiliyində də rast gəlmək olar.

Lakin, polisin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlarda ictimai qayda və hüquq qaydasının digər mühüm elementi kimi çıxış edən ictimai təhlükəsizlik kateqoriyalarının normativ definisiyası verilmir. Lakin bu terminlərin nəzəri izahına hüquqşünaslıqda tez-tez rast gəlinir. Bu yanaşmalardan irəli gələrək ictimai qaydanın anlayışını aşağıdakı kimi məqbul hesab etmək olar.

İctimai qayda – ictimai yerlərdə insanların ünsiyyəti prosesində yaranan və sosial normalarla tənzimlənən ictimai münasibətlər sistemidir

İctimai qayda anlayışı ilə birlikdə istifadə olunan və hüquq qaydasının digər mühüm elementi kimi çıxış edən digər ictimai münasibətlər sistemi ictimai təhlükəsizliklə bağlıdır. İctimai təhlükəsizliyin təmin edilməsi dövlətin və cəmiyyətin tərəqqisinin əsas şərtlərindən biridir.

İctimai təhlükəsizlik milli təhlükəsizliyin ayrılmaz hissəsi olub, insan hüquq və azadlıqlarına hörmət, vətəndaş cəmiyyətinin və sosial rifahın inkişafı vasitəsilə mümkündür.


Davamı var...


Ceyhun Süleymanov/ dosent, polis polkovniki
Hikmət Eyvazov/ dosent, polis polkovnik-leytenantı
Polis Akademiyası

Baxış sayı: 105