Hüquq
14.07.2018 / 10:45

Sabitliyin keşiyində

Sabitliyin keşiyində
Azərbaycan polisi birmənalı olaraq cəmiyyətin dayağıdır.

Polis yalnız asayiş keşikçisi deyil, o həm də öz fəaliyyəti ilə nümunə olan bir şəxsdir. Bu gün ölkəmizdə mövcud olan stabillik, mütəşəkkil cinayətkar qrupların zərərsizləşdirilməsi polisin yorulmaz əməyinin bəhrəsidir. Polis gecə-gündüz cəmiyyətin, dövlətçiliyin, dövlətin keşiyində dayanır.

Sabitliyin, təhlükəsizliyin yüksək səviyyədə qorunmasının nəticəsidir ki, ölkəmizə axın edən turistlərin sayında da ilbəil artım müşahidə olunur.

O cümlədən tarixi abidələrin məskəni, festivallar şəhəri, turizm məkanı kimi tanınan Şəkidə də daxili sabitliyin, ictimai asayişin təmin olunması Şəhər Rayon Polis Şöbəsinin şəxsi heyətinin gərgin əməyinin, yorulmaz fəaliyyətinin nəticəsidir.

Rayon ərazisində baş verən ən xırda cinayət xarakterli məlumatların belə qeydə alınması və ona qarşı göstərilən operativ reaksiya sakinlərin polisə olan etimadını, güvənini daha da artırır . Eləcə də polis şöbəsinin rəhbərliyinin iştirakı ilə ictimaiyyət arasında, orta məktəblərdə, uşaq bağçalarında keçirilən görüşlər sakinlərlə polis münasibətlərini daha da yaxınlaşdırır, onlar öz polisinə etibar edir, təhlükəsizliyinin əmin əllərdə olduğuna inanır.

Aparılan səmimi və profilaktiki söhbətlərin nəticəsidir ki, rayon ərazisində baş verən cinayətlərin açılmasında, günahkarların tutularaq istintaq orqanlarına təhvil verilməsində sakinlər də yaxından iştirak edir, “güc birlikdədir” deyib polisə dəstək olurlar.

Elə bu amilin də iştirakı ilə rayon ərazisində baş vermiş cianyətlərin açılma faizi 2015-ci ildə 96,4 , 2016-cı ildə 98,5 faiz təşkil edib.

Ötən il rayonda 241 cinayət faktı baş verib ki, onlardan da yalnız 4 cinayət bağlı qalıb. Qeydə alınan cinayətlərin də cəmi 18-i ağır və xüsusilə ağır cinayətlərə aid olub . Digər statistik göstəricilər də rayonda polis əməkdaşlarının işinin yüksək səviyyədə qurulmasından xəbər verir. 2017-ci il ərzində 39 təqsirləndirilən şəxs axtarışda olub. Onlardan 32-si tutulub, 7-nin isə axtarışları davam etdirilir.

Ötən il ərzində 4 nəfər itkin düşən şəxs olub ki, onların hamısının tapılması təmin edilib. 2017-ci ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 49 cinayət faktı aşkar olunub ki, onlardan da 12-i satış məqsədli olub. Həmçinin il ərzində əhalidə qanunsuz saxlanılan 66 odlu silah-3 avtomat, 6 tapança, 57 ov silahı götürülüb. Bu faktlarla bağlı 4 nəfər şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Bu ilki göstəricilər də Şəhər Rayon Polis Şöbəsinin işini yüksək peşəkarlıqla davam etdirdiyinə əyani sübutdur. Belə ki, rayonda cəmi 130 cinayət hadisəsi baş verib ki, onlardan yalnız 2-si bağlı qalıb.

Həmin cinayətlərin açılması 98,5 faiz təmin edilib. Cari il ərzində 6 nəfər itkin düşən şəxs olub ki, onlardan da 5-i tapılıb, 1-nin axtarışları davam etdirilir. Bu ilin 6 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 24 cinayət faktı aşkar olunub.

Onlardan da 6-sı satış məqsədli narkotik vasitə olub. Bu il əhalidə qanunsuz saxlanılan ümumilikdə 32 ədəd odlu silah götürülüb və bu faktlarla bağlı 2 nəfər cinayət , 4 nəfər şəxs isə inzibati məsuliyyətə cəlb olunub.

Belə yüksək nəticələrin əldə olunmasında payı olan, xidmətdə fərqlənən polis əməkdaşları da hər zaman DİN və Polis Şöbəsi tərəfindən müxtəlif növ mükafatlarla, döş nişanları, xüsusi rütbələrlə qiymətləndirilirlər.

Əldə olunan nailiyyətlər isə polis əməkdaşlarını arxayınlaşdırmır, görülən işlər günü-gündən genişləndirilir və təkmilləşdirilir.


Mahir Məsimov/polis leytenantı

Baxış sayı: 15