Elm-təhsil
11.07.2018 / 11:40

ADPU-nun Elmi Şurasının iclası keçirilib

ADPU-nun Elmi Şurasının iclası keçirilib
İyulun 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının 2017-2018-ci tədris ili üçün sonuncu iclası keçirilib.

Universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən İnform.az-a verilən məlumata görə, ADPU-nun rektoru, Elmi Şuranın sədri, professor Cəfər Cəfərov iclası giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyinə Yaz imtahan sessiyasının yekunları haqqında, ADPU-da kafedralar üzrə professor-müəllim vəzifələrini tutmaq üçün keçirilən müsabiqənin nəticələri haqqında, Magistratura və doktorantura şöbəsinin fəaliyyəti haqqında və cari məsələlər daxildir.

Rektor Cəfər Cəfərov çıxışında qeyd edib ki, ADPU-da islahatlar davam edir. ADPU müxtəlif layihələrdə fəal iştirak edir, kafedralar üzrə professor- müəllim vəzifələrini tutmaq üçün müsabiqə başa çatıb, ingilis dili müəllimlərinin bilik səviyyələrinin qiymətləndirilməsi həyata keçirilib.

Qarşıdan ADPU-nun böyük tarixi yubileyi-100 illik yubileyi gəlir. 2018-2019-cu tədris ilindən bu yubileyə hazırlıq işləri başlayacaq. Bu ilin sonuna kimi ADPU-nun filiallarının akkreditasiyası keçiriləcək. Təhsil Nazirliyinin bu yaxınlarda keçirilən hesabat iclasında pedaqoji təhsillə və müəllim hazırlığı ilə bağlı yeni hədəflər müəyyən edilib. Fakültələrin, kafedraların məsuliyyəti artırılmalı, pedaqoji və elmi-pedaqoji kadr hazırlığının səviyyəsi yüksəldilməli, kreativ və analitik düşüncəyə malik gənc mütəxəssislərə üstünlük verilməlidir. Rektor çıxışında ADPU-nun Şamaxı Filialında humanist pedaqogika üzrə keçirilmiş pedaqoji oxular, əməkdaşlıq haqqında bağlanılmış müqaviləyə uyğun olaraq Lənkəran Dövlət Universitetində keçirilmiş görüş, həmçinin Cəlilabad Filialında gerçəkləşmiş görüş haqqında ətraflı məlumat verib və bütün bunların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov Yaz imtahan sessiyasının yekunları haqqında məlumat verib. Dosent E.Aslanov ilkin məlumatlar əsasında bildirib ki, imtahan sessiyası I-II tədris illərində yazılı, III-IV tədris illərində test üsulu ilə aparılıb. Prosesi 90 nəfəlik nəzarətçilər, 30 nəfərlik koordinator qrupu idarə edib.

Apelyasiya Komissiyasına 1700 nəfər tələbə müraciət edib. 1027 nəfər tələbənin imtahan nəticələrinə baxılıb və qiymət qüvvəsində saxlanılıb. 673 nəfər tələbənin imtahan qiymətləri qaldırılıb. Apelyasiya qiymətləndirilməsinin ədalətli aparılması olduqca vacibdir.

İmtahan Qərargahına 51 nəfər tələbə müraciət edib. Bütün müraciətlər ciddi araşdırılıb və əsasən müraciətlərin əsassız olduğu müəyyən edilib. 2017-2018-ci tədris ilindən etibarən şəffaflığın və obyektivliyin təmin edilməsi üçün imtahan nəticələrin yoxlanılmasında çarpaz yoxlama sistemi tətbiq olunub. Təhsil Nazirliyinin məlum əmrinə uyğun olaraq ADPU-da tələbələrə 2 fənni dinləmədən akademik kredit borclarını ödəmək üçün lazımi şərait yaradılıb. Bütövlükdə yaz imtahan sessiyası uğurla başa çatıb. Dosent E.Aslanov imtahan sessiyasının uğurla yekunlaşmasında əməyi keçən hər kəsə təşəkkür edib.

Dosent E.Aslanov iclasda həmçinin ADPU-da kafedralar üzrə professor- müəllim vəzifələrini tutmaq üçün keçirilən müsabiqənin nəticələri haqqında məlumat verib. Qeyd edib ki, ADPU-da professor-müəllim vəzifələrini tutmaq üçün müsabiqənin keçirilməsi barədə “Azərbaycan müəllimi”qəzetinin 8 mart 2018-ci il tarixli sayında müvafiq elan dərc edilib, həmçinin bu barədə məlumat universitetin rəsmi saytı olan adpu.edu.az saytında yerləşdirilib, sosial şəbəkələrdə geniş məlumatlar paylaşılıb. Rektorun müvafiq əmri ilə Müsabiqə Komissiyası yaradılıb.

Müsabiqəyə 8 fakültədə 32 kafedra üzrə 124 vakant yer çıxarılıb. Universitet üzrə 403 nəfərin sənədi qəbul edilib. Qəbul edilən ümumi sənədlərdən 27 nəfərin sənədi kafedra müdirləri tərəfindən iddia etdikləri yerə uyğun hesab edilməyib və geri qaytarılıb. Nəticədə 387 nəfər müsabiqəyə buraxılıb. Keçirilən açıq dərslərin videoçəkilişləri aparılıb. Seçki mövcud qaydaların tələbələrinə uyğun təşkil olunub, sağlam və ədalətli rəqabət mühiti təmin edilib, şəffaf və obyektiv keçirilib. Dosent E.Aslanov çıxışının sonunda müsabiqədən uğurla keçən müəllimləri təbrik edib və onlara uğurlar arzulayıb.

Elmi Şura dosent E.Aslanovun hər iki hesabatını yekdilliklə qəbul edib.

Magistratura və doktorantura şöbəsinin fəaliyyəti haqqında şöbənin müdiri, professor İbrahim Bayramov çıxış edib. Professor İ.Bayramov qeyd edib ki, şöbə öz fəaliyyətini mövcud qanunvericiliyə uyğun qurur. Şöbədə hazırda 10 əməkdaş fəaliyyət göstərir: şöbə müdiri, 2 baş mütəxəssis, 2 mütəxəssis, 4 tyutor, 1 operator. Magistratura və doktorantura şöbəsinin fəaliyyəti iki istiqamətdə: doktorantura və dissertantura yolu ilə və magistr hazırlığı yolu ilə həyata keçirilir. Hazırda 18 ixtisas, 19 ixtisaslaşma üzrə magistr hazırlığı həyata keçirilir.

21 kafedrada magistr hazırlığı aparılır. Magistrlərin təhsili ilə 13 nəfər elmlər doktoru, 72 nəfər fəlsəfə doktoru, 13 nəfər professor, 58 nəfər dosent məşğul olur. Magistrlərin elmi-tədqiqat işlərinə daha geniş miqyasda cəlb edilmələrinə xüsusi önəm verilir. II tədris ili magistrlərinin elmi-pedaqoji və elmi-tədqiqat təcrübələri başa çatıb. Onların dissertasiya müdafiəsinin təşkili ilə bağlı mövcud qanunvericiliyə uyğun hazırlıq işləri tamamlanıb. 417 nəfər magistrant dissertasiya müdafiəsinə buraxılıb. Hazırda fəlsəfə proqramı üzrə doktoranturada 68 nəfər (21 nəfər əyani təhsilalma forması üzrə, 47 nəfər qiyabi təhsilalma forması üzrə), fəlsəfə proqramı üzrə dissertanturada 30 nəfər, elmlər proqramı üzrə dissertanturada 20 nəfər təhsil alır. Magistrlər, doktorant və dissertantlar keçirilən konfranslarda, mədəni-kütləvi tədbirlərdə fəal iştirak edirlər.
Elmi Şura professor İ.Bayramovun hesabatını qəbul edib.

İclasda professor Asəf Zamanov, Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov, professor Buludxan Xəlilov, dosent Şahin Pənahov, dosent Arzu Daşdəmirov, professor Nizami Xudiyev, professor Malik Cəbrayılov, professor İramin İsayev və başqaları çıxış edərək imtahan sessiyasının uğurla yekunlaşmasını ADPU-da aparılan islahatların nəticəsi kimi qiymətləndiriblər. Onların çıxışlarında təhsilin məzmununun yenilənməsi, magistraturaya qəbulun genişləndirilməsi, magistr dissertasiyalarının müdafiəsində tətbiq ediləcək yeniliklər və digər vacib məqamlar da öz əksini tapıb.

Magistratura və doktorantura şöbəsində aparılan monitorinqin nəticələri barədə Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov məlumat verib.
İclasda rektor Cəfər Cəfərov ADPU-nun İnzibati-təsərrüfat şöbəsinin sabiq müdiri Adilxan Xəlilovu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnzibati və təsərrüfat işləri üzrə prorektoru təyin edilməsi münasibətilə təbrik edərək ona ADPU-nun inkişafında və yenidənqurma işlərində səmərəli və əvəzolunmaz fəaliyyətinə görə təşəkkürnamə təqdim edib. A.Xəlilov göstərilən diqqət və qayğıya görə universitetin rəhbərliyinə təşəkkür edib.

Sonda professor Asəf Zamanov cari məsələlər barədə, Elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Axundov isə 6 kafedra üzrə keçirilmiş professor seçkisinin nəticələri barədə məlumat verib.

Cari məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

İnform.az




Baxış sayı: 65