Baş xəbər, Siyasət, Hərbi
11.07.2018 / 11:58

Ordumuzun şanlı zəfəri və ya Naxçıvanda ordu quruculuğuna hərtərəfli qayğı

Ordumuzun şanlı zəfəri və ya Naxçıvanda ordu quruculuğuna hərtərəfli qayğı
Azad CABBAROV/Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri,
YAP Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri


Bəşər tarixinə nəzər saldıqda, xalqların yaranması və müəyyən cəmiyyətə malik olması, əslində qanunauyğunluq tendensiyasıdır: qarşılıqlı təsir, əlaqələrin dərinləşdirilməsi, mədəniyyətlərinin formalaşması.

İlk sivilizasiyaların meydana gəlməsi onlarda özünəməxsus adət-ənənələrin də yaranmasına səbəb oldu – inkişaf səviyyəsi yüksəldi, öz mülkiyyətləri, mədəni toplumları formalaşdı.

Dövlətin gücü xalqın birliyindədir-xalq bir olarsa, onun birliyindən qüdrətli dövlət yaranar. O dövlətin formalaşması, möhkəmlənməsi və qorunması üçün isə mütləq ordu lazımdır. Ordunu formalaşdıran amil isə yenə də xalqdır.

Tarix boyu xalqın içindən çıxan igid oğul və qızlarımızın səyi ilə qurulan ordu Azərbaycanın torpaqlarının müstəqilliyi uğrunda düşmənlərə qarşı mübarizə aparıb, öz döyüş bacarığı ilə tarixin səhifələrinə adlarını yazıblar. Tarix sübut edib ki, döyüş ruhu bu xalqın qanında həmişə olub və olacaqdır.

Sovetlər birliyinin dağılması ərəfəsində bir çox xalqlar öz müstəqilliklərinin və ərazi bütövlüklərinin bərpası üçün mübarizə aparırdılar.

Keçmiş SSRİ-nin işğalçı hakimiyyəti bu mübarizədə Azərbaycanın müstəqillik əldə etməsi ilə barışmırdı. Bu məqamda Qafqazda köklü tarixləri olmayan, öz məqsədləri üçün daha güclü xalqların köləsi, qulu kimi xidmət etməyi “şərəf” bilən erməni terrorçuları silahlanaraq ölkəmizə qarşı məkrli işğalçılıq siyasəti yeritməyə başladılar.

1990-cı illərin əvvəlində hakimiyyətdə olan AXCP-Müsavat cütlüyü kreslo davası etdiyi bir zamanda Azərbaycan elan olunmamış bir müharibə ocağına çevrildi. Nəticədə torpaqlarımızın 20 faizi Ermənistan və havadarları tərəfindən işğala məruz qaldı. Nəticədə 20 mindən çox oğul və qızımız şəhidlik zirvəsinə yüksəldi, bir milyondan çox həmyerlimiz isə öz torpaqlarından didərgin salındı.

Gərgin siyasi məqamda, xalqımızın ölüm-qalım dilemması ilə üz-üzə dayandığı vaxtda daha səriştəli və praqmatik bir liderə ehtiyac var idi.

Bu səriştəli lider həm işğala son qoymalı, həm də xalqı, milləti öz arxası ilə aparmağı, milli ideologiyanı yaratmağı bacarmalı idi. Bu lider isə həmin vaxt Naxçıvanda xalqı öz ətrafına toplayaraq dövlət səviyyəsində yaratdığı ordu ilə həm ermənilərin hücumlarının qarşısını alır, həm də blokadada olan muxtar respublikanı yaşadırdı. Bu lider ulu öndər Heydər Əliyev idi.

Artıq Azərbaycan insanı AXCP-Müsavat cütlüyünün deyil, öz liderinin arxasınca getməyə qərar vermişdi. Ulu öndərimiz Heydər Əliyevin siyası hakimiyyətə ikinci dəfə qayıdışı nəticəsində ölkədə sistemli idarəetmə yaradıldı və vətəndaş qarşıdurmasına son qoyuldu.

Silahlı birləşmələr ləğv edilərək vahid komandanlıq altında birləşən Silahlı Qüvvələr yaradıldı. Nəticədə cəbhənin müxtəlif istiqamətlərində ardıcıl uğurlu qələbələr qazanıldı. Nəhayət ki, vahid milli ordumuz formalaşmağa başladı.

Ordu quruculuğuna sağlam bir nəfəs gəldi, şəxsi heyətdə canlanma, həmçinin yeni-yeni hərbi hissələrin formalaşdırılması başladı. Artıq ölkədə yeni ideologiya – Heydər Əliyev ideologiyası yarandı. Bu, özünü ön cəbhədə də göstərdi.

Bu ideologiya ətrafında sıx birləşən əsgərlərimiz tankların üzərində “Heydər Əliyev uğrunda” yazılı bayraqlar asaraq düşmənə sarsıdıcı zərbələr vurdular. Azərbaycan ordusu erməni silahlı birləşmələrinin respublikanın içərilərinə doğru irəliləməsini dayandırdı, hətta əks-hücuma keçdi. 1994-cü il yanvarın 5-də aparılan uğurlu əməliyyatlar nəticəsində Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi, 22 kənd işğaldan azad edildi.

Həmçinin düşmən ordumuzun Kəlbəcər-Ağdərə, Goranboy-Tərtər istiqamətlərində əks-hücumlarına tab gətirməyərək ağır itkilər verdi və geri çəkilməyə məcbur oldu. Horadiz əməliyyatı Azərbaycan ordusunun Heydər Əliyevin rəhbərliyi altında 1994-cü ildə keçirdiyi ən uğurlu əməliyyat kimi yaddaşlara həkk olundu və düşmən bu əməliyyatdan sonra atəşkəs imzalamaq məcburiyyətində qaldı.

Qarabağ müharibəsi vaxtı cəbhə bölgəsində atəşkəsi nəzərdə tutan sənəd olan “Bişkek protokolu” indiyədək buna bənzər münaqişələr tarixində mövcud olan ən uzunmüddətli atəşkəs razılaşmasıdır.

Yeni müstəqillik əldə edən ölkəmizdə ulu öndərin apardığı islahatlar bütün sahələri əhatə edirdi. Ən əsası ölkənin müdafiə sektorunun inkişafı və gücləndirilməsi məsələsi idi. Ulu öndər hər zaman əsgərlərlə görüşündə deyirdi: “Azərbaycanın hər bir vətəndaşı mənim üçün əzizdir, amma Azərbaycan əsgəri, zabiti mənə hər bir vətəndaşdan daha əzizdir, daha yaxındır”.


Bəli, bu gün ümummilli liderimizin bizə miras qoyduğu güclü ordumuz var və Azərbaycan xalqı bu əzəmətli orduya hər zaman inanıb, inanır və inanacaqdır. Ordumuz 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə düşmənə ağır zərbə endirərək Goranboy və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulanı düşmən tapdağından azad etdi. Aprel döyüşləri xalqla ordunun birliyini daha da möhkəmləndirdi, yeniyetmələrin, gənclərin vətənpərvərlik duyğularını kükrətdi, hər fərdi əsgərləşdirdi. Bu zəfər müstəqil ordumuzun şanlı gücündən xəbər verirdi.

Bu gün Azərbaycanın ayrılmaz bir hissəsi olan muxtar respublikamızda aparılan ordu quruculuğu dövlət proqramının bir hissəsi kimi davam etdirildiyindən müasir tələblərə cavab verir, hərtərəfli qayğı və diqqətlə əhatə olunur.

Ordunun dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, sülh və əmin-amanlığın əsas təminatçısı olduğunu vurğulayan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Ordunun qüdrəti və döyüş qabiliyyətinin yüksək olması yalnız güclü texniki təminatla ölçülmür. O ordu güclüdür ki, onun sıralarında vətənpərvər gənclər xidmət edir. Ümummilli liderimiz deyirdi ki, “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir”.

Bu gün Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrdə olan birlik, vətənpərvərlik və yüksək döyüş əhvali-ruhiyyəsi torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradıldı. Yaradılan güclü, əzəmətli ordumuz bu ilin may ayında Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəklikləri keçirdiyi əməliyyat nəticəsində öz nəzarətinə keçirdi. 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağın azad edilməsi, həm də ordumuzun mövqelərini xeyli möhkəmləndirdi. Günnüt, Ağbulaq yaşayış məntəqələri ətrafındakı yüksəkliklər, “Qızılqaya” dağı və “Qaraqaya” dağlarında yeni mövqelər ələ keçirildi, Dərələyəz mahalının Arpa kəndində və Mehridərə vadisində düşmənin fəaliyyəti nəzarət altına götürüldü.

Ordumuzun bu uğurunun əsası 2000-ci ilin əvvəllərində Naxçıvan Muxtar Respublikası Babək rayonunun Buzqov kəndinin erməni daşnakları tərəfindən təhlükə yaradan yüksəkliklərinin ordumuzun şücaəti nəticəsində düşmən nəzarətindən geri alınması ilə qoyulmuşdu. Bu uğurlu əməliyyatın davamı kimi Günnüt əməliyyatı düşməni Naxçıvana iddiaları ilə bağlı bir daha düşündürməyə vadar etdi.

Bu gün ölkənin bütün regionlarında olduğu kimi Naxçıvan Muxtar Respublikasında da ordu quruculuğu ən yüksək standartlara uyğun aparılır. Müdafiə qabiliyyəti güclü bir ordu kimi düşmənin kabusuna çevrilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Günnüt kəndindəki hərbi hissədə əsgər və zabitlərlə görüşündə ordumuzun döyüş hazırlığına yüksək qiymət verərək demişdir: “Azərbaycan ordusunun uzun illərdən sonra tarixi torpaqlarımıza nəzarət etməsi mühüm nailiyyətdir. Bu, həm torpaqlarımızın işğaldan azad olunması, həm də kənd təsərrüfatı üçün yararlı torpaqlardan istifadə etməyə imkan yaranması deməkdir. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, ordu quruculuğu sahəsində görülən işlər torpaqlarımızın işğaldan azad olunmasına yönəldilmişdir. Azərbaycan dövləti torpaqlarımızın sülh yolu ilə azad olunmasının tərəfdarıdır. Lakin aprel döyüşləri bir daha təsdiq etdi ki, Azərbaycan həm sülh, həm də müharibə yolu ilə torpaqlarını azad etməyə qadirdir. Aprel döyüşləri Azərbaycan ordusunun hərbi qüdrətini göstərdisə, Naxçıvan əməliyyatı Azərbaycan ordusunun nə qədər böyük manevr qabiliyyətinə malik olduğunu təsdiq etdi.”

Bəli, 100 illik tarixə malik olan Azərbaycan ordusunun Günnüt əməliyyatı Qarabağ zəfərinin xəbərçisidir. Güclü ordu quruculuğu, milli ordumuzun möhkəmlənməsi müasir Azərbaycanı xarakterizə edən əsas amildir.

Azərbaycan əsgərinin dediyi kimi:

Qanım üç rəngli bayraqda var olsun,
Vətənim Azərbaycan sağ olsun!


İnform.az

Baxış sayı: 113